Bir zamanlar Bakıda bir qurtum təmiz su, az qala neft qədər qiymətli idi. Günəşin yandırıb-yaxdığı Abşeronda, yağışın nadir qonaq olduğu, torpağın suyu süngər kimi udduğu bu iqlimdə su o qədər dəyərli idi ki, söhbət sadəcə rahatlıqdan yox, sağ qalmaqdan gedirdi.
Baki-baku.az bu yazıda paytaxtımızda suyun tarixinə, bu sahənin inkişaf mərhələsinə toxunub.
Qumlar və dənizlə əhatələnmiş şəhər böyüyür, İçərişəhərin hüdudlarından kənara çıxırdı. Amma əsas dərdi olan susuzluğu yalnız daha da dərinləşirdi. İnsanlar suyu yerin altından xan su kəmərləri və kəhrizlər vasitəsilə çıxarırdılar. Bu su duzlu, bulanıq idi, insandan çox dəvəyə yarayardı. Hər həyət-bacada kanalizasiya çalaları və çirkab gölməçələrinin yaxınlığında olan quyular günəş altında suyu xilasdan çox xəstəliyə çevirirdi.
XIX əsrin gəlişi ilə vəziyyət daha da gərginləşdi. Bakı əvvəl quberniya mərkəzinə, sonra isə neft paytaxtına çevrilirdi. Şəhərin təmiz suya təcili ehtiyacı vardı. İlk addım Çiçianov su kəməri oldu, sonra isə Komendant kəməri çəkildi. Amma bunlar da kifayət etmədi.
Onda hakimiyyət qərara gəldi ki, dənizi ram etsin və duzlu suyu içməliyə çevirsin. İlk duzsuzlaşdırma qurğusu, gec də olsa, 1894-cü ildə işə düşdü. Su vedrə ilə satılırdı – bu günki butulka su kimi, yarım qəpiyə. Amma qurğunun gücü zəif, suyunun keyfiyyəti isə arzuolunan səviyyədən uzaq idi.
Bu zaman səhnəyə istedadlı özünütədris mühəndisi Nikolay Yaqn çıxdı. Onun Bayıl burnunda tikdiyi yeni qurğu – 12 buxar qazanı və gündəlik 70 min vedrə gücü ilə – mühəndislik sahəsində əsl irəliləyişin simvoluna çevrildi. Şəhər artıq Kürdən və Volqadan baha başa gələn su daşımalarından asılı deyildi.
Amma əsas zəfər hələ qabaqda idi. Artıq 1909-cu ildə taleyüklü qərar verildi: Şollar su kəməri tikiləcəkdi. Nəhayət, əsrlər sonra Bakı ilk dəfə gerçək anlamda susuzluğunu yatırdı.
Bakının su tarixi damcı-damcı böyük ideyaların necə doğulduğunun hekayəsidir. Daş və qum üzərində qurulmuş bir şəhərin çatışmazlığı stimula, çarəsizliyi texnologiyaya çevirməyi öyrənməsinin sübutudur. Bu, sadəcə su təchizatı ilə bağlı tarix deyil. Bu, xalq iradəsinin tarixidir.

Əbülfəz Babazadə