Bakı haqqında danışanda az adam bilir ki, bu şəhərin son iyirmi ilinin ən böyük şəhərsalma hekayələrindən biri əslində bir rəng ziddiyyəti üzərində qurulub: “Qara Şəhər” və “Ağ Şəhər”. Bu, sadəcə bədii metafora deyil, konkret coğrafi və tarixi reallıqdır. Paytaxtın şərq hissəsində, bir vaxtlar dünyanın neft emalı mərkəzlərindən biri olmuş ərazi bu gün hərfi mənada yenidən “rənglənir”.
Lakin “ağ şəhər” ifadəsi Bakıda iki istiqaməti əhatə edir. Birincisi konkret layihə olan “Bakı Ağ Şəhər” (Baku White City), 1650 hektarlıq ərazidə həyata keçirilən nəhəng urban transformasiya proqramıdır. İkincisi isə paytaxtın küçələrində onilliklər boyu aparılan fasad-təmiri və rəngləmə siyasəti, yəni Bakının vizual olaraq “ağardılması”dır.
Baki-baku.az bu yazıda hər iki qatı “Ağ şəhər” layihəsinin formalaşma tarixinə nəzər salır.

“Qara şəhər”in mirası
Əvvəlcə “qara”ya qayıtmaq lazımdır. Bu ərazi ilk neft canlanmasının mirası kimi XIX əsrin sonunda Bakının şərq hissəsində formalaşıb. Nobel qardaşları, Rotşild ailəsi və digər xarici sərmayəçilərin regiona axını nəticəsində burada neft emalı, saxlanması və nəqli ilə məşğul olan zavodlar, anbarlar cəmləşmişdi. 1846-cı ildə Bibiheybətdə dünyada ilk mexaniki üsulla qazılmış neft quyusunun istifadəyə verilməsi Bakını qlobal enerji mərkəzlərindən birinə çevirmişdi. Bu sürətli sənayeləşmə isə şəhərin demoqrafik və məkan strukturunu köklü şəkildə dəyişmişdi. XIX əsrin ortalarında təxminən 13 min nəfər olan əhali XX əsrin əvvəlində 200 minə yaxınlaşmışdı. Bir əsrdən artıq fəaliyyət göstərmiş bu sənaye zonası nəticədə ekoloji baxımdan ağır çirklənmiş bir ərazi kimi qalmışdı.

Rəsmi qərar: 2006–2007-ci illər dönüş nöqtəsi
Layihənin institusional başlanğıcı dəqiq tarixlə bağlıdır. Bakı Ağ Şəhər Prezident İlham Əliyevin “2006–2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı”nın təsdiqi barədə Fərmanının icrası çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin 2007-ci il 11 iyun tarixli sərəncamına əsasən başladılan, Azərbaycandakı ən böyük miqyaslı şəhərsalma layihələrindən biridir. Yəni layihə əvvəlcə ekoloji sağlamlaşdırma tapşırığı kimi ərsəyə gəlib. Sənaye çirklənməsinin aradan qaldırılması dövlət siyasəti səviyyəsində qərara alınıb və yalnız bundan sonra tam miqyaslı urban proqrama çevrilib.
Miqyas həqiqətən böyükdür. Layihə 1650 hektar sahədə yerləşən şəhər mərkəzinin şərq hissəsinin bərpasını və inkişafını, eyni zamanda bu ərazinin Bakının yeni müasir mərkəzinə çevrilməsini nəzərdə tutur.

Konsepsiyanın memarlıq fəlsəfəsi
“Ağ Şəhər”in konseptual əsasında üç prinsip dayanır. Layihə müəlliflərinin özlərinin vurğuladığı kimi, memarlıq rəngarəngliyi, ekoloji uyğunluq və yeni ərazinin artıq mövcud olan şəhər ansamblına düşünülmüş inteqrasiyası konsepsiyanın formalaşmasında əsas istiqamətlər kimi götürülüb. Bu, sənaye keçmişini tamamilə “silmək” deyil, ona alternativ təklif etmək məqsədi daşıyırdı. Layihənin icrası ilə “Qara şəhər”in sənaye siması keçmişdə qalmalı və yerini harmoniya və rahatlıq məkanına verməli idi.
Vizual olaraq seçim aydın idi. Avropa, daha dəqiq desək, Fransız memarlıq ənənəsindən ilhamlanan, ağ fasadlı, orta mərtəbəli bina kompleksləri. Bir zamanlar neft quyularının qaraltdığı torpaqlarda bu gün bəyaz rəngli, Fransız üslublu möhtəşəm bir “renessans” yaradılıb. Şəhərsalma baxımından maraqlı olan odur ki, layihə hündür göydələnlər əvəzinə orta mərtəbəli, kvartal tipli sıxlığı seçib. Bu, təsadüfi qərar deyil, konkret sosial məntiqə əsaslanır. Dünya təcrübəsi göstərir ki, mərkəzdən kənarda uyğun infrastruktur olmadan tikilən yüksək mərtəbəli binalar zamanla “qettoya” çevrilə bilir, çünki zəif infrastruktur səbəbindən nisbətən varlı əhali oradan köçür və nəticədə azgəlirli təbəqələrin cəmləşməsi baş verir.

İlk daş: landmark bina və beynəlxalq tanınma
Hər böyük konsepsiyanın simvolik başlanğıc nöqtəsi olur. Ağ Şəhər üçün bu, 2014-cü il 24 dekabrda açılışı keçirilmiş Bakı Ağ Şəhər Ofis Binası oldu. Bu, təsadüfi seçim deyildi. Bina Britaniyanın “Atkins” memarlıq bürosu tərəfindən layihələndirilib, açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib. Ekoloji standartlara uyğun tikilən bina isə regionda BRE Global qurumunun BREEAM sertifikatına layiq görülən ilk bina olub. Beləliklə, konsepsiya ilk gündən özünü təkcə estetik layihə kimi deyil, beynəlxalq “yaşıl” standartlara cavab verən nümunə kimi təqdim etməyə çalışdı.
“Ağ Şəhər” konsepsiyası Bakının neft sənayesindən miras qalan ekoloji yaranı sağaltmaq cəhdi kimi başlayıb, beynəlxalq memarlıq standartlarına inteqrasiya vasitəsinə çevrilib. Sonda ortaya çıxan mənzərə budur: Bakı özünün “qara” sənaye keçmişini “ağ” gələcəyə çevirmək istəyir və bu keçid insana, tarixə və detala həssaslıqla formalaşır.