Bakıda tramvay şəbəkəsinin dəmir yolu və metro ilə inteqrasiyası təmin ediləcək.
Baki-baku.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda ilk növbədə “Mehdiabad-28 May (HUB)” tramvay xəttinin çəkilməsi nəzərdə tutulub: “Bu xətt Bakının şimalındakı qəsəbələrin mərkəzlə birbaşa bağlantısını təmin edəcək. Gələcəkdə dəhlizin üzərindəki M.Rəsulzadə qəsəbəsində dəmiryolu stansiyasının tikintisi nəzərdə tutulub. Tramvay xətti istifadəyə verildikdən sonra bu dəmiryolu stansiyasında, həmçinin metronun “Azadlıq prospekti” stansiyası yaxınlıqda sərnişin mübadiləsi baş tutacaq. Yəni, tramvayla gələn sərnişinlər səfərlərini dəmiryolu və ya metro ilə davam etdirə biləcəklər.
Növbəti sərnişin mübadiləsi isə son dayanacaq kimi nəzərdə tutulan Bakı şəhərinin əsas nəqliyyat mübadilə mərkəzi olan “28 May”da baş tutacaq. Hesablamalara görə, bu dəhliz istifadəyə verildikdən sonra həmin istiqamətdə təxminən 20 mindən çox avtomobil səfərinin azalacağı gözlənilir”.
Nazir müavini qeyd edib ki, tramvay xətləri keçən ərazilərdə infrastrukturun sürətli inkişafı baş verəcək: “Tramvayın bir çox üstünlükləri var: o, yüksək sərnişindaşıma qabiliyyətinə malikdir, ekoloji cəhətdən təmizdir, uzunömürlüdür, istismar müddəti 50 ilə qədərdir və xüsusi yollarla hərəkət etdiyinə görə tıxaca düşmür. Bu da avtobus və trolleybuslarla müqayisədə daha rahat və sürətli hərəkəti təmin edir. Tramvaylar vasitəsilə irihəcmli sərnişin axınlarının sürətli və rahat şəkildə mobilliyini təmin etmək mümkündür. Tramvaylar ilk növbədə həmin dəhlizlər üzrə olan avtobus marşrutları ilə inteqrasiya olunur. Burada avtobuslar əlaqələndirici rol oynaya bilir, yəni sərnişinlər bu nəqliyyat növü vasitəsilə tramvay dayanacaqlarına çata bilirlər. Digər tərəfdən, əgər həmin dəhlizlər üzrə metro və ya dəmiryolu stansiyalari mövcuddursa, tramvaylar mütləq şəkildə həmin stansiyalarla da inteqrasiya olunurlar. Bu zaman sərnişinlər səyahətlərini özlərinə uyğun və rahat nəqliyyat növləri ilə davam etdirə bilirlər. Dünya təcrübəsi göstərir ki, tramvay xətləri keçən ərazilərdə infrastrukturun sürətli inkişafı baş verir, dolayısı ilə yeni iş yerləri açılır ki, bu da tramvayın daha bir üstünlüyüdür”.