“Bakı, sabahın xeyir!” – bu mahnı Bakının səhər ritmi, şəhər yaddaşı, dar küçələr, dəniz qoxusu, günəşin oyanışıdır. Və bu mahnı Bakı ilə bir-birinə sıx sünbül toxunuşla hörülüb. Və sanki elə Bakının ilk sabahı ilə birlikdə doğulub, yaranıb.
1972-ci ildə şair İslam Səfərlinin sözlərinə, bəstəkar Emin Sabitoğlunun yazdığı bu mahnı artıq yarım əsrdən çoxdur ki, Bakının səsli-sədalı küçələrində, köhnə həyətlərində, Xəzərin sahillərində yaşayır. Mahnını ilk dəfə Yalçın Rzazadə səsləndirdi, sonra isə Flora Kərimova məlahətli ifası ilə ona yeni bir nəfəs verdi. Lakin bu mahnının əsl qəhrəmanı nə ifaçıdır, nə də müəllifləri. Bu mahnının qəhrəmanı Bakıdır – səhər yuxusundan yeni oyanan, hətta yarıxulu, gözlərindən gecə gördüyü röyanın xoşbəxt notları süzülən, günəşi Xəzərin qoynundan qarşılayan, sevgiyə bürünmüş Bakı.
Emin Sabitoğlunun musiqisində qəribə bir yüngüllük var. Melodiya sanki şəhərin üzərində uçan səhər mehidir. İlk akkordlardan hiss olunur ki, burada təntənə yox, səmimiyyət danışır. Musiqi insanı tələsməyə yox, dayanıb ətrafa baxmağa çağırır. Günəşin dənizin üzərində yaratdığı qızılı cığırı izləməyə, köhnə Bakının daş divarlarına düşən işığı seyr etməyə dəvət edir.
İslam Səfərlinin sözləri isə mahnını adi şəhər nəğməsindən çıxarıb sevgi etirafına çevirir:
“Qayıdıb xoş güzərdən,
Günəş qalxır Xəzərdən…”
Bu misralarda səhərin təsviri ilə bir xətdə yeni günə, həyata, sevgiyə inam var. Şair günəşin doğuşunu təsvir etsə də, əslində insanın daxilində doğan işıqdan danışır. Xəzərin üzərindən qalxan günəş sanki bütün şəhəri oyadır və bu oyanışın mərkəzində bir sevgili dayanır.
Mahnının ən gözəl cəhətlərindən biri də budur ki, Bakı ilə sevgili bir-birinə qarışır. Bəzən elə bilirsən şair şəhərə müraciət edir, bəzən isə bir insana. Çünki sevən adam üçün şəhər də sevdiyi insanın simasına bənzəyir.
“Hörükləri qaradır,
Qaşları ayparadır…”
Bu misralarda sevgili qız təsvir olunur. Ancaq həmin qızın simasında Bakının özü də görünür. Qara saçlar gecə Bakısını, aypara qaşlar isə şəhərin üzərindəki ay işığını xatırladır. Elə buna görə mahnı həm məhəbbət nəğməsidir, həm də şəhər himni.
Mahnının ən təsirli məqamlarından biri isə son bənddədir:
“Xumarlanır ləpələr,
Gülür mehriban şəhər…”
Burada Bakı artıq canlı bir varlıqdır. Dənizin ləpələri xumarlanır, şəhər gülümsəyir. Sevgili isə səhərin qızılı işıqları içində “zər şəfəqdən don geyir”. Bu, Azərbaycan estrada poeziyasında ən zərif obrazlardan biridir. Sanki günəş doğmur, sevgili qız qızılı libasını geyinərək şəhərin küçələri ilə addımlayır.
Bəlkə də mahnının bu qədər sevilməsinin səbəbi onun Bakını daşdan, betondan ibarət şəhər kimi göstərməməsidir. Burada Bakı nəfəs alır, sevir, gülümsəyir. Burada şəhər insanla eyniləşir. Hər səhər işə tələsən adamların, dənizkənarı bulvar boyunca addımlayan aşiqlərin, köhnə həyətlərdə çay süfrəsi arxasında söhbət edən insanların şəhərinə çevrilir.
İllər keçir, Bakı dəyişir. Yeni binalar ucalır, küçələr genişlənir, şəhərin silueti yenilənir. Amma “Bakı, sabahın xeyir!” səslənəndə zaman sanki dayanır. Yenə Xəzərin üstündən günəş doğur, yenə şəhər sevgilinin keçdiyi yollarla yeriyir, yenə kimsə ürəkdən pıçıldayır:
“Bakı, sabahın xeyir!”
Və bu sözlər bir şəhərə – Bakıya yazılmış sevgi məktubudur. Bir nəslin xatirəsi, bir xalqın duyğusu, Bakının heç vaxt köhnəlməyən səhər nəğməsidir.
Xanım Aydın