Dos., t.ü.f.d. İradə Məmmədova,
Azərbaycan Milli Elmlər Akademiyası, A.A.Bakıxanov adına Tarix İnstitutu
Polkovnik Kloud Beyfild Stoks ingilislərin 4 avqust 1918 ildə Qəzvindən Bakıya gəmi ilə gələn ilk ekspedisiyanın rəhbəri olmuşdur. Onun şəxsi arxivində Bakının azad edilməsi ərəfəsində İngilislərin Qafqaz Ordusu Qərargahı Kəşfiyyat İdarəsinin Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusunun əməliyyatları, eyni zamanda ingilislərin buradakı fəaliyyətləri haqqında məlumatlarını əks etdirən çox sayda sənədlər vardır.
1918-ci il avqustun 13-də Nuru Paşanın əmri ilə Azərbaycan korpusu ləğv edildikdən sonra, onun tabeliyində olan bütün hərbi hissələr birbaşa Qafqaz İslam Ordusunun komandanlığına tabe edilmişdi. 1918-ci ilin avqust ayının axırı, sentyabr ayının birinci yarısında Qafqaz İslam Ordusunun quruluşunda edilən dəyişikliklər əsasən Bakıya qəti hücümla bağlı idi. Sentyabr ayının 9-10 tarixlərində Süleyman İzzət bəyin komandirliyi altında 15-ci firqə Bakı ətrafına çatmış və Qafqaz İslam Ordusunun tərkibinə daxil olmuşdu. Qafqaz İslam ordusunun hissələri Bakıya hücüm üçün hazırlıqlar görür, eyni zamanda ingilis qüvvələrinə dair kəşfiyyat məlumatları toplayırdılar.

İngilislər də öz növbəsində Qafqaz İslam Ordusuna dair kəşfiyyat məlumatları toplayırdılar. K. Stoksun şəxsi arxivindəki 12 sentyabr 1918-ci il tarixli türk ordusuna dair tam məxfi sənəddə hava və casus məlumatları yer almışdır. İngilislər 11 və 12 sentyabrda 3 dəfə havadan kəşfiyyat aparmışdılar. 11 sentyabrda saat 14.30-da Buta və Bakının Uşu-Şabanlar-Atəşgah marşrutu üzrə həyata keçirilən hava kəşfiyyatı zamanı Buta stansiyasındakı və Şabanlardan Qobu kəndi istiqamətindəki yolda dayanan hissələrə bomba atılmış, göstərilən yerlərdə türk ordusunun xüsusi olaraq cəmlənməsi və hərəkəti qeydə alınmamışdı. Bundan başqa ingilislər 12 sentyabrda Bakı-Binəqədi-Masazır-Xırdalan-Hökməli-Qobu-Güzdək-Buta-Bakı marşutu ilə aparılan havadan kəşfiyyat zamanı Böyükdağın şimal ətəyində türk ordusunun cəmləndiyini, Güzdəkdən Qobuya gedən yol boyunca həm təkərli, həm də yük nəqliyyat vasitələrinin hərəkət etdiyini qeydə almışdılar. İngilislər arxa cəbhədə, Güzdək-Qobu-Hökmalı bölgəsində böyük canlanma müşahidə edildiyi və Güzdəyin bomba atmaq üçün əlverişli yer olduğunu bildirirdilər.
İngilislərin hər fürsətdə türk birliklərinin üzərindən təyyarə ilə kəşfiyyat uçuşları həyata keçirir və onları itkiyə məruz qoymağa çalışırdılar. Stoks 12 sentyabrda Bakı-Buta-Hökməlı-Bakı marşrutu ilə hərəkət edərək Buta stansiyasının yanında 9 bomba atdıqlarını, bu bombaların 4-nün stansiya yaxınlığındakı dəmiryol xəttinə düşdüyünü, biri 30, digərləri də 14-18 vaqon olmaqla 3 hissədən ibarət yük qatarlarının olduğunu xəbər verirdi. Məlumatda stansiyanın arxasında, yük qatarlarının 24 vaqondan ibarət, onun yanındaki başqa bir dəmiryolu xətti üzərində paravoz ilə birlikdə 6 zirehli vaqon olduğu bildirilirdi. Güzdək yüksəkliyinə bir bomba atıldığı, həmin bombanın dəmiryolu xəttinə düşdüyü, Qobu kəndindən Çobandağa doğru gedən yolda dağınıq halda qəfilənin hərəkət etdiyi, tək-tək süvarilərin və 20-30 adamdan ibarət piyada dəstələrinin hərəkətlərinin qeydə alındığı xəbər verilirdi. Eyni zamanda Çobandağdakı batareya və yamac boyunca mövqelərə 4 bomba, Hökməli kəndinə iki bomba atıldığı, kənddən Xırdalan istiqamətində sayı eskadrondan çox olan süvari dəstəsinin çıxdığı, Butanın bombalanması zamanı rotanın yarısına yaxın adamın tələsik çölə doğru qaçdığı da kəşfiyyat məlumatında yer almışdır. Şimal tərəfdə Qobu kəndinin yanında düşmən qoşununun düşərgəsinin olduğu, 5 sentyabrda çadırların sayının çoxaldığı bildirilirdi.

İngilis casus məlumatlarına görə əməliyyatlarda iştirak edən türk qoşunlarının tərkibi əsasən ərtaf ərazilərin tatarlarından (Azərbaycan Türkləri- İ.M.) ibarət idi, nizami qoşunun tərkibini isə həmin zamanadək toxunulmamış ehtiyat dəstələri təşkil edirdi. Maştağa cəbhəsində bu dəstələrə əvvəllər rus ordusunda xidmət etmiş gürcü zabitlərinin rəhbərlik etdiyi bildirilirdi. Türk düşərgəsi ilə əlaqənin Lənkəran vasitəsilə Bakıdan Muğan düzünə gedən müsəlmanların köməkliyi ilə yaradıldığı ingilis casusları tərəfindən təyin olunmuşdu. Həmçinin 100 nəfərdən ibarət türk dəstəsinin saat 7.30-da Buta stansiyasından şimala doğru getdiyi, qalanlarının isə yerində qaldığı bildirilirdi.
Tiflisdən olan casus, türklərin nəyin bahasına olursa olsun Bakını almaq istədiklərini xəbər verirdi.
Qafqaz Ordusu Qərargahının kəşfiyyat şöbəsinin 13 sentyabr 1918-ci il üçün düşmənə dair tam məxfi məlumatlarının 3 saylı məlumat vərəqində 3 cür – ordu və hava yolu ilə kəşfiyyat, 10 sentyabra olan casus məlumatları yer almışdır. Sənədin ordu kəşfiyyatı bölümündə 11 sentyabr saat 9.30-da mərkəz döyüş sahəsində türk qüvvələrindən bir neçə nəfərin Çobandağ yüksəkliklərində hərəkət etdiyinin qeydə alındığı, ingilislərin 5-ci batareyasının yüksəklikdə iş görməyə çalışanları atəşə tutduğundan onların işi dayandırdığı məlum olur. Həmçinin kəşfiyyat məlumatlarında ingilislərin sentyabrın 13-də briqadanın sol sahəsinə doğru yaxınlaşan türklərin kəşfiyyat dəstəsinin atəşə tutulduğu, ingilislərin itki vermədiği, qalan bütün sahələrdə isə bütün gecənin sakitlik hökm sürdüyü bildirilirdi.
13 sentyabrda havadan həyata keçirilən kəşfiyyat məlumatlarına görə, ingilis təyyarəsi saat 8.15-də havaya qalxmış, Buta-Güzdək-Atəşgah-Çobandağ-Qobu-Xırdalan marşrutu üzrə uçaraq Buta stansiyasında paravozu olmayan iki böyük tərkibdə vaqonları qeydə almış, onları bombalamış, Qobu kəndindən olan yol boyunca ayrı-ayrı arabaların cəbhəyə doğru müəyyən hərəkəti, cəbhə boyunca yollarda hər iki tərəfdə müəyyən hərəkət, Atəşgah dağının arxasında çox sayda piyadaların, Qobu kəndi yaxınlığında çox saylı süvarilərin cəmlənməsi qeydə alınmış, ora bombalanmış, Çobandağda və Xırdalan kəndində böyük canlanma müşahidə edilməmiş, təyyarə saat 9.55-də yerə enmişdir.
10 sentyabrda alınan casus məlumatlarına görə, türklər Bakı cəbhəsini 2700 süngü və müxtəlif kalibrli 20 topla möhkəmləndirmək istəyir və bu kömək 19 sentyabrda Qara Dəniz tərəfdən gəlməlidir.

Yerli sakinlərdən alınan kəşfiyyat məlumatlarında Qafqaz İslam Ordusunun qüvvələri, mövqeləri və düşərgələrinə dair ingilislər üçün vacib olan məlumatlar vardı. Bu məlumatlara görə Binə kəndi bölgəsində quyuların yanında bir neçə top və pulemyot, türk, ləzgi və yerli müsəlmanlardan ibarət 300 nəfərlik piyada dəstəsi yerləşmişdir. Top və pulemyotların yanında xidmət edənlərin sırasında alman və avstriyalılardan ibarət keçmiş hərbi əsirlər də vardı. Binə kəndinin qarşısında insan boyu hündürlüyündə 6 bütöv səngərin qazıldığı və bu səngərlərin kənarlarında evlərin (blindajlar, yəni səngərlərdə top gülləsindən qorunmaq üçün sipər) yerləşdiyi, səngərlərdə top mərmisindən qorunmaq üçün dərin oyuqların qazıldığı bildirilirdi. Bu səngərlər yerli tatarlar və İran təbəələri tərəfindən hər gününə 10 rubl almaq şərti ilə qazılırdı. Daha sonra hər kənd üzrə aşağıdakı şəkildə məlumatlar yer alır:
“Maştağada iki top və səkkizə qədər pulemyot vardır, 1, 1/2 və 2 verst uzunluğunda səngərlər Zabrat və Ramanı istiqamətinə doğru uzanır, dəniz tərəfdə səngər yoxdur.
Fatmayı kəndi yaxınlığında bəzi yerlərdə səngərlər qurulub.
Pirşağı və Kürdəxanı kəndləri haqqında məlumatlar yoxdur.
Buzovna kəndində top vardır, lakin sayı bilinmir və bir neçə pulemyot vardır.
Mərdəkanı kəndində top və beş pulemyot vardır, ama oradan heç vaxt atəş açmırlar.
Hövsanı kəndində 200 süvari və 250-300 yerli müsəlman vardır.
Türk, gürcü, ləzgi və yerli müsəlmanlardan ibarət 200 nəfərlik süvari dəstəsi Mərdəkanda yerləşmişdir. Demək olar ki, minik atına malik olan bütün yerli gənc müsəlmanlar süvari dəstəsinə daxil olmuşdur. Könüllülər az olduğu üçün məcburi mükəlləfiyyət elan olunmuşdur.
Buzovna kəndində 200-dən 250-yədək atlıdan ibarət süvari dəstəsi vardır”.
Məxfi sənəddə türklərin yerli müsəlmanlardan narazı olduqları, onları qorxaqlıqda günahlandırdıqları, buna görə də mövqelərdə müsəlmanların qaçmasına mane olmaq üçün onların arxasında yer aldıqları, türklərin nə qədər ki bağlarda üzüm var, kəndlərdə qala biləcəyi, üzümlər tükəndikdən sonra kəndləri tərk edəcəkləri bildirilirdi. Kəşfiyyat məlumatlarında türklərin tütün və qəndə ehtiyacları olduğu, qəndin futunun qiymətinin 30-40 rubla, tütünün isə 50-60 rubla olduğunu, xəstəliyin elə də olmadığını, lakin sarğı materiallarının çatışmaması səbəbindən yaralıların vəziyyətinin çətin olduğu bildirilirdi. Eyni zamanda türklərin gəlişindən sonra taxılın ucuzlaşdığı, yəni 7 rubldan 5 rubla düşdüyü, kəndlərdə kifayət qədər taxıl olduğunu, taxılın dəniz yolu ilə haradansa gətirildiyi kəşfiyyat məlumatlarında yer almışdır.

Bu sənəddə maraqlı bir məlumat da yer almışdır: Maştağanın yoxsul əhalisi Mərdəkandan olan nümayəndələr ilə birlikdə iclas çağırmış, bu iclasda ağ bayraq qaldırmağı qərar almış, lakin varlı müsəlmanlar onlara mane olmuş, baş verən atışmada təşkilatçılardan bəziləri öldürülmüşdür. Sənəddə görkəmli Bakı müsəlmanlarının müqavimətin qaydalarına əsasən, şayiələrə görə sol cinahın yerləşdiyi, Mərdəkan kəndində yaşadığı bildirilirdi.
İngilislərin bu kəşfiyyat məlumatlarına və bütün səylərinə baxmayaraq Qafqaz İslam ordusunun apardığı uğurlu əməliyyatlar nəticəsində 15 sentyabrda günün sonuna yaxın Denstervilin adamlarını göyərtəsinə almış gəmilər buxtanı tərk etmiş, onların arxasınca diktaturanın uzvləri və on minlərlə erməni də qaçmışdı. İngilislərin Bakıda olduqları müddətdə havadan və qurudan aparmış olduqları kəşfiyyat məlumatlarının da onlara xeyri olmadı. Nuru Paşanın komandirliyində Qafqaz İslam Ordusu onları şəhəri tərk etməyə məcbur etdilər.
Sənəd 1. Qafqaz Ordusu Qərargahının kəşfiyyat şöbəsinin 13 sentyabr 1918-ci il üçün düşmənə dair tam məxfi məlumatlarının 3 saylı məlumat vərəqinə əlavə
