Yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakının çimərliklərində sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqlər aparıb.
Baki-baku.az xəbər verir ki, məlumata əsasən, monitorinqlər zamanı dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəriciləri laboratoriya üsulları ilə tədqiq edilib. Araşdırmalar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin mütəxəssisləri ilə birgə həyata keçirilib.
May ayından etibarən aparılan müayinələrə Bakı şəhərinin Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Novxanı, Görədil, Nardaran, Bilgəh, Pirşağı, Şıx, Sahil kimi çimərlik əraziləri daxil edilib.
Belə ki, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərliklərindən götürülən su nümunələrində normadan artıq bakterioloji çirklənmə aşkarlanıb.
Bu ərazilərdə suyun çirklənmə səviyyəsinin əhalinin sağlamlığı üçün təhlükə yaratdığı və yoluxucu xəstəliklərin yayılmasına səbəb ola biləcəyi bildirilib. Bu səbəbdən qeyd olunan çimərliklərdə istirahət etmək tövsiyə olunmur.
Monitorinq nəticələri əsasında Azərbaycan Respublikasının “Su Məcəlləsi”nin 42-ci maddəsinə uyğun olaraq, Dövlət Su Ehtiyatları Agentliyinə çimərliklərdən istifadənin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı tədbirlərin görülməsi üçün rəsmi müraciət hazırlanır.