Son illərdə Bakının görünüşü göydələnlərin çoxluğu ilə dəyişib. Dəniz sahilindən baxanda şəhərin silueti sanki buludlara toxunur. Hündür binalar artıq paytaxtın simvoluna çevrilib. Amma bu artan mərtəbələr təkcə memarlığın deyil, həm də insan psixologiyasının göstəricisidir.
Bəs nə üçün insanlar bu binalarda yaşamağa can atır? Yüksəklik sadəcə mənzərənin cazibəsidir, yoxsa insanın daxilindənki hansısa məqamı təmsil edir?
Baki-baku.az bu yazıda insanların çoxmərtəbəli binalara öz tutmasının psixoloji səbəblərinə toxunub.
İnsan təbiətən yüksəklik axtarır. Qədim zamanlardan dağ zirvəsinə çıxmaq, qüllə ucaltmaq, şəhərləri yuxarıdan seyr etmək bir növ güc və üstünlük hissinin simvolu olub.
Bakı sakinləri üçün də çoxmərtəbəli binalar eyni mənanı daşıyır. Yüksəklik onlara daha sakit, daha az sıxlıq hissi verir. Hündür mərtəbədə yaşamaq sanki şəhərin səs-küyündən bir addım uzaqda olmaq deməkdir. Bəziləri üçün bu bir “sığınacaq”dır, bəziləri üçün isə sadəcə statusun göstəricisi.
Müasirlik və “şəhər insanı” imici
Çoxmərtəbəli binalar müasir həyatın rəmzidir. Onların şüşə fasadları, panoramik mənzərələri, sürətli liftləri insanlara “yeni dövrün bir parçası olmaq” hissini verir.
Bir çox gənc ailələr üçün bu binalar “köhnə həyət həyatı”ndan uzaqlaşmaq, daha fərdi, daha sakit bir mühitə keçmək deməkdir. Yuxarı mərtəbədə yaşamaq, bir mənada “şəhərdən yuxarıda olmaq” kimidir – həm fiziki, həm də simvolik mənada.
Lakin bu yüksəklik bəzən tənhalığın da sinoniminə çevrilir. Yüksək mərtəbədən baxanda şəhər kiçilir, amma insan da bir az tənha qalır.

Təhlükəsizlik və rahatlıq illüziyası
Hündür binalar bir çox insan üçün daha təhlükəsiz görünür: nəqliyyat səsindən uzaq, tozdan, səs-küydən yuxarıda. Kamera nəzarəti, mühafizə xidməti, qapalı həyətlər və məhdud girişlər insanlara “qorunan məkan” hissi verir.
Amma bu rahatlıq bəzən illüziyadır. Çünki çoxmərtəbəli həyat insanları bir-birindən uzaq salır. Qonşularla tanışlıq azalır, həyət söhbətləri unudulur. Sanki insanlar yüksəklik qazanmaqla bir az da bir-birindən uzaq düşürlər.

Panoramın cazibəsi
Yuxarı mərtəbədə açılan mənzərə isə inkarolunmaz bir cazibəyə malikdir. Gecə işıqları ilə parlayan şəhər, dənizdən gələn işıq əksləri, uzaqda görünən Alov Qüllələri — bunların hamısı bir estetik duyğu yaradır.
Bu mənzərə sadəcə gözəllik deyil, həm də sakitlik formasıdır. Gündüzün səs-küylü Bakısından gecənin parlayan səssizliyinə baxmaq insanı bir növ balanslaşdırır. Bəlkə də buna görədir ki, bəzi insanlar hündür mərtəbələrdə yaşamağı “psixoloji rahatlıq” kimi görürlər.

Yüksəkliklə gələn tənhalıq
Amma yüksəkliklə birlikdə başqa bir reallıq da yaranır. Tənhalıq. Köhnə məhəllələrdə həyət uşaqları bir-birini tanıyırdı, qonşular bir-birinin çayına gedirdi. İndi isə çoxmərtəbəli həyatda insanlar bir-birinin yanından keçib salam vermədən liftə minirlər.
Bəzən bu binalarda onlarla ailə yaşasa da, hər kəs öz qapısının arxasında susur. Bu da “müasir şəhər insanı”nın təbiətini müəyyənləşdirir: Təhlükəsizlik içində, amma bir az tənha.

Bakı hündür binalarla dəyişir, lakin insanın yüksəklik arzusu dəyişmir. Çoxmərtəbəli binalar sadəcə beton və şüşə deyil. Onlar paytaxt insanının düşüncə tərzini, həyat ritmini və arzularını əks etdirir.
İnsan yuxarı qalxdıqca şəhəri daha geniş görür, amma bəzən özü ilə arasındakı məsafə də artır.
Bakı səmaya doğru uzanır. Bəlkə də bu, sadəcə tikinti yox, insanın içindəki yüksəlmək istəyinin daşlaşmış formasıdır.
Elvin Camalov