Böyük şəhərlərdə aşağı qiymətə kiçik mənzil tapmaq demək olar ki, mümkünsüzdür. Lakin Bakıda bəzi təkliflər kiçik büdcə ilə də olsa, öz evinizin sahibi olmağı mümkün edir.
Baki-baku.az xəbər verir ki, əmlak satışı ilə məşğul olan saytların birində şəhərin ən əlverişli mənzili satışa çıxarılıb. Sadəcə, 34500 manata prestijli “Hatai Residence”də, satıcı tərəfindən “mikromənzil” adlandırılan 1 otaqlı əmlakın sahibi ola bilərsiniz. Bu mənzilin sahəsi 10 kvadratmetrdir və 24 mərtəbəli binanın 22-ci mərtəbəsində yerləşir. Təbii ki, bunu tam qiymətli yaşayış sahəsi adlandırmaq çətindir, mənzil heç ideal görünmür. Lakin burada bütün əsas ehtiyaclar qarşılanıb: kiçik sanuzel, mini mətbəx və bir otaq var, Əlavə olaraq bu mənzildə artıq 300 manat aylıq ödəyən bir kirayənişin yaşayır. Beləliklə, bütün narahatlıqlara baxmayaraq, mənzildən gözəl bir mənzərə açılır və şəhərin mərkəzi görünür.
Gəlin, indi paytaxtın ən bahalı daşınmaz əmlakından danışaq. Bakı şəhərinin tam mərkəzində, “Port Baku Residence”də 3.400.000 manat qiymətində 5 otaqlı mənzil satışa çıxarılıb. Bu mənzilin sahəsi 264 kvadratmetrdir və şəhərin ən prestijli rezidensiyalarından birinin 14-cü mərtəbəsində yerləşir. Mənzilin hər otağında özünəməxsus sanuzeli var, əlavə olaraq, çamaşır otağı da mövcuddur. Daxili dizayn yüksək keyfiyyətli təmir ilə hazırlanıb, həmçinin ayrı bir bilyard zalı, cakuzisi var. Buradan şəhərə gözəl panoram açılır.
Fotolar emlak.az saytından götürülüb.
Ən ucuz və ən bahalı mənzilləri müqayisə etdikdən sonra qiymətlər, fikrinizcə, uyğundurmu?