Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/24/2025

Paylaşın

TARİXİMİZ

Bakının dağıdılan əzəməti – Aleksandr Nevski Kilsəsinin kədərli hekayəsi

Aleksandr Nevski Kilsəsi

Bir zamanlar Zaqafqaziyanın ən böyük, Rusiya imperiyasında isə İsa Məsihin Məbədindən sonra ikinci ən iri kilsə olan Aleksandr Nevski kilsəsi Bakıda yerləşirdi. O, möhtəşəmliyi, dəbdəbəsi, qeyri-adiliyi və nəhəngliyi ilə diqqət çəkir, Bakının, hətta ona yaxın ərazilərin bir çoxundan görünürdü. Dəniz kapitanları Bakıya kursu kilsənin günbəzi ilə müəyyənləşdirirdilər. Bu kilsəyə baxmağa insanlar dörd bir tərəfdən gəlir, fotolarını çəkirdilər. Maraqlısı budur ki, deyilənlərə görə, 1700 nəfərlik tutuma malik bu məbədə həm müsəlmanlar, həm xristianlar gəlirdi.

Kilsə tikintisinin tarixçəsi – mübahisəli yer seçimi

Bakıda İçərişəhərdə şəhərin əsas kilsəsi – Müqəddəs Nikolay kilsəsi mövcud idi. Lakin şəhərin xristian əhalisi üçün kiçik idi. Və beləliklə, yeni böyük bir kilsənin tikintisi ideyası XIX əsrin 70-ci illərinin əvvəlində – neft bumunun başladığı bir dövrdə meydana çıxdı. 16 iyun 1879-cu ildən Bakıda yeni kilsənin tikintisi üçün ümumi ianə yığımı elan edildi. Lakin 1886-cı ilə qədər bu ianə kampaniyası ilə cəmi 8 min rubl toplanmışdı. 1880-ci illərin əvvəlində, Qafqazın baş rəisi knyaz Dondukov-Korsakovun dövründə, keçmiş gömrük idarəsinin rəisi K.F.Spasski-Avtonomovun təşəbbüsü ilə Bakının pravoslav icması yeni kilsə üçün yer ayrılması barədə knyaza dəfələrlə müraciət etmişdi. Yeni məbəd üçün ərazini protoiyerey O. Lyapidevski təklif etmişdi. Lakin həmin yerdə köhnə müsəlman qəbiristanlığı yerləşirdi və bu ərazinin qala ətrafı meydan kimi ayrılmasından sonra orada dəfnlər qadağan edilmişdi. Meydanda isə həftə içi bazar qurulur, həftə sonları isə mal-qara satılırdı. Duma bu yerin kilsəyə verilməsi ilə razılaşmır, başqa yerlər təklif edir, qərarını isə belə əsaslandırırdı ki, qəbiristanlıqda dəfnlər yalnız 1859-cu ildən etibarən dayandırılıb və burada dəfn olunanların qohumları hələ də sağdır.

H.Z.Tağıyev Teatr meydanını təklif etsə də, həmin yer 1882-ci ildə Bakı qubernatoru olan baron fon Qrostalın xoşuna gəlmədi. Bundan sonra Şamaxı yolu yaxınlığında və ya Vağzal meydanında yer ayrılması da təklif olundu, lakin pravoslav ruhaniyyəti bu yerləri məsafəyə görə məqsədəuyğun saymadı. Ardınca daha bir təklif gəldi ki,  kilsə Kolyubakin meydanında (parapet) tikilsin. O da ərazisinin kiçik olması bəhanəsi ilə qəbul edilmədi. Bu arada, Pravoslav ruhaniyyəti israr edir, köhnə qəbiristanlıqdan başqa heç bir variantı qəbul etmək istəmirdi. Danışıqlar uzun çəkdi. Və nəhayət, 1883-cü ildə Gürcüstan ekzarxı arxiyepiskop Pavelin Bakıya səfəri zamanı yerin seçilməsi qəti şəkildə təsdiqləndi. 1885-ci ildə isə Dondukov-Korsakovun müraciəti qəbul edildi və Dumanın və İdarənin etirazlarına baxmayaraq, həmin ərazi kilsə tikintisi üçün rəsmi şəkildə ayrıldı. 17 mart 1886-cı ildə tikinti komitəsi yaradıldı. İyulun 10-da isə kilsə tikintisinə icazə verildi.

Aleksandr Nevski Kilsəsi

Kilsənin təməlqoyma mərasimi

Kilsənin təməlqoyma mərasimi isə 1888-ci ilin payızında Qafqaz səfərinə çıxmış imperator III Aleksandrın, onun ailəsinin və müşayiət edən şəxslərin Bakıya gəlişi zamanı baş tutdu. İmperatorun qatarı oktyabrın 8-də Bakıya çatdı. Həmi gün imperator III Aleksandrın, gələcək imperator II Nikolayın, böyük knyaz Georginin, imperatriça Mariya Fyodorovnanın, knyaz Dondukov-Korsakovun iştirakı ilə Gürcüstan ekzarxı tərəfindən knyaz Aleksandr Nevski adına yeni pravoslav Bakı kilsəsinin təntənəli təməlqoyma mərasimi keçirildi. Bu hadisə Bakı tarixinin ən böyük və yaddaqalan hadisələrindən biri idi.

“Kaspi” qəzeti yazırdı ki, “təməl qoyulacaq yerə müqəddəs su çiləndikdən sonra Gürcüstan ekzarxı, yüksək hörmətli Palladiy, Kilsə nizamnaməsinə əsasən məbədin təməlində gümüş camda reliklər (Xristianlıqda Məsih və müqəddəslərlə əlaqəli və ya onlardan qalmış müqəddəs əşyalar və ya parçalar) yerləşdirdi. İmperator ailəsinin üzvləri isə təməlqoyma ili təsviri olan xatirə sikkələri və ilk daşları qoydular. Protoiyerey isə məbədin inşası barədə mətnin yazıldığı bürünc lövhəni oxudu. Həmin lövhənin də təməldə qoyulması nəzərdə tutulurdu”.

Amma bakılıların bu təməlqoyma mərasimi ilə bağlı öz xatirələri var. Deyilənlərə görə, İmperator təmələ bir qızıl, H.Z.Tağıyev isə bir kisə qızıl pul atıb.

İmperator isə fərman verdi: “Kilsə öz əzəməti, gözəlliyi və interyerinin zənginliyi ilə heyran etməlidir”.

Çarın Bakıya gəlişində bir məqam da yaddaqalan olur: Onu qarşılamaq üçün əsas sima H.Z.Tağıyev seçilir. Deyirlər, qarşılanma mərasimində hər kəs papağını çıxarıb Çara təzim edir. Təkcə Tağıyev papağını çıxarmır. Çar ona papağını çıxarmadığı üçün acıqla baxır və soruşur: “Çey vı podonnıy?” (Siz kimin rəiyyətisiniz?) Qubernator Hacıya pıçıldayır: “de ki, ya padonnıy vaşeqo veliçestvo” (Siz əlahəzrətin təbəəsiyəm). Hacı Zeynalabdin öz bildiyi kimi deyir: “Ya podannıy Ruskoy İmperii”. H.Z.Tağıyev öz əzəmətini və qürurunu çarın qarşısında belə uca tutur.

Aleksandr Nevski Kilsəsi

İanə, maliyyə yardımı və qədim qəbirlər

1889-cu ildə Spasskaya və Kolyubakin küçələrinin kəsişməsində günbəzli kiçik Aleksandr Nevski ibadətgahı tikildi. Həmin il məbədin inşasına dövlət xəzinəsindən maddi yardım göstərilməsi üçün vəsatət qaldırıldı və 1890-cı ildə bu vəsatət təmin olundu – 300 min rubl ayrıldı. Qeyd edək ki, ondan əvvəl şəxsi ianələr hesabına (19 min rubl) tikintiyə artıq başlanmışdı. Bir müddət sonra toplanan və ayrılan vəsait çatmadı, və 1897-ci ildə xəzinədən əlavə 60 min rubl ayrıldı. O dövrün bakılıları deyirdilər ki, tikintiyə ən böyük ianəni təxminən 150 min rubl həcmində məhz müsəlmanlar edib.

Təməl üçün xəndək qazıldıqca ərazidə çoxlu küp qəbirləri, yəni islamdan öncəki dövrə aid dəfnlər aşkar edilmişdi. Onlarım içərisindən çoxlu bəzək əşyaları, qab-qacaq, silah və s. çıxmışdı. Bundan başa, daş qutu şəklində qədim qəbirlər, eləcə də iri təndiri xatırladan qəbirlər də aşkar edilmişdi. Tikinti dayandırıldı və təcili olaraq Sankt-Peterburqdan mütəxəssislər çağırıldı. Bəzi məlumatlara görə, dəfn yerlərinin öyrənilməsi işləri yarım ildən çox davam etmiş və çoxlu artefaktlar Rusiyaya aparılmışdı.

Aleksandr Nevski Kilsəsi

Kilsənin tikintisindəki çətinlik və maneələr

Məbədin layihəsi Bakıda doğulmuş, akademik-memar Robert Marfeldə məxsus idi. Bu layihə 1889-cu ildə “Zodçiy” jurnalında dərc olunmuşdu.

Sıfırdan işləri quberniya idarəsinin tikinti şöbəsində çalışan kollej katibi, mülki mühəndis D.D. Buynovun rəhbərliyi ilə başlamış, təmir-tikinti işlərinin podratçısı isə S.Pavlov idi. 1891-ci ilin iyulunda məbədin tikintisinə rəhbərlik etmək üçün Peterburqdan memar D.A.Tesmin dəvət olundu. Lakin o, Bakıya gəlib iş həcmini gördükdən sonra bu işə rəhbərlik etməkdən imtina etdi. Başqa bir məsələ də vardı. Marfeld məbədin dekorunda Rusiyada geniş yayılmış gips ornamentlərdən istifadə etməyi planlaşdırırdı. Lakin qərara alınmışdı ki, Bakı kilsəsi məhz yerli daşoyma ənənəsinə uyğun inşa olunsun. Bu isə layihəni daha da çətinləşdirirdi. Tesminin əvəzinə başqa mütəxəssis göndərilsə də, o da imtina edir. Həm işlərin rəhbəri, həm də podratçı uzun müddət tapıla bilmədiyindən işlər dayanır.

1892-ci ilin martında Marfeldin tövsiyəsi ilə Bakıya gənc, iddialı, istedadlı bir polyak memarı İosif Qoslavski gəlir. Qoslavski, demək olar ki, mümkünsüzü mümkün etdi. Və bu kilsə onun Bakıda onun ilk işi oldu. Qoslavski burada işləri demək olar ki, sıfırdan başladı. Ona görə ki, Marfeld ona Peterburqdan yalnız kilsənin sxemini göndərmişdi. Gənc memar həm plan və çertyojlar çəkir, hər şeyi nəzarətdə saxlayır, qısası bütün işlərə özü rəhbərlik edirdi. Onun göstərişi ilə 22 sentyabr 1892-ci ildə tikinti meydançasında “daşyonma dəzgahını işlətmək üçün buxar mühərriki quraşdırıldı, quyulardan su çəkildi, karxanalarda daşın çıxarılması asanlaşdırıldı. Bütün bunlar tikintinin müddətini qısaldırdı.

Məbədin möhtəşəmliyi

Məbəd üçhissəli idi və üç prestolu vardı: əsas prestol – böyük knyaz Aleksandr Nevski adına, yan prestollar isə Müqəddəs Nikolay və Müqəddəs həvari Varfolomey adına idi. Hündürlüyü əsas xaçla birlikdə 81 metr idi. Kilsənin özü yerdə əzəmətli,

günbəzi isə səmada möcüzəvi bir görünüş yaradırdı. 1000 pudluq böyük və 150 pudluq kiçik zənglər P.N.Finlandski adına Moskva zəng-tökmə zavodunda hazırlanmışdı. Qeyd edək ki, zəng səslərinin əzəmətli olması üçün hazırlanması zamanı qızıl və gümüşdən də istifadə edilmişdi. Deyilənlərə görə, bundan ötrü də ianə toplanmışdı. Həmin zənglər 1897-ci ilin yanvarında quraşdırılmışdı.

Tikintinin yekunu və təqdis mərasimi

Kilsənin tikintisi 1898-ci ilin əvvəlində tamamlandı. Məbədin ətrafının abadlaşdırılması məqsədilə ağaclar əkildi və gül-çiçək klumbaları salındı.

Kilsənin təqdis mərasimi 1898-ci ilin 8 oktyabrına – yəni təməlin qoyulmasından düz on il sonrasına təyin edilmişdi. 7 oktyabr axşamı Gürcüstan ekzarxı tərəfindən möhtəşəm dini ayin icra olundu; müqəddəs mərasimə çoxlu sayda insan toplaşmışdı. Təqdislə bağlı ayinlərə və ilahi liturgiyaya yüksək vəzifəli şəxslərlə yanaşı, milliyətindən və dinindən asılı olmayaraq çox böyük izdiham qatılmış, kilsəni, onun papertini və həyətini tam doldurmuşdu. Qeyd edək ki, o dövrdə Bakı yeparxiyası Tiflisə tabe idi. Elə həmin gün ekzarxın şərəfinə 240 nəfərlik ziyafət verildi.

Daha sonra kilsənin yerləşdiyi meydan Yeni Kilsə Meydanı adlandırıldı. O, Fars, Spasskaya, Vranqel və Kolyubakin küçələri arasında yerləşirdi. Meydanın sahəsi çox böyük, təxminən 20 min kv.m. idi.

Kilsənin tarixə çevrilməsi

1936-cı ildə (bəzi mənbələrə görə, 1937-ci ildə) kilsə stalinist hökumət tərəfindən dağıdıldı. Bu, bir vandalizm aktı idi. Kilsənin yerində təhsil və tibb müəssisələri tikildi. Keçmiş Kolyubakin küçəsi boyunca 189 nömrəli məktəb, keçmiş Vranqel küçəsi boyunca 190 nömrəli məktəb inşa edildi. Sonralar həmin ərazidə Spasskaya boyunca daha bir məktəb tikildi və 190 nömrəli məktəb ora köçürüldü; onun köhnə binasında əvvəlcə 26 nömrəli məktəb, sonra isə Bülbül adına musiqi məktəbi yerləşdi. Həmçinin uroloji xəstəxana tikildi.

Aleksandr Nevski Kilsəsi

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, şair bu gün yaşadığı evdə dünyasını dəyişib
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin