Nəşr edilmişdir 10/18/2024

Paylaşın

TARİX

Bakı Şəhər İcra Hakimiyyətinin binası necə tikilib?

Binanın girişindəki qüllənin inşası ilə bağlı gərgin müzakirələr haqqında

Bilirdinizmi ki, indi Bakı Şəhər İcra Hakimiyyətinin binasına xüsusi gözəllik verən giriş qülləsi vaxtilə qeyri-qanuni tikili sayılıb? Şəhərin baş planını pozduğuna görə…

Hətta bu qüllənin inşasına qadağa qoyulub!

Bütün bunlar uzaq 1900-cü ilin dekabrında olub…

Əvvəlcə binanın tikilmə tarixi haqqında bir neçə söz.

1870-ci ilin iyununda Rusiya imperatoru şəhər ictimai idarəetmə orqanları yaradılması haqqında fərman imzalayır. Bu fərmanla şəhər bələdiyyə idarələri və şəhər dumaları təsis etmək nəzərdə tutulur. Lakin Bakı şəhər Dumasının təşkili səkkiz il ləngiyir və yalnız 1878-ci ildə fəaliyyətə başlayır. Yeri gəlmişkən qeyd edək ki, şəhər Duması o dövrdə, müasir dillə desək, şəhər parlamenti rolunu oynayıb. Və Rusiya qanunlarına görə bu “parlament”ə – Bakı şəhər Dumasına seçilən müsəlmanların sayı bütün Duma üzvlərinin yarısından çox ola bilməzdi. Dörd illiyə seçilən və “qlasnı” adlandırılan Duma üzvlərinin yalnız 50 faizə qədəri müsəlman olmalı idi. Qalan 50 faiz digər millətlərin nümayəndələri…

Bu, çar hökumətinin müsəlmanlara göstərdiyi ayrı-seçkiliyin bariz nümunəsi olub və tamam başqa mövzudur. İndi söhbət Bakı şəhər Dumasından gedir…

Dumanın ilk iclası 1878-ci il yanvarın 8-də açılır. Onda hələ Bakı Dumasının binası yox idi. Bakı “parlamenti” icarəyə götürülən binada fəaliyyət göstərirdi.

Sonralar dəfələrlə məsələ qalıdrılır ki, Bakı kimi varlı şəhərin niyə öz Duma binası olmasın?

Nəhayət, 1898-ci ildə şəhər idarəetmə orqanı üçün bina tikmək qərara alınır. Layihə hazırlanır, təsdiq edilir və binanın özülü qoyulur.

1900-cü il mayın 18-də “Kaspi” qəzeti qısa xəbər dərc edir: “Bu gün, mayın 18-də Nikolayevsk küçəsində (Müqəddəs Nina məktəbi ilə üzbəüz) şəhər evinin təntənəli təməlqoyma mərasimi olacaq”.

Bəs niyə “şəhər evi”?

Məsələ ondadır ki, bu bina “qorodskoy dom” – “şəhər evi” adı ilə layihələşdirilib. Nəzərdə tutulub ki, binada Dumanın dəftərxanası və iclas zalı yerləşəcək, digər otaqlarda başqa dövlət orqanları da fəaliyyət göstərə bilər.

Bir neçə gün sonra “Kaspi” qəzeti “şəhər evi”nin tənətənəli təməlqoyma mərasiminin keçirildiyi barədə məlumat verir. Qeyd olunur ki, mərasimdə Bakının vitse-qubernatoru P.Lileyev, Bakı Dairə Məhkəməsinin sədri K.Kolbasin, şəhər başçısı Fon Der Nonne, Dumanın qlasnıları, upravanın üzvləri, din xadimləri iştirak ediblər.

Qısa qəzet xəbərində ətrafa çoxsaylı şəhər sakinlərinin toplaşdığı və məşhur fotoqraf Mişonun mərasimdən şəkillər çəkdiyi də qeyd edilir.

Beləcə Bakının baş memarı İosif Qoslavskinin layihəsi əsasında indiki Bakı Şəhər İcra Hakimiyyətinin binasının tikintisi başlanır. Lakin elə həmin ilin dekabrında Bakının qubernatoru, general-mayor Dmitri Odintsov tikinitinin dərhal dayandırılması barədə göstəriş verir.

Axı nə baş verir?

Tikilməkdə olan bina niyə qubernatorun qəzəbinə tuş gəlir?

Bu sualın cavabı general D.Odintsovun Bakı şəhər başçısına ünvanladığı və hazırda Dövlət Tarix Arxivində qorunan məktubdadır: “Nikolayevsk küçəsində, Müqəddəs Nina məktəbi ilə üzbəüz tikilən binanın bir hissəsi səkini tutur. Ona görə də xahiş edirəm mənə məlumat verəsiniz ki, göstərilən binanının inşası zamanı səkinin bir hissəsi niyə tutulub?”

Söhbət indi Bakı Şəhər İcra Hakimiyyəinin binasının girişində ucalan qüllənin tikintisindən gedir…

O dövrün bürokratik qydalarına uyğun olaraq bir idarədən o biri idarəyə məktublar gedir, binada inşaat işləri isə davam edir.

Fevral ayında qubernatorun idarəsindən şəhər başçısına daha bir etiraz məktubu daxil olur.

Şəhər başçısı qubernatora martın 3-də cavab yazır. Bildirir ki, inşasına başlanan “şəhər evi”nin girişində fayton saxlamaq üçün apparel tikilir, ona görə də həqiqətən səkinin bir hissəsini orada qurulan iki sütun tutub. Sütunla bina arasında isə əhalinin gediş-gəlişi üçün 4 arşından bir qədər çox boş sahə saxlanıb. Bu çıxıntıdan başqa 1,5 arşın ölçüdə əlavə səki də olacaq. Deməli, əhalinin gediş-gəlişi üçün 6 arşından çox boş yer qalacaq.

Başçı onu da xatırladır ki, binanın girişində qurulan iki dirək isə orada tikiləcək qüllənin özülü rolunu oynayır. Və bu qüllə şəhər Dumasının binasına xüsusi monumental görünüş vermək üçün inşa edilir.

Bir sözlə, şəhər başçısı səkinin tutulmasına və binanın girişində qüllə tikilməsinə haqq qazandırmağa çalışır.

Deyir sən saydığını say, gör Bakı quberanatoru nə sayır: Tikinitinin dayandırılması barədə şəhər polismeystrinə göstəriş verir. Mayın 3-də isə imperiyanın Qafqazdakı ali nümayəndəsinə – Qafqazın Baş Mülki Rəisinə (onda artıq Qafqaz canişinliyi vəzifəsi ləğv edilmişdi) uzun bir məktub yazır. “Şəhər evi” ilə bağlı yaranmış problemi izah edir, eyni zamanda vəziyyəti bir az da dramatikləşdirir. Yazır ki, binaya əlavə edilən qüllə küçənin daralmasına, hmçinin bu küçədə polis nəzarətinin aparılmasına mane olacaq.

“Şəhər evi”nin problemi böyüyür. Məsələ Dumanın iclasında da müzakirə olunur. Qərara alınır ki, Duma adından Qafqazın Baş Mülki Rəisindən xahiş edilsin ki, “şəhər evi”nin girişində qüllə tikilməsinə istisna hal kimi icazə versin. Hətta şəhərin baş planı pozulsa belə…

Şəhər başçısı qubernatora Dumanın qərarını çatdırır və xahiş edir ki, qüllənin saxlanması barədə ali rəhbərlik qarşısında vəsatət qaldırsın.

Yazışmalar və müzakirələr davam edir. Və…

1901-ci il iyunun 11-də Qafqazın Baş Mülki Rəsinin general-leytenant rütbəli müavini Bakı qubernatoruna qısa bir məktub-teleqram göndərir:

…sizin vəsatətinizə əsasən cənab Baş Mülki Rəis istisna hal kimi və yalnız bu dəfə Bakı Şəhər İctimai İdarəsinə icazə verdi ki, şəhərin təsdiq olunmuş baş planından kənara çıxmaqla tikilən “şəhər evi”nin inşasını davam etdirsin. Bir şərtlə ki, bundan sonra qeyd edilən plandan və Bakı şəhərinin tikinti sahəsi üzrə məcburi qərarlardan kənaraçıxma hallarına yol verilməsin.

Bu məlumatdan sonra tikinti davam etdirilir və bu gün Bakı Şəhər İcra Hakimiyyətinin binası kimi tanıdığımız bina indiki görkəmində, binaya xüsusi monumentallıq verən qüllə ilə inşa olunur…

Related Stories

Jurnalist, ssenarist, kino redaktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı, 17 oktyabr, BAKIBAKU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən

xəbərlər

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. BakıBaku xəbər verir ki, paylaşımda deyilir: “Zəfər tariximiz

xəbərlər

Ən son

XƏBƏRLƏR

“COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək”. BakıBaku

XƏBƏRLƏR

“Bu gün səhərə olan məlumata görə, COP29-la əlaqədar 28 min qonaq qeydiyyatdan keçib”. BakıBaku APA-ya

XƏBƏRLƏR

Bəzi tərəvəzlərin rasionumuza daxil edilməsi bir neçə xərçəng növünün inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır.BakıBaku xəbər