Şəhərimizdə gedən inkişaf, abadlaşma, tərəqqi hər kəsin gözü qabağındadır. Əvvəllər xaricə gedən azərbaycanlılar dönüşdə tətildən, getdiyi şəhərin gözəlliyindən, təmizliyindən ağızdolusu danışardılar. Lakin indi radioda, dost və ailə məclislərində, sosial mediada çoxu eyni sözü deyir: “Qurban olaram Bakıya! Gül kimi şəhərimiz var, təmiz və təhlükəsiz!” Amma yenə də nə isə çatmır, sanki Bakıda. Bunu bir az araşdırdım və fikirlərimi bu yazı ilə bölüşmək istədim. Sən demə, hər şeyin əsasında enerji dayanır. Bütün insanların, məkanların, şəhərlərin özünəməxsus enerjisi var. Bakının enerjisini bir çox gözəl sifətlərlə təsvir etmək olar, əlbəttə. Ancaq mənim üçün Bakı tədirgin şəhərdir. Bunun əsasında isə külək dayanır.
Arabir güclənən şimal qərb küləyi aparsın səni…
Azərbaycanın ən böyük şəhəri, qədimlərdən “külək vurmaq” mənasında “Badi-Kubə” adlanan bugünkü paytaxtımız Bakı, quru subtropik iqlimə malikdir. Şəhərdə güclü şimal küləyi olan Xəzri və cənub küləyi olan Gilavar periodik olaraq müşahidə edilir. Bakı Avrasiyanın ən küləkli şəhəridir. Narahatlıq da elə buradan qaynaqlanır. Belə ki, araşdırmalara görə küləkli hava, daha dəqiq desəm, küləyin səmti insanların əhvalına birbaşa təsir edir. Nəzərə alsaq ki, ildə orta hesabla 150-200 gün küləkli hava şəraiti davam edir və bu günlər bəzən fasiləsiz 2-3 gün davam edir şəhər əhalisinin gərgin, əsəbi və xroniki yorğunluq səbəbləri aydın olur. Hava təzyiqinin tez-tez dəyişməsi xüsusən də, Xəzri küləyi əsəndə başağrısı və yuxusuzluğa səbəb olur. Qısası, havanın küləkli olması insanların gündəlik kefinə və gərginliyinə bilavasitə təsir edir.
Bakı gözəl şəhər, mehriban diyar…
Doğrudan da, Bakı olduqca gözəl, təmiz, abad şəhərdir. Şəhərin təmizliyi və səliqəsi nəinki turistlər tərəfindən, hətta çətin razı qalan, el arasında, mızı deyilən sakinlər tərəfdən də qeyd olunur. Həftə sonları küçələr yuyucu maddələrlə yuyulur, səkilərdə, ara məhəllələrdə, dalanlarda da kommunal strukturun işçiləri təmizliyi qoruyurlar. Hətta son zamanlar Dənizkənarı Bulvarda vətəndaşlar sevdiyi məşğuliyyətdən – tum çırtlamaqdan belə çəkinirlər. Uzun sözün qısası, şəhər ələlxüsus da, mərkəz olduqca təmizdir.
Bundan əlavə olaraq Bakıda gecə gəzintiyə çıxmaq təhlükə kəsb etmir. Axşamlar camaat rahat, heç bir narahatlıq olmada gəzişir və bundan zövq alırlar. Yuxarıda qeyd etdiyim kimi, külək qalxana qədər hər kəs çox hüzurlu və sakit olur. Bakıda isə bu nadirən olur.
Çıxdı gün, gül oyandı…
İnsan gözü gözəllik, yaşıllıq, təbiət, dəniz, günəş görəndə bu əhval-ruhiyyəyə sözsüz ki, müsbət təsir göstərir. Şəhərdə günü-gündən parkların sayı vertikal artımla artsa da, təbii ki, hər kəsin evinin pəncərəsindən parka panorama yoxdur. Park öz yerində, amma çox evə günəş işığı da düzgün paylanmır. Belə olanda isə evdə günorta da süni işığa ehtiyac yaranır. Burdan isə növbəti stres və gərginlik problemləri yaranır. Belə ki, Bakı evlərinin əksəriyyətində işıq səhv quraşdırılıb. Xüsusən də köhnə təmirli mənzillərdə otağın mərkəzində quraşdırılan çilçıraqlar işığı qeyri-bərabər və lokal paylayır. İşıq lampaları ilıq, istilik effekti yaradan sarı işıq əvəzinə (əksərən qənaət etmək üçün) ağ-xəstəxana mühitini xatırladan rəngdə olur. Bu işıq fərqində olmasaq da, beynimizi də, gözlərimizi də çox yorur.
Ev bizim beynimizdə təhlükəsiz, dincəldiyimiz məkan kimi kodlaşıb. Uğursuz işıqlandırılan şəraitdə isə bu çox da mümkün olmur. Ona görə evin düzgün işıqlandırılması çox vacibdir.
Ruhumuz hüzur tapsın
Məqalənin əsas məğzinə qayıtsaq, Bakının ötürdüyü bu enerjinin özəyində adından da göründüyü kimi “küləklər şəhəri” olması dayanır. Külək bizim idarəmizin altında deyil. Biz küləyə yön verə və ya onu dayandıra bilmərik. Məsələ belədirsə və məsələni dəyişmək bizim əlimizdən gəlmirsə qəbul edib, ona qarşı savaşmaqdan əlimizi üzməliyik. Küləkdir də, əsir. Buna görə niyə gərginləşim?!. Nə qədər tez küləyin bir hava ünsürü olduğunu qəbul etsək, ruhumuz bir o qədər tez hüzur tapacaq. Lakin işıqlandırmanı dəyişmək bizim əlimizdə olan bir şeydir. Onunla məşğul olmağı və evinizdə daha düzgün işıqlandırmanı təmin etməyi sizə məsləhət görürəm.
Hüzurlu günlər!
Deniz Məmmədli