Bakının mərkəzində – Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 3 ünvanında yerləşən və XIX əsrə aid memarlıq abidəsi olan yaşayış binasının birinci mərtəbəsində yeləşən blokda pilləkən qəfəsi sökülüb, qanunsuz olaraq şərab mağazası və bar fəaliyyətə başlayıb.
Baki-baku.az xəbər verir ki, sahibkar 1896-cı ildə inşa edilən, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunan binaya ciddi müdaxilələr edib və bununla da, binanın konstruksiyasına zərər yetirib. Belə ki, binanın girişində dəyişikliklər edilib, parad pilləkənləri sökülüb, mərmər pilləkən götürülüb. Bundan əlavə tarixi binanın ümumi istifadə sahələri kommersiya məqsədilə istifadəyə verilib, orijinal memarlıq elementlərinə müdaxilələr edilib, tavana rəngli çil-çıraq asılıb və bar stilində dizayn edilib.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkara dərhal xəbərdarlıq edilib, qanunsuz olaraq quraşdırılan interyer elementləri sökülüb, ərazinin ən qısa zamanda əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı tapşırıq verilib.
Həmçinin bu qanunsuz əmələ hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə müraciət edilib.




