Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/15/2025

Paylaşın

KÖŞƏ YAZILARI

Bakı səhnəsində uçan “Qağayı”

“Qağayı”

A.P. Çexovun pyesi əsasında Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən tamaşadan REPORTAJ

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində Anton Pavloviç Çexovun “Qağayı” pyesi yenidən tamaşaçı ilə görüşdü. Bu görüşə məni teatrın mətbuat xidmətinin rəhbəri Samirə Əşrəf dəvət etmişdi. Burada həmişəki kimi çox gözəl bir teatr bayramı ab-havası vardı. İnsanlar istirahət günü tamaşaya baxmağa gəlmişdilər. Bunun özü elə çox gözəldir. Keçək tamaşaya…  Rejissor Nicat Kazımov klassik əsəri bu günün insanına toxunan, ağrılı və düşündürücü bir səhnə dili ilə təqdim edib. Tamaşa boyu zalda bir sual dolaşırdı: insan arzularına çatmayanda onun taleyi necə olur?

Bir simvolun doğuluşu

“Qağayı” azadlıq, ucalıq, xəyal və eyni zamanda yarımçıq qalmış həyatın simvoludur. Çexovun təsadüfən gördüyü, vurulmuş və yerə atılmış bir qağayı obrazı sonradan dünya dramaturgiyasını dəyişən pyesə çevrilib.

Tamaşada bu simvol bütün qəhrəmanların taleyindən keçir. Burada demək olar ki, hamı bir az “vurulmuş qağayıdır”.

Arzu ilə reallığın toqquşması

Səbinə Məmmədzadənin ifasında Nina Zareçnaya səhnəyə arzularla çıxır. Aktrisa obrazı saf, xəyalpərəst və ulduzlara heyran bir gənc qız kimi təqdim edir. Onun “məni bura gölə qağayı kimi çəkir” sözləri tamaşanın əvvəlində səslənir və finalda yenidən göl kənarına qayıdışı ilə tamamlanır.

Nina sevgi ilə şöhrət arasında seçim edərkən sevgini yox, məşhurluğu seçir. Triqorin onun üçün sənət deyil, xilas yolu kimi görünür. Lakin bu yol tənha və ağrılı sonluğa aparır.

“Qağayı”

Treplyov: istedad və təkliyin faciəsi

Bəhram Əliheydərin canlandırdığı Konstantin Treplyov tamaşanın ən dramatik fiqurlarından biridir. O, yeni sənət axtarışındadır, qəbul olunmaq istəyir, ancaq hər dəfə anlaşılmazlıqla üzləşir. Xüsusilə anası – Kəmalə Müzəffərin ifasında İrina Arkadina onun arzularını lağa qoyur, ələ salır. Nə əsər yaza bildiyini, nə tamaşa qoya bildiyini amansızcasına qeyd edir, bununla oğlunun, necə deyərlər, qol-qanadını qırır. Arkadina bu səhnədə güclü, eqoist və hökmran qadındır. O, oğlunun istedadını qəbul etsə belə, bunu açıq etiraf edə bilmir. Treplyovun faciəsi də buradan – sevilmək və qəbul olunmaq ehtiyacından başlayır.

Finalda onun atdığı güllə yalnız fiziki ölüm deyil, mənəvi boşluğun nəticəsidir.

Sevgi – xilas yox, asılılıq

Maşa obrazı – Aygün Fətullayevanın ifasında tamaşanın səssiz ağrısıdır. O, Treplyovu sevir, amma bu sevgini heç vaxt açıq dilə gətirmir. Sevmədiyi Medvedenko (Nurlan Süleymanlı) ilə evlənərək əzabı həyat tərzinə çevirir. Maşa üçün sevgi azadlıq deyil, daimi əzabdır. O, ağrını həyatın mənası kimi qəbul edir.

Şöhrətin içindəki boşluq

Şövqi Hüseynovun Triqorini zahirən uğurlu, daxilən isə narazı bir yazıçıdır. O, tanınır, amma öz yaradıcılığını dəyərsiz hesab edir. Triqorin tamaşada şöhrətin saxta cazibəsini simvolizə edir – parlaq görünür, amma içi boşdur. Yazıçı bir obraz kimi özünü tapa bilməyib. Əsərlər yazır, təriflənir, şöhrətin yüksək pilləsinə qalxır, amma bundan zövq ala bilmir. O, xoşbəxtliyini göldə balıq tutmaqda görür daha çox.

“Qağayı”

Teatrın özü haqqında tamaşa

“Qağayı” ənənəvi dramaturgiya qaydalarını pozan əsərdir. Burada əsas hadisələr səhnədə deyil, pauzalarda, baxışlarda, deyilməyən sözlərdə baş verir. Rejissor Nicat Kazımov da məhz bu incəlikləri ön plana çıxararaq tamaşaçını aktiv düşünməyə məcbur edir.

Bu tamaşa cəsarət tələb edir — həm səhnədən, həm də zaldan. Bunu aktyor heyəti –

İrina Arkadina – Kəmalə Müzəffər, Konstantin Treplyov – Bəhram Əliheydər, Pyotr Sorin – Kərəm Hadızadə, Nina Zareçnaya – Səbinə Məmmədzadə, İlya Şamrayev – Elgün Yəhyayev, Polina Andreyevna – Sevinc Əziz, Maşa – Aygün Fətullayeva, Boris Triqorin – Şövqi Hüseynov, Yevgeni Dorn – Rasim Cəfər, Semyon Medvedenko – Nurlan Süleymanlı, Yakov – Araz Pirimov, İşçilər – Umman Budaqov, Mətləb Abuşov öhdəsindən gələ bilmişdi. Tamaşanın səhnə axını və ritmi Fuad Cavadzadə tərəfindən idarə olunurdu.

Mən teatrşünas deyiləm, amma düşünürəm ki, yaxşı tamaşaçıyam. Bu qeydlərim də yaxşı tamaşaçının tamaşadan gördükləri, hiss etdikləridir.

Musiqinin gücü…

Tamaşa boyu səslənən Pyotr İliç Çaykovskinin əsrarəngiz “Qu gölü” baletindən parçalar “Qağayı”nı daha təsirli, daha cana, ruha nüfuzedici səviyyəyə gətirir. Quların – musiqinin uçuşu və enişi ilə tamaşa da, sanki öz minorunu və majorunu yaşayır. Düşünürəm ki, məhz bu baletdən olan musiqi fraqmentlərinin tamaşada səslənməsi onu tam və bütöv edir.

“Qağayı”

Son söz əvəzi

Gənc Tamaşaçılar Teatrının səhnəsindəki “Qağayı” keçmişə yox, bu günə baxır. Bu, arzuların gerçəkliklə üz-üzə gəldiyi, sevginin xilas etmədiyi, şöhrətin boş çıxdığı anların tamaşasıdır.

Qağayı uçur.

Qağayı vurulur.

Və tamaşaçı bu enişdə özünü görür.

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda dekabrın 14-nə olan hava proqnozu açıqlanıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin