Hər il iyulun 29-u dünyada Beynəlxalq Pələng Günü (Global Tiger Day) kimi qeyd olunur.
Baki-baku.az xəbər verir ki, bu gün nadir və nəcib yırtıcıların – pələnglərin qorunmasına, onlara qarşı diqqətin artırılmasına və təbiətdə azalan saylarına dair ictimaiyyətin məlumatlandırılmasına həsr edilir. Planetin bioloji müxtəlifliyində mühüm yer tutan pələnglər təbiətin həm güc, həm də zəriflik simvolu sayılır. Lakin bu möhtəşəm canlılar üçün də artıq uzun illərdir ki, yoxolma təhlükəsi yaranıb.
Pələnglərə olan təhdid: təbiətin səssiz çağırışı
Pələnglər təbiətdə mövcud olan ən güclü canlılardan biridir. Lakin insanların düşünülməmiş fəaliyyəti nəticəsində ekoloji balansın pozulması bu güclü heyvanların da yaşamına təsir edir. Yaşayış mühitlərinin məhv edilməsi, qanunsuz ov, qlobal istiləşmə və insan fəaliyyəti nəticəsində onların sayı ildən-ilə azalır. Hazırda təbii şəraitdə cəmi 4 minə yaxın pələngin yaşadığı təxmin edilir. Məhz bu səbəbdən 2010-cu ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq “Pələng sammiti”ndə qərara alındı ki, hər il 29 iyul tarixi bu nadir yırtıcının qorunmasına həsr olunmuş bir gün kimi qeyd olunsun.



Bakı Zooloji Parkında pələnglər: Qayğı və qoruma nümunəsi
Azərbaycan da pələnglərin qorunması ideyasına laqeyd yanaşmayan ölkələrdəndir. Paytaxtımızda yerləşən Bakı Zooloji Parkı bu istiqamətdə görülən nümunəvi işlərlə seçilir. Burada saxlanılan pələnglərə yüksək qayğı və diqqət göstərilir. Onların rahatlığı və sağlamlığı üçün beynəlxalq standartlara uyğun şərait yaradılıb. Xüsusi yemlənmə rejimi, baytarlıq nəzarəti, aktivliklərini qorumaq üçün yaradılmış geniş hərəkət zonaları pələnglərin rifahını təmin edən əsas faktorlar sırasındadır.
Pələnglərin təbii davranış instinktləri nəzərə alınaraq onların gündəlik rejimi elə tənzimlənir ki, stress yaşamadan rahat bir həyat sürsünlər. Bu qayğının nəticəsidir ki, Parkda saxlanılan pələnglər həm fiziki, həm də psixoloji baxımdan sağlam və balanslı həyat tərzi keçirirlər.


IDEA və pələnglərin qorunması
Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsləri nəticəsində bir çox nadir heyvan növlərinin qorunması və onlara daha yaxşı şəraitin yaradılması istiqamətində layihələr həyata keçirilib.
Təsadüfi deyil ki, Leyla Əliyeva dəfələrlə Bakı Zooloji Parkını ziyarət edib, burada saxlanılan heyvanlara, o cümlədən pələnglərə göstərilən şəraitlə yaxından maraqlanıb. Həmçinin onun təşəbbüsü və dəstəyi ilə bu nadir heyvan növü üçün müasir tələblərə cavab verən, əvvəlkindən nisbətən 5 dəfə geniş, işıqlı və rahat yeni qəfəs tikilib. Burada heyvanın istidən və şaxtadan qorunması üçün ayrıca tam tikili, həmçinin böyük hovuz, oynamaq və dincəlmək meydançası, əyləncəli və pələngin təbii yaşayış arealını əks etdirən digər elementlər quraşdırılıb.
Bu layihə nəticəsində zooparkda məskunlaşmış pələngin yaşayış şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, onun təhlükəsizliyi və rahatlığı tam təmin edilib.

Bundan əlavə Leyla Əliyeva dəfələrlə beynəxalq tədbirlərdə nadir heyvan növlərinin, o cümlədən pələnglərin üzləşdiyi təhlükələr barədə məlumatlar verib, onların qorunması barədə çağırışlar edib. Belə ki, ötən il Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində COP29 Sədrliyi, IDEA İB və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) birgə təşkilatçılığı keçirilən tədbirdə bu məsələ bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.
Tədbirdə Leyla Əliyeva iqlim dəyişmələrinin və biomüxtəlifliyin itirilməsinin planetimizə vurduğu zərərin miqyaslarını vurğulayaraq, beynəlxalq ictimaiyyət tərəfindən təcili tədbirlərin görülməsinin zəruri olduğunu bildirdi. Eyni zamanda, Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda bir sıra heyvan növləri, o cümlədən Xəzər pələngi və Asiya şirinin keçmişdə yaşadığı, lakin nəslinin tükənməsi barədə tədbir iştirakçılarına məlumat verilib.


Gələcək nəsillərə miras: Qoruyaq və sevək
Dünya Pələng Günü bizi həm təbiətə olan münasibətimizi yenidən dəyərləndirməyə, həm də pələng kimi nadir və güclü canlılara olan məsuliyyətimizi xatırlamağa çağırır. Azərbaycan bu sahədə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirir – həm dövlət səviyyəsində, həm də vətəndaş təşəbbüsləri sayəsində.
Pələnglər təkcə vəhşi təbiətin yırtıcısı deyil, onlar həm də ekosistemin tarazlıq elementlərindən biridir. Onların qorunması təbiətin qorunmasıdır.
Unutmayaq ki, pələnglər bizim yox, təbiətin bir parçasıdır. Onları qəfəslərdə qorumaqla yanaşı, təhlükəsiz şəraitdə təbiətdə də görmək bizim əlimizdədir.

