“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı Metropolitenində infrastrukturun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində növbəti mühüm addım atılıb.
Baki-baku.az “Bakı Metropoliteni” QSC-yə istinadla xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC ilə beynəlxalq təcrübəyə malik mühəndislik və layihələndirmə şirkəti olan Türkiyənin “Yüksel Proje” şirkəti arasında müqavilə imzalanıb və artıq öhdəliklərin icrasına start verilib.
Müqavilə çərçivəsində:
• Yaşıl xətt üzrə Y14–Y17 və Bənövşəyi xətt üzrə B5–B8 stansiyaları və bu stansiyalar arasında tunellərin layihələndirilməsi;
• “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının layihələndirilməsi;
• “İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.
Müqavilənin ümumi dəyəri 35,4 milyon manat təşkil edir və satınalma prosesi “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq bir mənbədən satınalma metodu ilə həyata keçirilib.
Vergi və inzibati öhdəliklərin Azərbaycan hüququna uyğun şəkildə icrası, qanunvericilik çərçivəsində fəaliyyət, eyni zamanda layihənin idarəolunmasında səmərəliliyi artırmaq məqsədilə müqavilə “Yüksel Proje” şirkətinin Azərbaycanda təsis etdiyi “Yüksel Proje” MMC ilə imzalanıb.