Bakının Baş Planına uyğun olaraq “Hibrid Yaşıl Koridor” layihəsinin icrasına başlanılır.
Baki-Baku.az xəbər verir ki, layihənin məqsədi şəhər mühitini müasirləşdirmək, Gənclik meydanı, “Dədə Qorqud” parkı və Milli Park arasında davamlı inkişafı və ekoloji tarazlığı təmin etməkdir.
“Yaşıl koridor” layihəsi “Port Baku Tower”dən başlayıb “Ritz Carlton” hotelinə qədər olan ərazini əhatə ədəcək. Layihədə piyada keçidləri, yeraltı və yerüstü (iki mərtəbəli) parking əraziləri, kafelər, velosiped yolu, piknik sahəsi, uşaq meydançası, tennis kortları, skeyt üçün sahə, amfiteatr və insanların sağlam həyat tərzinə, xoş zaman keçirməsinə istiqamətlənən bir sıra fəaliyyətlərin təmin edilməsinə yönəlmiş işlər də yer alıb.
“Yaşıl koridor” layihəsinin icrası, həmçinin paytaxtın ekoloji vəziyyətinə mühüm töhfə verəcək və müasir görünüşünə yeni rəng qatacaq. Hazırda layihənin icra ediləcəyi ərazinin bəzi hissəsi çox baxımsız vəziyyətdədir və insanlar bu ərazilərə daxil olmur, buradan istifadə edilmir. Lakin layihə icra edildikdən sonra bu istiqamətdəki bütün problemlər həllini tapacaq. Həmin ərazilər daha gözəl formada, ətraf mühitə töhfə verilməklə insanların istifadəsinə veriləcək.