Bakı Şəhər İcra Hakimiyyətində şəhərin təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Baki-baku.az xəbər verir ki, müşavirədə paytaxtın müxtəlif sahələrinə aid bir sıra məsələlər qaldırılıb və müzakirə olunub, konkret tapşırıqlar verilib. Bakı şəhərinin mövsümi gül və çicəklərin sayının artırılmasının vacibliyi vurğulanıb.
Toplantıda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, dünyada mövcud olan mürəkkəb geosiyasi və iqtisadi vəziyyətə baxmayaraq, Prezident İlham Əliyevin balanslı və düşünülmüş siyasəti sayəsində Azərbaycan qeyri-sabitlik hökm sürən regionda nəinki sabitlik adası olaraq qalır, həm də uğurla inkişaf etməkdə davam edir. Azərbaycanın sosial sahədə əldə etdiyi nailiyyətlərə toxunan şəhər rəhbəri ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa layihələrindən danışıb.
Eldar Əzizovun sözlərinə görə, Azərbaycan bu gün dünyanın siyasi xəritəsində irimiqyaslı infrastruktur layihələrinin həyata keçirildiyi nadir ölkələrdən biridir. Ağdam, Füzuli, Cəbrayıl şəhərləri xarabalıqlardan gözəl məkana çevrilir, Şuşanın, Xankəndinin siması gözümüzün qarşısında dəyişir.
Prezident İlham Əliyevin yaratdığı iqtisadi modelin unikallığının işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı çoxmilyardlıq investisiya layihələrinin ölkənin ümumi sosial-iqtisadi inkişafına heç bir neqativ təsir göstərməməsindən ibarət olduğu vurğulanıb. Üstəlik, hökumət əhalinin həssas təbəqələrinin sosial müdafiəsini prioritet vəzifə kimi qarşıya qoyub, paytaxtda və ölkənin ən ucqar guşələrində infrastrukturun təkmilləşdirilməsi üçün böyük işlər həyata keçirir.
Müşavirədə Eldar Əzizov Bakı şəhərinin inkişafı, mənzil fondunun yenilənməsi, ictimai nəqliyyatın müasirləşdirilməsi, o cümlədən infrastrukturun inkişafı, yeni park və bağların salınması istiqamətində həyata keçirilən proqramlar barədə məlumat verib.
Eldar Əzizov Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin və hökumətin resurslarının düzgün bölüşdürülməsi strategiyasının yüksək səmərəliliyinə dəlalət edən Bakının və digər regionların inkişaf tempinin əhəmiyyətini qeyd edib.
“Heç kimə sirr deyil ki, bütün bu layihələr milyardlarla investisiya tələb edir və bu miqyasda maliyyə vəsaitlərinin yatırılmasının ölkənin digər sahələrinə mənfi təsir göstərməməsi, dövlət rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi modelin uğurla işlədiyini aydın şəkildə nümayiş etdirir. Sosial sahənin inkişafına xüsusi diqqət yetirilir, infrastrukturun yenilənməsi ilə bağlı genişmiqyaslı işlər həm paytaxtda, həm də ölkəmizin ən ucqar bölgələrində həyata keçirilir”, – deyə şəhər rəhbəri əlavə edib.
Eldar Əzizov fəxrlə vurğulayıb ki, Azərbaycan bütün dünyaya torpaqlarını müstəqil şəkildə azad etməklə bərabər, həm də geosiyasi qeyri-sabitlik və dünyada hökm sürən iqtisadi böhran şəraitində bu əraziləri dağıntılardan bərpa etməyə qadir olduğunu sübuta yetirib. Bu inkişaf tempinə və nailiyyətlərə bu gün nə MDB məkanında, nə də Şərqi Avropada heç bir ölkə sahibdir. Beləliklə, tam əminliklə deyə bilərik ki, İlham Əliyev tərəfindən yaradılmış dövlətin siyasi-iqtisadi modeli özünü tam şəkildə doğruldub.