Nəşr edilmişdir 06/23/2025

Paylaşın

GÜNDƏM

Bakının kirayə mənzil bazarında vəziyyət: Son beş ildə qiymətlər necə dəyişib? – ARAŞDIRMA

Hər il dəyişən, gözəlləşən və müasirləşən Bakı həm sakinlərin, həm də xaricilərin sevimli məkanına çevrilir. Bunun nəticəsində də paytaxt əhalisinin sayı sürətlə artır, yeni binalar tikilir. Sözsüz ki, bu artım kirayə mənzillərin də qiymətinə təsirsiz ötüşmür.

Baki-baku.az Bakıda kirayə mənzillərlə bağlı mövcud vəziyyəti araşdırıb.

Mövzu ilə bağlı açıqlama verən “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc əvvəlcə mənzillərin kirayə qiymətlərinin artım səbəblərinə toxunub.

O bildirib ki, kirayə qiymətlərinin artım səbəbi daxili və xarici amillərdən asılıdır: “Artım daxili səbəblərindən biri urbanizasiyadır. Urbanizasiya regionlardan, metropollardan əhalinin şəhərə, şəhər mərkəzinə doğru yönəlməsidir ki, bunun nəticəsində də şəhərlər böyüyür, yenidən formalaşır. Təbii ki, əhalı artdıqca kirayə tələbləri də artır və yeni iş yerlərinin yaranması ilə regionlardan Bakıya axın baş verir. Bu da kirayə qiymətlərinin artımına səbəb olur. Həmçinin demoqrafik dəyişiklik də mənzillərin kirayə qiymətlərinin artımına gətirib çıxarır”.

Artımın digər bir səbəbinin mövsümi dəyişikliklə əlaqəli olduğunu deyən Cəmiyyət sədri bildirib ki, burada iki amil mövcuddur: “Hər il təqribən 50 min yeni abituriyent tələbə adını qazanır. Təhsil müəssisələrinin əksəriyyəti Bakı şəhərində olduğuna görə, tələbələr paytaxta axın edirlər və kirayə mənzil və yaxud fərdi yaşayış evi axtarışına başlayırlar. Bu da təbii ki, kirayə bazarında mövsümi qiymətlərin artımını stimullaşdırır. Digər mövsümi amil isə yay aylarında Bakı kəndlərində və qəsəbələrində yerləşən, dənizə yaxın ərazilərdə kirayə bağ evlərinə tələbatın artmasıdır. Bu, mövsümi xarakter daşısa da, yay bitdikdən sonra qiymətlər ucuzlaşmır. Əksinə, stabil qalır və növbəti mövsümdə yenidən bahalaşır. Səbəb isə ölkə iqtisadiyyatının böyüməsi, tələblərin artması, zövqlərin yenilənməsidir. İqtisadiyyat böyüdükcə manatın alıcılıq qabiliyyətində də dəyişikliklər baş verir. Nəticədə bütün evlər və mənzillər bazara daha yeni qiymətlərlə təklif olunur”.

V. Oruc qeyd edib ki, qiymət artımının növbəti səbəblərindən biri qlobla amillərdir: “Bölgədə baş verən hadisələr bu prosesdə çox böyük rol oynayır. Bakının təhlükəsiz, stabil şəhər olması regionda ba verən hadisələr fonunda xaricilər üçün daha cəlbedici görünür. Nəticədə də paytaxta gələn əcnəbilərin sayı artır və bu da məzillərin kirayə qiymətlərinin artımına gətirib çıxarır. Ümumiyyətlə regionda baş verən hadisələr daşınmaz əmlak bazarını birbaşa təsirə məruz qoyur”.

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti”nin sədri son olaraq kirayə qiymətlərə təsir edən amil kimi iqtisadi faktorları göstərib: “Daşınmaz əmlak bazarı investisiya cazibədarlığına görə digər bazarları və digər fəaliyyət növlərini geridə qoyur. Belə ki, son dövrlərdə daşınmaz əmlaka investisiya yatırımı daha da artıb. Ölkədə artıq daşınmaz əmlak biznesi formalaşır. Yəni mənzillər alınır, kosmetik təmir işləri aparılır və onların kirayə verilməsi halları müşahidə edilir. Bu da təbii ki, qiymətlərin artmasına səbəb olur. Artıq Bakı şəhərində fərdi yaşayış evlərinin, bağ evlərinin tikilməsi də bu istiqamətdə aparılır və kirayə mənzil biznesinin inkişafına çox böyük şərait yaradılır”.

O, son 5 ildə baş verən artımı da diqqətə çatdırıb.

“2021, 2022, 2023, 2024 və 2025-ci illərdə kirayə mənzil bazarında artım tendensiyası mərkəzlərdə aşağı sürətlə, bir az mərkəzə yaxın və Bakının ucqar ərazilərində isə daha böyük templə baş verdi. Çünki mərkəzdə qiymətlər yüksək olduğuna görə müraciətlərin əksəriyyəti Bakı şəhərinin kənarlarına doğru istiqamətləndi. Nəticədə həmin ərazilərdə kirayə mənzil qiymətləri mərkəzdəkilərə yaxınlaşdı. Beş il əvvəllə müqayisədə qiymətlər ərazilərdən asılı olaraq təqribən 45-70 % arasında artıb. Bəzi yerlərdə hətta 70 %-i də üstələyib. Bu, təqribən hər il kirayə bazarında qiymətlərin 7-12 % arası artımı deməkdir. Daha əvvəl qeyd etdiyimiz amillərə əsasən də deyə bilərik ki, qiymət artımı yenə də davam edəcək”, – deyə Cəmiyyət sədri vurğulayıb.

V. Oruc son 5 ildə Xətai rayonunda mənzillərin kirayə qiymətini də qeyd edib: “2021-ci ildə Xətai rayonu ərazisində bir otaqlı mənzilin kirayə qiyməti 400 manat idisə, 2021-ci ildə 450-500 manat, 2022-ci ildə 500-550 manat, 2023-cü ildə 550-600 manat, 2024-cü ildə 600-650 manat və hazırda təqribən 700 manat civarındadır. Bununla da hər il stabil olaraq qiymətlər artdığını görürük. Kirayə qiymətlərinin yüksək olduğu rayonları qeyd etdikdə biz Səbail, Xətai, Nərimanov və bir də Nəsimi rayonlarının adlarını çəkə bilərik. Artımın tendensiyasına gəldikdə isə sürətli artıma görə Nərimanov rayonu, Xətai rayonu, Yasamal rayonu, Nizami rayonu qeyd olunmalıdır. Bu rayonlarda daha çox müraciətlər olduğuna görə kirayə qiymətlərinin artımı daha yüksək templə müşahidə olunur”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hazırda sərnişin tələbatına əsasən marşrutda 20 avtobus istismar edilir

Ən son

ETNOQRAFIYA

Bakılı qadın anlayışı: stereotip və gerçəklik