Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz altıncı ildönümünün qeyd olunması ilə əlaqədar olaraq hazırlıq işlərinə start verilib. Baki-baku.az xəbər verir ki, memorial kompleksin yerləşdiyi ərazi daim Bakı Şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır və aparılan işlər mütəmadi nəzarət altında həyata keçirilir.
Ənənəyə uyğun olaraq Şəhidlər xiyabanı boyunca müxtəlif rəngli qərənfillərdən ibarət xüsusi gül kompozisiyaları hazırlanır.
Bu kompozisiyaların tərtibatına peşəkar mütəxəssislər və təcrübəli landşaft-dizaynerləri cəlb edilib, ərazinin ümumi görünüşünün daha səliqəli və estetik olması üçün işlər mərhələli şəkildə icra olunur.
Bakı Şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumları tərəfindən Şəhidlər xiyabanında genişmiqyaslı təmizlik və abadlıq tədbirləri həyata keçirilir. Belə ki, zədələnmiş plitələr yeniləri ilə əvəz olunur, ağacların budaqları və bəzi kollar budanır, qazon örtüyü bərpa edilir, yeni güllər və dekorativ kollar əkilir. Eyni zamanda işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyularaq təmizlənir, Xiyabanda yerləşən hər iki məşəldə isə profilaktik baxım işləri aparılır.
Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları Ümid Şahverdiyev və Nicat Mustafayev bildiriblər ki, Şəhidlər xiyabanında aparılan yaşıllaşdırma və abadlıq işləri xüsusi həssaslıqla həyata keçirilir. Onların sözlərinə görə, əsas məqsəd memorial ərazinin mövcud landşaft quruluşunu qorumaqla yanaşı, yaşıllıq sahələrinin daha baxımlı və səliqəli vəziyyətə gətirilməsidir. Əməkdaşlar qeyd ediblər ki, görülən işlər zamanı mövsümə uyğun bitkilərin seçilməsinə, gül kompozisiyalarının ahənginə və ərazinin ümumi estetik görünüşünə xüsusi diqqət yetirilir. Vurğulanıb ki, bütün tədbirlər Şəhidlər xiyabanının mənəvi dəyərinə uyğun şəkildə, mərhələli və planlı formada icra olunur.
Qeyd edək ki, görülən bütün bu tədbirlər 20 Yanvar şəhidlərinin xatirəsinə göstərilən ehtiramın ifadəsi olmaqla yanaşı, memorial ərazinin layiqli vəziyyətdə saxlanılmasına xidmət edir.










































