Bakının və eləcə də Azərbaycanın tarixində xüsusi yeri, izi olan və gələcək inkişafı üçün yaradılan binalar – tikililər var. Onlardan hamısı günümüzə qədər gəlib çıxmasa da, özü və ya qoyduğu dərin izlər gəlib. Bakıda neft bumu bir çox sahələrin inkişafına yol açdığı kimi, mədəniyyətin də çiçəklənməsinə şərait yaradırdı. Və XIX əsrin sonlarında Bakıda teatr üçün bina tikintisi məsələsi gündəmdən düşmürdü. Çünki həm yerli, həm də qastrol tamaşalarının sayı artır, eyni zamanda tamaşaçı kütləsi genişlənirdi. Amma buna uyğun nə səhnə, nə tamaşa zalı olurdu. Və get-gedə nəinki teatr, həm də sirk tamaşaları üçün teatr binasına ehtiyac duyulurdu.
Bakıda teatr binasının yaranması ideyası
Bakıda tikiləcək teatr binası ilə bağlı məsələ mesenat və neft milyonçusu, sənətsevər, həmçinin də millətinin gələcəyini hamıdan çox düşünən bir insan – Hacı Zeynalabdin Tağıyevi düşündürürdü. O, Bakıda əsl teatr binası tikmək qərarına gəlmişdi və 1882-ci ildə Tağıyev Şəhər İdarəsinə layihə təqdim etdi. Teatrın o dövrdə Qorçakov və Merkuryev küçələrinin (sonralar Tağıyev küçəsi ilə Z.Əliyeva prospektinin) kəsişməsində tikilməsi planlaşdırılırdı. Bura onun şəxsi mülkiyyəti idi və şəhərin mərkəzində çox əlverişli mövqedə yerləşirdi. Həmin sahədə böyük bir anbar vardı və məhz həmin anbarın köhnə bünövrəsindən istifadə etməklə teatr binasına çevrilməsi nəzərdə tutulurdu.
Tikintinin uzanmasına və Tağıyevin mətbuatda tez-tez tənqid olunmasına baxmayaraq, teatr yenə də inşa olundu və 27 noyabr 1883-cü ildə N.A.Potexinin “Nişiyye duxom” (“Ruhən kasıblar”) əsərinin tamaşası ilə təntənəli surətdə açıldı. Teatr uzun illər ərzində çoxlu sayda təmir, dəyişiklik, yenidənqurma və rekonstruksiya prosesi keçdi. Təəssüflər olsun ki, teatr iki dəfə yanğına da məruz qaldı. İlkin variantda tamaşa zalında parter və loja sıraları da daxil olmaqla 578 yer var idi. Həmin dövrdə Bakının əhalisi 107 min nəfər təşkil edirdi və təbii ki, bu qədər yer şəhər üçün kifayət etmirdi.


Tağıyev Teatrının birinci binası
Birinci layihənin müəllifi memar Xrisanf Vasilyev idi. Teatrın tikintisinə mühəndis-texnoloq Ferdinand İ.Lemkul rəhbərlik edirdi. Zahiri baxımdan hər şey qaydasında olsa da, planlaşdırma, konstruktiv və yanğına qarşı təhlükəsizlik məsələlərində problemlərin olduğu aşkarlanmışdı. 1884-cü ildə teatrda olan bu texniki nöqsanlar yenidən gündəmə gəldi və Tağıyev yenidənqurma işlərinin başlanılmasını istədi.
1891-ci ilə qədər artıq məşhur xeyriyyəçinin oğlu, binanın idarəçisi olmuş Sadıq Tağıyevin rəhbərliyi ilə təmir işləri aparıldı: dəhlizlərin və tamaşa zalının rəngi dəyişdirildi – əvvəlki ağ rəng əvəzinə qızılı naxışlı tünd qırmızı rəng seçildi; bufet üçün əlavə otaq tikildi və ən əsası, yeni elektrik qurğusu quraşdırıldı. Teatrın bütün otaqları və giriş hissəsi elektriklə işıqlandırıldı. Qeyd edək ki, buna qədər teatr şamlarla, 1890-cı ildən isə qazla işıqlandırılırdı.
Daimi istifadə və təmir işlərinin aparılmaması binanı tezliklə sıradan çıxartdı. Tağıyev, deyilənlərə görə, binanı təmir və ya bərpa etmək yox, ondan qurtulmaq istəyir. 1895-ci ildə “Kaspi” qəzetində bu barədə belə yazılmışdı: “Cənab Tağıyev şəhərdəki yeganə teatrını sökmək və onun yerində üçmərtəbəli bina ucaltdırmaq qərarına qəti şəkildə gəlib”. Söküntü tarixi təyin edildikdən sonra bakılı sahibkarlar dərhal təşəbbüs göstərdilər və onlardan biri Teatr meydanında (sonradan bu yerdə V.İ.Lenin adına muzey tikildi) “Nümunəvi teatrın tikintisi üzrə səhmdar cəmiyyəti” təşkil etdi.
Tağıyev teatrı sökülmür, işini davam etdirirdi. Daha sonra o, teatrının yenidən qurulması işinə ciddi yanaşmağa qərar verdi.


Tağıyev Teatrının ikinci binası
Yeni layihənin tərtibi və bütün memarlıq-tikinti işlərinə nəzarəti Tağıyev 1898-ci ildə mülki mühəndis P.İ.Koqnovskiyə tapşırdı. Lakin layihə uğurlu alınmadı – Koqnovski binada heç bir əsaslı dəyişiklik etmədi. Buna görə Tağıyev Koqnovskiyə kömək üçün polyak memarı İ.V.Qoslavskini dəvət etdi. Bu gənc, iddialı və son dərəcə istedadlı memar məşhur Aleksandr Nevski kilsəsinin tikintisini yeni bitirmişdi. Və Qoslavski mükəmməl layihə yaratdı. Bina əsaslı şəkildə dəyişdirildi, səhnənin qarşısına yeni loja yarusu və iki balkon yarusunun əlavə edilməsi ilə yerlərin sayı 1200-ə çatdırıldı. Akustika və orkestr çuxuru da yenidən quruldu. Parterin döşəməsi maili şəkildə hazırlandı. Foye, bufet və qrim otaqları da daxil olmaqla köməkçi sahələr də əlavə olundu. Bundan başqa, ilk tikilən binada nəzərə alınmayan texniki məsələlər də ön plana çəkildi: işıqlandırma, istilik sistemi və havalandırma sistemi yaradıldı, yanğın təhlükəsizliyinin yaxşılaşdırılması üçün geniş işlər aparıldı. Bəzi mənbələrdə qeyd olunur ki, Tağıyevin teatrın yenidən qurulmasına sərf etdiyi ümumi məbləğ 80 min rubl civarında olub. Binanın xarici görünüşündə də dəyişikliklər edilir. Fasad şərq üslubunda işlənir.

Teatrın tam yenidən qurulması 1899-cu ilin sonuna qədər tamamlandı. 1902–1903 mövsümündə teatrda mərkəzləşdirilmiş şəkildə icarə məsələlərini həyata keçirən daimi direksiya yaradıldı. Lakin təmir və dəyişikliklər növbəti illərdə də tədricən davam etdirildi. Yeni dekorasiyalar alındı, 1906-cı ildə tamaşa zalında ikinci loja yarusunun altında hər iki tərəfdə iki böyük, xüsusi olaraq müsəlmanlar üçün nəzərdə tutulan şəffaf pərdə ilə örtülmüş lojalar da quruldu. “Bakı” qəzeti 30 noyabr 1906-cı ildə belə yazırdı: “Yaxın vaxtlarda Tağıyev teatrının lojalarını müsəlman qadınlar da ziyarət edə biləcəklər. Müsəlman dram truppası Tağıyev teatrında müsəlman qadınlarının tatar (Azərbaycan) dilində tamaşalara rahatlıqla gəlməsi üçün əlverişli şərait yaratmağa çalışır. Bu məqsədlə yan və ön lojalar pərdələrlə örtülür”.
Tamaşalar müntəzəm davam edir, şəhərin yeganə teatrına tamaşaçılar axın-axın gəlirdilər. Məhz burada 1908-ci ilin yanvarında böyük Üzeyir Hacıbəylinin yazdığı ilk Azərbaycan operası “Leyli və Məcnun” səhnəyə qoyulmuşdu.
1909-cu ilin 21 fevralında teatrda yerləşən bərbərxanada yanğın başlayır. Və alov bütün binaya yayıldı. Bu, teatrın tarixində ən böyük yanğın idi. Yanğınsöndürənlər hadisə yerinə cəlb olunsa da, binaya ciddi ziyan dəydi. Və nəticə olaraq teatr yararsız vəziyyətə gəldi. Təəssüf ki, teatr yenidən tikilməli idi. Tağıyev bir müddət bu məsələylə bağlı heç nə etmədi.

Tağıyev Teatrı yanğından sonra
Şəhər Duması isə artıq Teatr meydanında yeni teatr binasının tikintisi məsələsini müzakirə etməyə başlamışdı. 1909-cu ilin iyununda Tağıyev teatrı köhnə yerində yenidən tikəcəyini bildirdi. İyul ayında isə artıq layihə təqdim etdi – bu layihədə iki deyil, üç mərtəbəli zal nəzərdə tutulurdu. Yeni teatrda əvvəlkindən 600 daha çox yer olacaqdı – bunu Tağıyev qərara almışdı. 1 oktyabr 1910-cu ildə yeni teatr mövsümü L.N.Tolstoyun “Plodı prosvişeniya” (Maarifin bəhrələri) pyesi ilə açıldı.
1 fevral 1918-ci ildə teatr atəşə tutuldu: bütün taxta konstruksiyalar yandı, yalnız daş və dəmir-beton karkas qaldı. Teatrın bərpasına dörd ay lazım idi. Lakin bina yalnız sovet dövründə – 1921–1922-ci illərdə bərpa edildi. Həmin vaxta qədər teatrdan yalnız fasadlar qalmışdı. Bu dəfə Teatr binasının bərpa işlərini memar Zivər bəy Əhmədbəyova tapşırılır. Z.Əhmədbəyov teatrı sıfırdan qurur. Lakin Qoslavskinin təklif etdiyi tamaşa zalının əsas sxemini və teatrın fasadlarını olduğu kimi saxladı.
Binanın açılışına Tağıyev də dəvət olunur. İnsanlar onu böyük sevgi və alqışlarla qarşılayır. Onun zəhmətini yüksək dəyərləndirir.
Binanın sonrakı taleyi
1920-ci illərdə teatr binasında D.Bünyadzadə adına Türk Dövlət Teatrı yerləşirdi. 30-cu illərin əvvəllərində o D.Bünyadzadə adına Türk İncəsənət Teatrı oldu. 1930-cu illərin sonlarından M.Əzizbəyov adına Dövlət Dram Teatrı burda yerləşirdi. 1960-cı ildən isə Dövlət Dram Teatrı üçün yeni bina tikiləndən sonra binada Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrı fəaliyyət göstərirdi.
1980-ci illərin sonlarında teatr binası yararsız vəziyyətə düşərək dağılmağa başladı. Bununla əlaqədar şəhər rəhbərliyi binanın sökülməsinə qərar verdi. Bina 1992-ci ildə söküldü. 1996-cı ilə qədər onun yerində Azərbaycan Dövlət Musiqili Teatrının binası tikildi.
Bu gün ilk tikilidən heç bir əsər-əlamət qalmayıb, deyə bilmərik. Çünki Tağıyev Teatrının yerində tikilən bugünkü gözəl və möhtəşəm bina əlbəttə ki, göz oxşayır. Və o binada Tağıyevin xalqı, milləti üçün döyünən ürəyinin ruhu, mədəniyyətin inkişafı yolunda çəkdiyi bütün zəhmətlərinin zərrələri uçuşur. Teatrın hər bir nöqtəsində onun parlaq xatirəsi daim yaşayır.

Xanım Aydın