Bu gün Bakıda Ali Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun (WGEA) illik toplantısı keçirilir.
“BakıBaku” Report-a istinadən xəbər verir ki, tədbirin təşkilatçısı Hesablama Palatasıdır.
Toplantını giriş sözü ilə açan Palatanın sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb. Sədrin sözlərinə görə, bugünki toplantı Palatanın məsuliyyətini artırmaqla bu tədbirdən gözləntilərin reallaşması üçün toplantı iştirakçıları ilə birgə daha effektiv fəaliyyəti zəruri edir.
Bundan başqa, onun sözlərinə görə, ali audit orqanlarının dövlət maliyyəsinin idarə edilməsinə nəzarətdə oynadıqları rol ənənəvi fəaliyyətin keçirilməsi ilə yanaşı, qlobal çağırışlardan irəli gələn məsələlərin audit mövzularına çevrilməsinə səbəb olur: “Qeyd edilən mövzular arasında öndə olanlardan biri də təbii ehtiyatların və ətraf mühitin idarə edilməsidir. Bu fəaliyyətin həyata keçirilməsi böyük vəsaitlərin ayrılmasını tələb edir ki, bu da həmin vəsaitlərin məqsədyönlü istifadəsi, həmçinin şəffaflıq və hesabatlılığın təmin edilməsində ali audit orqanlarının iştirakını qaçılmaz edir”.
Daha sonra sədr qeyd edib ki, ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və bu ilin noyabrı ayında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi nəzərdə tutulur.
Toplantıda 19 ölkənin ali audit orqanının 50-dən çox nümayəndəsi iştirak edir. Tədbir çərçivəsində “Fəlakətlərə hazırlığın dəstəklənməsi”, “Ekstremal hadisələri başa düşmək, uyğunlaşmaq və təsirin azaldılması ilə bağlı fikirlər”, “Səhralaşma, meşə və çöl yanğınları ilə mübarizədə əlaqələndirilmiş audit”, “Milli parklarda yanğından mühafizə” və s. mövzularda müzakirələrin aparılması nəzərdə tutulur.
WGEA EUROSAI-ın 1999-cu ildə keçirilmiş 4-cü Konqresinin qərarı ilə yaradılıb. Qrupun əsas məqsədi peşəkar əməkdaşlığı təşviq etmək və dəstəkləmək, bilik və təcrübə mübadiləsini təşviq etməkdir. Builki toplantının Bakıda keçirilməsi ilə bağlı qərar ötən il Çexiyanın paytaxtı Praqada keçirilmiş illik toplantıda qəbul edilib.