Bakının qızıl bazarında qiymət artımı müşahidə olunur.
Satıcıların Baki-baku.az-a verdiyi məlumata görə, Türkiyə və İtaliya istehsalı olan qızıl məmulatlarında bahalaşma qeydə alınıb.
Qiymət artımı daha çox üzük, sırğa və boyunbağılarda özünü göstərir. Qızılın qramında təxminən 10–15 manat bahalaşma baş verib.
Bundan əlavə, dəst şəklində satılan zinət əşyalarının qiymətində də ciddi dəyişikliklər var. Belə ki, alıcılar əvvəlkindən 300–500 manat artıq ödəməli olurlar.
Satıcıların sözlərinə görə, bahalaşmaya əsas səbəb dünya bazarında qızılın qiymətinin yüksəlməsi və valyuta məzənnəsində baş verən dəyişikliklərdir. Həmçinin idxal olunan türk və italyan qızıllarının daşınma və istehsal xərclərinin artması da bazara təsir göstərib.
Hazırda bazarda 585 əyar (Türk qızılı) 145–150 manat, 750 əyar (İtalyan qızılı) isə 170–190 manat arasında dəyişir.
Mütəxəssislər hesab edirlər ki, yaxın günlərdə qızılın qiymətində dalğalanmalar davam edə bilər.