Bakıdan respublikanın müxtəlif şəhər və rayonlarına fəaliyyət göstərən marşrut xətləri üzrə indiyədək keçirilmiş müsabiqələr əsasında sərnişindaşıma fəaliyyətinə 92 ədəd yeni və müasir avtobuslar cəlb edilib.
Baki-baku.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb.
Məlumata görə, bu, avtobus parkının təxminən 30 %-nin yeni və müasir nəqliyyat vasitələri ilə əvəz olunması deməkdir.
Bildirilib ki, Bakı-Bərdə və Bakı-Tərtər istiqamətləri üzrə bütün müsabiqələr bitib və keçirilmiş müsabiqələr nəticəsində mövcud avtobus parkı tamamilə (100 %) yenilənərək müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz olunub.
Bakı-Mingəçevir istiqaməti üzrə keçirilmiş müsabiqələr nəticəsində mövcud avtobus parkının təxminən 45 %-i müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz edilib.
Bakı-Gəncə və Bakı-Zaqatala istiqamətləri üzrə keçirilmiş müsabiqələr nəticəsində mövcud avtobus parkının təxminən 40 % yenilənməsinə nail olunub.
Keçirilmiş müsabiqələr nəticəsində daşımalara “Neoplan”, “Man”, “King Long” və “Temsa” markalı nəqliyyat vasitələri cəlb edilib.
Bakı şəhərindən respublikanın müxtəlif şəhər və rayonlarına fəaliyyət göstərən reyslərin təqribən 92 %-i onlayn bilet satışı üçün “Biletim.az” portalına inteqrasiya olunub. Bakı şəhərindən regionlara onlayn bilet satışının həcmi 2025-ci ilin ilk 7 ayında 26 % olub.