Bakının Səbail rayonunda yerləşən Azərbaycan İstiqlal Muzeyinin ətrafında ictimai məkana zərər vuran xoşagəlməz hal qeydə alınıb. İctimai ərazidə yerləşən baryer və tullantı qabının üzərinə boyalarla qadağan olunmuş simvollar çəkildiyi məlum olub.
Baki-baku.az-ın məlumatına görə, sözügedən hal həm şəhər mühitinin estetik görünüşünə xələl gətirib, həm də ictimai narazılığa səbəb olub. İctimai asayişin pozulması kimi qiymətləndirilən bu faktla bağlı məsələ aidiyyəti qurumların diqqətinə çatdırılıb.
Qısa müddət ərzində Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən operativ tədbirlər görülüb və boyalarla yazılan qadağan olunmuş simvollar tamamilə silinərək ərazi əvvəlki vəziyyətinə qaytarılıb.
Qeyd edək ki, ictimai məkanlarda bu cür simvolların çəkilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir və inzibati məsuliyyət yarada bilər. Aidiyyəti qurumlar tərəfindən bu kimi halların qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir.
