Nəşr edilmişdir 05/06/2025

Paylaşın

GÜNDƏM

Bakıda Tibb Festivalı başlayıb

Tibb festivalı, Медицинский фестиваль

Mayın 6-da Azərbaycan Tibb Universitetinin (ATU) 95 illik yubileyinə və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən Tibb Festivalının açılış mərasimi keçirilib.

Baki-baku.az xəbər verir ki, Türkiyə, Özbəkistan və Belarusdan gələn alimlərin, tibb ictimaiyyəti nümayəndələrinin də qatıldığı Festival aktual elmi mövzuların müzakirəsinə həsr olunub.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünün və ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhid həkimlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər. Sonra qonaqlar Tibb Festivalının sərgi və startap guşəsinə baxıblar.
Mərasimdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli 95 il öncə bu ali məktəbin yaradılmasını ölkəmizdə səhiyyənin və tibb təhsilinin inkişafı tarixində önəmli bir dönüş nöqtəsi kimi qiymətləndirib. Rektor Ümummilli Lider Heydər Əliyevin elmə, təhsilə, xüsusilə də tibb sahəsinin inkişafına böyük diqqət və qayğı ilə yanaşdığını, ATU-nun inkişafını strateji əhəmiyyətli bir məsələ kimi dəyərləndirdiyini bildirib: “Ümummilli Lider həm dövlət müstəqilliyinin bərpasından əvvəl, həm də müstəqillik dövründə dəfələrlə Azərbaycan Tibb Universitetində olub. Dahi Heydər Əliyev ideyalarının sədaqətli davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva üç dəfə universitetimizin tələbə-gəncləri, professor-müəllim heyəti ilə görüşüb, eləcə də universitetin nəzdində xalqımıza ərməğan etdikləri klinikaların təməlqoyma və açılış mərasimlərində iştirak ediblər”.
G.Gəraybəyli ATU-nun fəaliyyəti və əldə olunan nailiyyətlərdən danışıb. “Hazırda 1500-dən çox əməkdaşı olan ATU-nun kollektivində akademiklər, Milli Elmlər Akademiyasının müxbir üzvləri, əməkdar elm xadimləri fəaliyyət göstərirlər. Universitetdə təqribən 7 min 500 tələbə təhsil alır ki, onların 3 minə yaxını 45 ölkədən olan əcnəbilərdir. Xarici tələbələrin sayına görə Azərbaycan Tibb Universiteti ölkədəki ali məktəblər arasında öndə gedir. Bu göstərici həm də universitetimizin dünya akademik ailəsində artan nüfuzunun və beynəlxalq əlaqələrinin göstəricisidir. Eyni zamanda, bu gün ATU-nun məzunları dünyanın hər yerində peşəkar həkimlər və alimlər kimi fəaliyyət göstərirlər, ölkəmizi layiqincə təmsil edirlər”, – deyə professor vurğulayıb.
Rektor qeyd edib ki, hazırda ATU “EduRank” və “H-index Azerbaijan” kimi nüfuzlu beynəlxalq platformalarda yüksək mövqe tutmağa çalışır: “Həm yerli, həm də xarici ali məktəblərlə əlaqələri gücləndirən Azərbaycan Tibb Universiteti 25-dən çox ölkə və 110-dan artıq universitet və elmi təşkilatla əməkdaşlıq edir. Müxtəlif beynəlxalq proqramlar vasitəsilə tələbə və müəllimlərin mübadiləsi uğurla həyata keçirilir. Son illər aparılan islahatlar tədrisin keyfiyyətinin artırılmasına və rəqəmsallaşmasına, əməkdaşlığın genişlənməsinə, tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçməsinə xidmət edib. ATU “Tədqiqat universiteti” statusunun əldə olunması, infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi, startap təşəbbüslərinin genişləndirilməsi istiqamətində işləri də intensivləşdirib”.
G.Gəraybəyli qeyd olunan uğurların arxasında bütün kollektivin, o cümlədən müəllimlərin, tədqiqatçıların və tələbələrin fədakar əməyinin dayandığını bildirib: “Biz ATU ailəsi olaraq, gələcəkdə də səhiyyə sistemimizə dəyərli mütəxəssislər qazandırmaq, beynəlxalq akademik mühitdə mövqeyimizi gücləndirmək və elmin inkişafına töhfələr vermək yolunda qərarlıyıq. Sizinlə birgə bu şərəfli yolu getmək bizim üçün böyük fəxr və məsuliyyətdir”, – deyə rektor qeyd edib.
İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, tibb elmləri doktoru, cərrah-onkoloq, professor Əziz Əliyev bildirib ki, səhiyyə sahəsi hər bir ölkənin inkişafının və cəmiyyətin rifahının əsas göstəricilərindən biridir: “Ümummilli Lider Heydər Əliyev dövründə səhiyyə sahəsində mühüm islahatlar həyata keçirilib, tibbi xidmətin keyfiyyəti və əhatə dairəsi genişləndirilib. Bu uğurlu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Atılan addımlar, həyata keçirilən proqramlar ölkəmizdə səhiyyə sisteminin inkişafına böyük təkan verib”.
Güclü səhiyyə sisteminin təməlində güclü tibb təhsilinin dayandığını bildirən Ə.Əliyev ATU-nun bu sahədə ölkəmizin aparıcı ali təhsil müəssisələrindən biri olduğunu deyib: “ATU uzun illərdir ki, savadlı və peşəkar həkimlərin yetişdirilməsində böyük rol oynayıb. Universitetin məzunları arasında Azərbaycanın tanınmış alimləri və nüfuzlu həkimləri yer alır. Bu sırada xüsusi olaraq akademik Zərifə Əliyevanın adını qeyd etmək istərdim. O, göz xəstəlikləri sahəsində təkcə ölkəmizdə deyil, beynəlxalq səviyyədə də tanınan alim kimi mühüm yeniliklərə imza atıb”.
Sonra ATU-nun 95 illik tarixindən və bu günündən bəhs edən film nümayiş olunub.
Bildirilib ki, 3 gün davam edəcək Tibb Festivalında təqdim olunacaq məruzələr, panel sessiyaları, interaktiv tədbirlər həm gənc tədqiqatçılar, həm də təcrübəli alimlər üçün yeni elmi baxışların formalaşması baxımından faydalı olacaq, tibb elminin və təhsilinin inkişafına dəyərli töhfələr verəcək.
Təntənəli tədbirin davamında Türkiyənin Sağlamlıq Elmləri Universitetinin rektoru, professor Kəmaləddin Aydın, Səmərqənd Dövlət Tibb Universitetinin rektoru, professor Cəsur Rzayev, Belarus Dövlət Tibb Universitetinin rektoru Sergey Rubnikoviçin plenar məruzələri dinlənilib.
Növbəti günlərdə Tibb Festivalı öz işini paralel panel sessiyalarla davam etdirəcək. Bir neçə məkanda baş tutacaq sessiyalarda daxili xəstəliklər, radiologiya, nevrologiya, klinik mikrobiologiya, pediatriya, epidemiologiya və cərrahiyyə sahəsində yeniliklərə, müasir çağırışlara həsr olunmuş təqdimatlar keçiriləcək, elmi müzakirələr aparılacaq.
Festival çərçivəsində “ATUREK 13” konfransı və ATU Tələbə Elmi Cəmiyyətinin yekun konfransı da keçiriləcək.
Tibb Festivalına mayın 8-də konsert proqramı ilə yekun vurulacaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Tədbirdə 200-dən çox beynəlxalq və yerli nümayəndənin, rəsmi şəxslərin və ekspertlərin iştirakı gözlənilir.

Ən son

GÜNDƏM

Mayın 6-da Azərbaycan Tibb Universitetinin (ATU) 95 illik yubileyinə və Ümummilli Lider Heydər Əliyevin anadan

GÜNDƏM

Mayın 6-da Azərbaycan Tibb Universitetinin (ATU) 95 illik yubileyinə və Ümummilli Lider Heydər Əliyevin anadan