Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/28/2025

Paylaşın

MEMARLIQ

Bakının poetik küçəsi – İstiqlaliyyət

Leyli Salayeva

İstiqlaliyyət küçəsini Bakının ən poetik küçəsi adlandırmaq olarmı? Cavab öz-özlüyündə meydana çıxır. Ona görə yox ki, burada söz, elm və incəsənətlə bağlı binalar yerləşir. Küçənin özü də sanki şeiriyatdan ibarətdir. Başlanğıcından sonuna, qədim daşlarından ağacların tac hissəsinə kimi, abidələrdən xatirə lövhələrinə qədər – hər şey poeziya ilə nəfəs alır. Küçənin uzunluğu bir kilometr üç yüz metrdir. Əgər hər yüz metri bir misra kimi təsəvvür etsək, küçənin orta əsrlər fransız ədəbiyyatına aid 13 misralı rondel poetik formasına bənzədiyi görünür. Rondel kimi, bu küçə də bir halqa kimi qapanır – başlanğıcla sonu qovuşur, motivlər və obrazlar təkrarlanır, mənalar yenidən qayıdır.

İstiqlaliyyət – memarlıqla poeziyanın sintezindən yaranmış bir məkandır. Bu küçə XIX əsrin sonlarında, Bakının genişlənməyə başladığı dövrdə salınıb. İstiqlaliyyət küçəsi bu gün də memarlıq üslubunun bütövlüyünü və zərifliyini qoruyur, necə ki yaxşı yazılmış bir şeir öz formasını və ritmini olduğu kimi saxlayır. Burada milli-romantik üslubdan tutmuş barokko və neoqotikaya qədər müxtəlif üslublar hiss olunsa da, küçənin görkəmində klassik memarlıq üslublarına xas olan ardıcıllıq və əminlik duyulur. Bu da Azərbaycanın poeziyası ilə həmahəngdir – burada yeniliyə can atılsa da, daim klassik romantikanın motivləri, daxili dram və incə melanxoliya səslənir.

İstiqlaliyyət küçəsi sanki bir çay kimi şəhəri iki hissəyə bölür. Bir tərəfində yaşayış binaları, digər tərəfində isə dövlət qurumları yerləşir. Məhz burada fikrin formalaşdığı mənbələr toplanıb: Əlyazmalar İnstitutu, Milli Elmlər Akademiyası, iki universitet və gələcəyin şair və mütəfəkkirlərinin təhsil aldığı orta məktəb. Eləcə də Prezident Administrasiyası və Bakı Şəhər İcra Hakimiyyəti kimi strateji idarələr də məhz bu küçədə yerləşir. Bütün bunlar küçənin özünün düşünən, yazan, yaradan bir varlıq olması təəssüratını yaradır.

İstiqlaliyyət küçəsində gəzinti xüsusilə 28 may – Azərbaycan Respublikasının Müstəqillik Günü ərəfəsində rəmzi məna daşıyır. “İstiqlaliyyət” sözünün özü “müstəqillik” deməkdir. Bu, sadəcə coğrafi ad deyil, şəhərin toxunma strukturunda həkk olunmuş bir bəyannamədir. Necə ki, 1918-ci il Müstəqillik Bəyannaməsi Azərbaycanın öz yolunu seçmək iradəsini əks etdirirdi – sözlərdə, düşüncədə və şəhərin memarlığında bu çağırış bu gün də eşidilir.

Səyahətimizə Azərbaycan prospekti ilə kəsişmədə yerləşən “Monolit” binasından başlayırıq. Şairə Mirvarid Dilbazi bu binada yaşayıb. Tikinti işlərinə hazırlıq zamanı burada böyük bir qaya çıxıntısı aşkar olunmuş və bina məhz bu möhkəm təməl üzərində inşa edilmişdir. Bu səbəbdən ona “Monolit” adı verilib və bu ad dözümlülük və dayanıqlılıq rəmzinə çevrilib. Elə Mirvarid Dilbazi də belə bir simvol idi – o, Xalq şairi fəxri adına layiq görülmüş nadir qadınlardan biri idi. Onun şeirləri evlərdə, səhnələrdə səslənirdi, misralarına nəğmələr bəstələnirdi, bütöv bir nəslin sevgisini qazanmışdı. Uşaqlar üçün isə xüsusi bir hərarətlə yazırdı, onlara həsr olunmuş poetik silsilələr yaradırdı.

Mirvarid Dilbazinin şeirləri çoxlarının qəlbinə yol tapıb. “Mirvarid” adı, yəni “inci”, onun yaradıcılığının mahiyyətini — nurani, dərin və səmimi olmasını tam şəkildə əks etdirirdi. Onun portreti və kitabının təsvir olunduğu boz rəngli xatirə lövhəsi elə bil binanın fasadı ilə vəhdət təşkil edir. Bu da onun daxili möhkəmliyinə və poeziyasında, eləcə də Azərbaycanın mədəni irsində qoyduğu mənəvi təmələ simvolik bir işarədir.

İşıqforun yaşıl işığında yolu keçərək parkın içərisinə daxil oluruq və burada bizi Mirzə Ələkbər Sabir qarşılayır. Onun poeziyası siyasi və ictimai motivlərlə zəngin idi — Sabir Azərbaycan milli-azadlıq hərəkatının parlaq ifadəçilərindən biri olub. Onun heykəllə əbədiləşdirilmiş obrazı şəhərdə baş verən dəyişikliklərin canlı şahidinə çevrilib. Cahilliyi və cəmiyyətin eybəcərliklərini tənqid edən misraların müəllifi bu gün də məktəblilərin və tələbələrin yanından keçdiyini, maşınların yollarda şütüməsini səssizcə izləyir. “Formula 1” yarışları zamanı dünyanın ən sürətli bolidləri onun yanından çox yüksək sürətlə keçərək müasirliyin ruhunu və tempini asfalt üzərində iz kimi buraxır.

Sabirin hazırkı heykəlinin yerində bir zamanlar ayaqüstü qoyulmuş heykəli olub və sonradan Balaxanıya köçürülüb. Bu da onu göstərir ki, sanki Sabir davamlı olaraq baş verən dəyisikliklərdən və inkişafdan yorularaq dincəlməyə əyləşib.

Axşamlar isə ətrafdakı işıqlar işıq böcəkləri kimi sayrışmağa başlayan zaman Sabir sanki bir sehrbaza çevrilir. Onun yanından keçərkən salam vermək insan üçün istər-istəməz addımını yavaşıdır, yaxud da sadəcə bir anlıq dayanır — elə bil qarşısında mühüm bir söhbətə başlaya biləcəyi biri dayanıb.

Bir qədər irəlidə isə bizi İsmailiyyə binası qarşılayır. Bu tikili yalnız memarlıq gözəlliyini deyil, eyni zamanda yüz evin və cənnətdəki xüsusi güşənin rəvayətini özündə yaşadır. Bina vərəm xəstəliyindən vəfat edən oğlu İsmayılın xatirəsinə Musa Nağıyev tərəfindən inşa etdirilib. Oğlunu müalicə etdirmək üçün İsveçrə və İtaliyaya səfərləri zamanı Musa Nağıyev Venesiya üslublu Kontarini deli Skrinyi və Kontarini Korfu saraylarını görüb, Bakıda da bu cür memarlıq əsəri yaratmaq fikrinə düşüb.

Binanın layihəsi böyük polyak memarı Yozef Ploşkonun rəhbərliyi ilə venesiya qotika üslubunda hazırlanmış və Dogenlər Sarayının demək olar ki, surətinə çevrilmişdir. Binanın önündə İmam Əlinin hikmətli sözləri yazılmışdır: “İnsan istədiyinə yalnız öz zəhməti ilə nail olur. İnsan beşikdən məzaradək oxumalıdır. Müsəlmanlar! Sizin dövrünüz sizinlə ölür, övladlarınızı yeni dövrə hazırlıyın!”.

Bu memarlıq nümunəsinin yaranma tarixçəsi faciəli olsa da, bina zamanın sınaqlarına tab gətirərək, nur axtarışını özündə qoruyub saxlayır.

İsmailiyyə binası bir çox dəyişikliklərə – o cümlədən kiril qrafikasından latın qrafikasına keçidə – şahidlik edib. Bina və onun yerləşdiyi küçə, elə bil, bizə deyir: şəhərin dili dəyişə bilər, amma mahiyyəti dəyişməz qalır, onun yaddaşının və ruhunun bir hissəsi olaraq yaşayır.

Bir qədər irəliləyib, digər dahi şairimiz Hüseyn Cavidin yaşadığı evin qarşısında dayanırıq. Bu bina görkəmli azərbaycanlı neft sənayeçisi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa etdirilmiş və ilkin olaraq müsəlman qız məktəbi kimi nəzərdə tutulmuşdu. Oktyabr ayı poetik şəkildə “Cavidan” adlandırılırdı, çünki şairin ailəsinin bütün üzvləri bu ayda dünyaya gəlmişdi və indi bu ay onun adı ilə əbədi şəkildə bağlıdır.

Bu evdə hələ də Hüseyn Cavidin çalışdığı masa durur. Məhz həmin masanın gizli siyirməsi sayəsində şairin əlyazmaları axtarış zamanı möcüzəvi şəkildə qorunub saxlanılıb – sanki bu mebel parçası poeziya irsinin qoruyucusuna çevrilmişdi. Xüsusilə də sürgündən həyat yoldaşına yazdığı məktub çox duyğuludur; Cavid həmin məktubda ondan qovurma və nanəli konfetlər göndərməsini xahiş edir. Bu məktub şairin poetik obrazını adi insan reallığı ilə birləşdirərək, onu canlı, zərif və bəşəri bir varlıq kimi tanıdır.

Hüseyn Cavidin evindən uzaqlaşdıqca, baxışlarımız istər-istəməz Bakı Şəhər İcra Hakimiyyətinin — keçmiş Bakı Şəhər Dumasının binasındakı qüllənin eyvanından görünən kiçik səma fraqmentinə yönəlir. Gün batan çağda günəş şüası həmin eyvandan keçərək, sanki küçə ilə vidalaşır, onu zərif işıqlandırır və axırıncı dəfə qızılı rəngdə şüaları ilə hərarət bəxş edir.

Eyvanlı qüllə qürurla irəliyə doğru çıxır, sanki keçmiş zamanların gözətçi pəncərəsidir – oradan şəhərə və onun dəyişikliklərinə mənzərə açılır. Binanın üzərində Azərbaycan Respublikasının Dövlət Bayrağı dalğalanır və bu, memarlığa təntənəli bir vurğu əlavə edir. Fasadda isə bir vaxtlar masonlara aid edildiyi deyilən, hər şeyi görən gözün yerləşdiyi üçbucaqdan ibarət rəmz görünür. Elə həmin binanın önündə bu gün də Bakı şəhərinin gerbi saxlanılır. Gerbdəki üç qızılı məşəl — alovu, şəhərin ruhunu, keçmişini, bu gününü və gələcəyini simvolizə edir.

Şəhər meriyasının eyvanı sanki bir teatr səhnəsinə çevrilir — buradan sanki qarşıdakı binada yaşamış yazıçı, pedaqoq və maarifçi Nəriman Nərimanovun pyeslərindən parçalar səslənir. Narimanov da Sabir kimi cəhalətlə mübarizə aparırdı, dəyişikliyin baş verməsi üçün təhsili əsas vasitə hesab edirdi. Atasını itirdikdən sonra ailənin dayağına çevrilmiş və yaxınlarının xatirinə təhsilini davam etdirmək arzusundan müvəqqəti əl çəkərək, Borçalı qəzasının Qızılacallı kəndinə müəllim kimi yollanmışdı. Orada, kənd əhalisi arasında, məktəb təhsilinin qəbul edilmədiyi bir məkanda nadir maarif çırağına çevrilmişdi. Lakin bu fəaliyyət cəmi altı ay çəkdi. Məhz həmin təcrübə onun ilk dramatik əsəri olan “Cəhalət” pyesinin bünövrəsinə çevrildi.

Onun ən böyük arzusu Azərbaycan uşaqlarının savadlanması, təhsil alması idi. O, pedaqoji fəaliyyətini davam etdirməklə yanaşı, maarifləndirici materialların yaradılması ilə də məşğul olur, dərsliklər və dil öyrənmək üçün vəsaitlər yazırdı. Onun mühüm töhfələrindən biri Bakıda ilk pulsuz kitabxananın açılması oldu. Əvvəllər kitabxanalara giriş üçün böyük məbləğdə ödəniş tələb olunduğu halda, Nərimanovun kitabxanasında bu, rəmzi bir məbləğ idi və biliklərin əldə edilməsi hər kəs üçün əlçatan olmuşdu.

Nərimanov deyirdi: “İnsan tərəqqi üçündür, bu gün dünyaya gəlib-gedən, sonradan yeni dünyaya gələnə gərəkdir bir yol göstərsin, tainki yeni dünyaya gələnlər bunları insan görüb daha ziyadə tərəqqi edələr.”

Poetik gəzintimizin son məkanı, əvvəllər “Vahid Poeziya Evi” adlandırılan, hazırda isə “Rotonda Poeziya Evi” kimi tanınan məkandır. O, qədim Bakının qəlbində — bir vaxtlar Əliağa Vahidin adını daşıyan, hazırda isə Filarmoniya bağı kimi tanınan mənzərəli parkda yerləşir. Bu yaşıllıq guşəsi indi rəsmi olaraq adını dəyişsə də, böyük qəzəlxanın xatirəsi hələ də bu məkanda dolaşmaqdadır.

İnsanların burada, bağın səssizliyində sözlərin nəğməsini sanki dinləmək üçün toplandığını təsəvvür etmək çətin deyil, bu canlı dairənin mərkəzində isə poeziyanın özündən yoğrulmuş bir obraz kimi incə lirika toxuyan və ətrafı mənalarla, duyğularla zənginləşdirən Əliağa Vahid dayanır.

Bir zamanlar məhz bu məkanda şəhərin ən görkəmli abidələrindən biri — Vahidin heykəli ucalırdı. Daha sonra bu abidə İçərişəhərə köçürüldü və bu hadisə uzun müddət şəhər əhalisinin müzakirə və fərziyyə mövzusuna çevrildi. Vahidə həsr olunmuş heykəl sadəcə bir büst deyildi — onun xətt və formalarında şairin qəzəllərindəki obrazlar canlanır, sanki o, yaratdığı surətlərlə əbədi birliyə qovuşaraq Bakının poetik ruhunun ayrılmaz hissəsinə çevrilirdi.

Elə bu anda, Bakı Şəhər İcra Hakimiyyətinin saat qülləsi gecəyarısının gəlib çatdığını bildirir və zamanın dəyişdiyini xəbər verir.

İstiqlaliyyət – sadəcə keçib gedilən deyil, oxunan bir küçədir. Küçənin rəngarəng işıqlandırılması fərqli hisslər bəxş edir – poeziyanın sutkanın müxtəlif vaxtlarında oxunması kimi. Günün saatından və baxış bucağından asılı olaraq, bu küçə yeni mənalar və duyğular açır; bunlar bəzən aydın idrakla, bəzən isə mistik bir sirrlə müşayiət olunur.

Buradakı hər addım zamanda atılan addımdır – keçmişin gələcəklə qovuşduğu məqamdır. Axşamçağı kölgələr uzananda, işıq solğunlaşanda İstiqlaliyyət küçəsi sanki canlanır və qədim şeirlərini, onları dinləməyə hazır olanlara pıçıldayır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Heç düşünmüsünüz ki, niyə 1 saat 100 deyil, məhz 60 dəqiqədir?

Ən son

GÜNDƏM

Son vaxtlar Bakının müxtəlif ərazilərində çoxmənzilli yaşayış binalarını birələr basması ilə bağlı ciddi narahatlıqlar müşahidə

GÜNDƏM

Son vaxtlar Bakının müxtəlif ərazilərində çoxmənzilli yaşayış binalarını birələr basması ilə bağlı ciddi narahatlıqlar müşahidə