Bakının Xətai prospektində hərəkətin təkmilləşdirilməsi məqsədilə yeni layihənin icrasına başlanılıb.
Baki-baku.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu layihə nəqliyyat axınlarının səmərəliliyinin artırılması, yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsi və alternativ nəqliyyat növlərinin təşviqini hədəfləyir.
Layihə çərçivəsində yolun həndəsi ölçülərindən optimal şəkildə istifadə olunmaqla hərəkət zolaqlarının sayı dəyişmədən yenidən bölgüsü aparılıb. Eyni zamanda, Mirəli Qaşqay küçəsi ilə kəsişmədən Koroğlu Rəhimov küçəsinə qədər olan hissədə ümumilikdə 1,9 kilometr uzunluğunda mikromobillik zolağı təşkil ediləcək. Mikromobillik vasitələri istifadəçiləri üçün təhlükəsiz və davamlı hərəkət şəraitinin yaradılması məqsədilə səki ilə yolun hərəkət hissəsi arasında parklanma yerləri yaradılacaq.
Nurəddin Süleymanov küçəsi ilə kəsişmədən Dəmirçizadə küçəsinə qədər olan yol sahəsində 316 parklanma yeri təşkil olunur.
Prospektdə piyadaların hərəkət intensivliyi nəzərə alınmaqla eyni səviyyəli piyada keçidlərinin təşkili nəzərdə tutulur. Bununla yanaşı, ictimai nəqliyyatdan istifadənin rahatlığını artırmaq məqsədilə dayanacaq məntəqələrinin yerləşməsi optimallaşdırılacaq.
Layihənin icrası zamanı standartlara uyğun işıq qaytarma qabiliyyətinə malik yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin çəkilməsi təmin ediləcək.