Bakı şəhəri və ətraf yaşayış məntəqələrində müşahidə olunan su təchizatındakı fasilələr müəyyən obyektiv səbəblərlə əlaqədardır.
Bu barədə Baki-baku.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Qurumdan verilən məlumata görə, yay mövsümündə havaların kəskin istiləşməsi suya olan tələbatı artırır ki, bu da sudaşıyıcı kəmərlərin və qurğuların ifrat yüklənməsinə səbəb olur. Bu şəraitdə qəza risklərini minimuma endirmək və tələbatı optimal şəkildə qarşılamaq məqsədilə tənzimləyici tədbirlər görülür.
Qeyd olunub ki, Bakı şəhərinin əsas su mənbələri olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı və Kür sutəmizləyici qurğularında su istehsalının artırılması, magistral sudaşıyıcı kəmərlərin və regionlar üzrə supaylayıcı şəbəkələrin genişləndirilməsi ilə bağlı yeni layihələrin icrası davam etdirilir.
Bildirilib ki, hazırda əksər ərazilərdə su təchizatı normal rejimə qaytarılıb.