Piyada təhlükəsizliyi şəhər infrastrukturunda bəzən çox sadə görünən, lakin düzgün təşkil olunmadıqda həyati nəticələrə səbəb ola biləcək bir məsələdir. Bu təhlükəsizliyin təməlində isə düzgün, standartlara uyğun təşkil olunmuş piyada keçidləri dayanır.
Baki-baku.az bu məqaləsində paytaxtdakı bəzi küçə və prospektlərdə piyada keçidlərinin boyalarının silinməsi məsələsinə toxunub.
Mövzu ilə bağlı nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, piyada keçidi düzgün siqnallaşdırıldıqda sürücü onu lazımi məsafədən görür və ehtiyatlı davranmağa başlayır. Eyni zamanda, piyada da keçidin yerini uzaqdan görür və yalnız oradan keçməli olduğunu dərk edir. Nəticədə hər iki tərəf həm sürücü, həm də piyada təhlükəsizlik baxımından bir-birini gözləmiş olur. Bu qarşılıqlı tanınma və ehtiyatlılıq həm qəza riskini azaldır, həm də yol hərəkətində nizam yaradır.
“Bütün bunların təmin olunması üçün piyada keçidlərində vizuallıq, işarələmə, rəng kontrastı və müasir mühəndis-texniki həllər əsas şərtlərdir. Lakin gəlin etiraf edək ki, Azərbaycanda bu sahədə tətbiq edilən yanaşma hələ də 1970-ci illərdən qalmış prinsiplərə əsaslanır. Bizdə çox vaxt keçid xətləri sadəcə boya ilə çəkilir. Bir neçə ay keçməmiş, həmin xətlər tamamilə silinmiş olur. Bu isə piyadanın və sürücünün keçidi seçməsini çətinləşdirir. Əslində, beynəlxalq standartlara görə nişanlanma xətləri ildə ən azı iki dəfə texniki baxışdan keçməli, zərurət yaranarsa daha tez-tez yenilənməlidir. Məsələ ondadır ki, düzgün keyfiyyətli boya və müasir texnologiyalar tətbiq olunsa, xətlər bu qədər tez silinməz”, – deyə o vurğulayıb.
Ekspert qeyd edib ki, piyada keçidlərində – yəni sürücülərin və piyadaların daha sıx təmasda olduğu nöqtələrdə bu xətlər daha sürətlə aşınır. “Zebr” xətləri üzərindən daim avtomobil təkərləri keçdiyi üçün onların tez silinməsi başa düşüləndir. Ancaq bu problemi önləmək üçün birinci şərt – keyfiyyətli boya və materiallardan istifadə etməkdir.
Ə.Hüseynov mövcud vəziyyəti qabaqcıl ölkələrin təcrübələri ilə də müqayisə edib: “Avropa ölkələri, Sinqapur, Yaponiya və hətta bəzi qonşu ölkələr artıq bu sahədə fərqli yanaşma sərgiləyirlər. Onlarda piyada keçidləri təkcə ağ və qara rənglərlə məhdudlaşmır. Müasir yanaşmaya görə, keçidlər ağ-sarı, ağ-qırmızı kimi daha kontrastlı rənglərlə işarələnir. Bu isə həm sürücülər, həm də piyadalar üçün keçidi daha aydın görünən və təhlükəsiz edir.
Bizdə isə çox vaxt sadəcə ağ rəngdə boya çəkilir, digər rəng isə asfaltın boz və ya qara rəngi kimi qalır. O da bir müddət sonra tamamilə görünməz hala gəlir. Halbuki rəng tərtibatının məqsədi vizual fərqliliyi artırmaqdır. Rəngli keçidlər sürücülərin diqqətini daha tez çəkir, piyadalar üçün də istiqaməti və keçid nöqtəsini rahatlıqla müəyyən etməyə imkan yaradır”.
Onun sözlərinə görə, piyada təhlükəsizliyi üzrə müasir və effektiv yanaşmaların tətbiqi üçün bir neçə vacib addım var: “Bunlara keyfiyyətli boya və materiallardan istifadə, işarələmə xətlərinin mütəmadi olaraq yoxlanması və yenilənməsi, siqnallaşdırma və rəng kontrastının beynəlxalq standartlara uyğunlaşdırılması, qanunvericilik bazasının yenilənməsi, piyada keçidlərinin təşkilinin yeni normalara əsaslanması daxildir”.
Unutmayaq ki, yol mədəniyyəti yalnız sürücülük vərdişlərindən ibarət deyil. Piyada təhlükəsizliyi də bu mədəniyyətin ayrılmaz hissəsidir. Standarta uyğun piyada keçidləri isə bu təhlükəsizliyin ilk və ən vacib zəmanətidir.