Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 42,6 milyard manat təşkil edib.
Bu barədə Baki-baku.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bu, 2024-cü ilin ilk 10 ayının göstəriciləri ilə müqayisədə 1,8 milyard manat və ya 4,05 % azdır.
Bu ilin yanvar-oktyabr aylarında paytaxtda sənaye məhsulunun 73 %-i mədənçıxarma, 23,5 %-i emal, 2,6 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 82,2 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,8 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,2 % təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin noyabrın 1-nə 442,1 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 62,2 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 52,6 milyard manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,2 % az sənaye məhsulu istehsal edilib, məhsul istehsalı neft-qaz sektorunda 2,2 % azalıb, qeyri neft-qaz sektorunda isə 4,9 % artıb.