Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/23/2025

Paylaşın

TARİXİMİZ

“Bakı” qəzetinə verilən xüsusi imtiyaz Heydər Əliyevin adı ilə bağlı idi

Milli mətbuatı milli məfkurənin təməl daşına çevirən, “Hər kəsi çağırıram gəlmir…” nidası, həm də kədəri ilə tarix yaradan, mümkün olmayanları mümkünə çevirən Həsən bəy Zərdabi ilk anadilli mətbu orqanın, “Əkinçi”nin əsasını qoymaqla Əbədi istiqlalın konturlarını müəyyən etdi. Cümhuriyyət qurucularının baş ideoloquna çevrildi. “Əkinçi”dən “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-rus”, “Kaspi”, “Füyuzat”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Hümmət” doğuldu. Cümhuriyyət Qızıl ordunun qırmızı terroruna məruz qalanda milli mətbuatın incilərini sovet mətbuatı nümunələri əvəz etdi. “Yeni yol”, “Gənc işçi”, “Kommunist”, “Vışka”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Təşviqatçı”, “Bakı” və “Baku” qəzetləri yarandı. “Əkinçi”dən 83 il sonra işıq üzü görən “Bakı” klassika ilə müasirliyin körpüsünə çevrildi.

Nəsir müəllim “Bakı”nı Bakının aynasına çevirdi

“Bakı” qəzeti fəaliyyətə başlayanda Nəsir müəllim “Gənc işçi”, “Yeni yol”, “Kommunist” , “Döyüşən Krım” qəzetlərində, Bakı Şəhər Sovetində, Mərkəzi Komitədə, Radioinformasiya Baş İdarəsində, Radio və Televiziya Komitəsində məsul vəzifələrdə çalışmışdı. Sənətin, mədəniyyətin himayədarlarına çevrilib varlığını sübut etmişdi.

1958-ci il yanvarın 10-da işıq üzü görən, 35 min tirajla nəşrə başlayan “Bakı” milli-mətbuat tariximizə özünün səsi, nəfəsi, dəst-xətti ilə yazıldı. Oxucu auditoriyası ilə o dövrün məşhur qəzetlərinin səviyyəsinə çatdı. Dili, üslubu, yazı manerası, hadisələrə münasibəti, ictimai-siyasi və mədəni mühitdə baş verən olayları çevik, operativ şəkildə əks etdirməsi “Bakı”nı təkcə bakılıların deyil, bütün respublikanın sevimlisinə çevirdi. Bu qəzetin səhifələrində ilk dəfə idman şərhləri, beynəlxalq aləmdə baş verən hadisələrə münasibət, rəsmi və qeyri-rəsmi tədbirlərdən birbaşa reportajlar özünə yer aldı. Ana dilinin bütün incəlikləri ilə işıq üzü görən, orfoqrafiya və orfoepiya qaydalarına əməl edən, sözü müxtəlif çalarlarda oxucuya təqdim edən, ona baş yazarının üslubunu gətirən “Bakı” qəzeti ədəbi səhifələri ilə tez bir zamanda şöhrətlənməyə başladı. Respublikamızda və dünyada baş verən hadisələrə ayna tutan “Bakı” dövrünün məşhur qələm sahiblərinin, gənc istedadların, ədəbiyyatda, poeziyada, incəsənətdə, mədəniyyətdə, elmdə öz sözünü deməyə cəhd edən insanların tribunasına çevrildi.

“Bakı” qəzetinin daimi oxucusu tək mən də Həsən Seyidbəylinin, Balaş Azəroğlunun, Qılman İlkinin, Mir Cəlalın, Hüseyn Abbaszadənin, Rəsul Rzanın, Qabilin, Bəxtiyar Vahabzadənin, İsmayıl Şıxlının, Vidadi Babanlının, Anarın, Elçinin nəşriyyat üzü, senzura qayçısı görməyən əsərlərini isti-isti “Bakı” qəzetindən oxumuşam. “Ardı var” sonluğu ilə çap olunan roman və povestlərin baş qəhrəmanlarının taleyini öyrənmək üçün axşam saat 5-i səbirsizliklə gözləmişəm. Hamı kimi mən də qəzet köşklərinin önündə növbələrə dayanmışam. Onu da qeyd edim ki, “Bakı”nın məşhur olduğu dövrlərdə 150-200 min tirajla çap olunan, digər mətbu orqanlara meydan oxuyan qəzetlər var idi. “Kommunist”, “Vışka”, “Bakiniski raboçiy”. Bu qəzetlərin məşhurluğu ancaq tirajında idi. Təkcə şəhərdə deyil, bölgələrdə də saysız-hesabsız məcburi abunəçiləri var idi. Sovet mətbuatının bütün çalarlarını, qayda-qanunlarını özündə yaşadan bu qəzetlərdən fərqli olaraq “Bakı” qəzeti özünün dəst-xətti, hadisələrə münasibəti, sənəti, mədəniyyəti himayə etmək məharəti ilə milli-mətbuatımızın zülmətləri yaran günəşinə çevrilmişdi.

Nəsir müəllimin “Bakı”sı bir Məktəb idi

Milli dövlətçilik tariximizdə iki baş şəhərimizin – Təbrizin və Bakının nazını az çəksək də, adını həmişə sevə-sevə tutmuşuq. Bayatı, dastan qoşmuşuq. Təəssüf ki, müfəssəl tarixini yazmamışıq. Bu böyük xoşbəxtlik, səadət daha çox iki fədakar tarixçi alimə – tarix elmləri doktoru, professor Sara xanım Aşurbəyliyə və düz 70 il ömrünü şama pərvanə edən, redaktə etdiyi yazıların qanadında gündə yüz yol dərgaha gedən “Bakı” qəzetinin baş yazarı, professor Nəsir İmanquliyevə nəsib olmuşdu…
Qəzetin elə birinci sayından, şəhərin qaynar həyatını, quruculuq işlərini işıqlandırmağa çalışan, “Qəzet yaxşı yazıları ilə şöhrətlənir. Onu oxunaqlı edən həm də müəlliflərin nüfuzu, qələmlərinin kəsərliliyidir. Biz ilk növbədə qəzetin ətrafına güclü qələm sahibləri toplamağı, sənət adamlarının yazılarını verməyi vacib sayırdıq. Adlı-sanlı adamların, yazıçı və şairlərimizin qələmindən çıxan hekayələr, oçerklər, reportajlar oxucuların qəlbinə yol tapır, onlar tərəfindən rəğbətlə qarşılanırdı…” “Yazı yazın, səs salıb mis kimi cingildəsin” nidasına tapınıb “Bakı”nı “Əkinçi”nin, “Molla Nəsrəddin”in mənəvi varisinə çevirən, “Jurnalistika elə nadir peşələrdəndir ki, orada peşəkar mükəmməlliyin son həddi yoxdur” deyib, Şamil Şahməmmədov, Cəmşid Əmirov, Qeybulla Rəsulov, Cabir Novruz, Şamil Qurbanov, Famil Mehdi, Fazil Rəhmanzadə, Nüsrət Kəsəmənli, Çingiz Ələkbərov, Rəfail Nağıyev, Adil Cavadlı, Əhməd Rəşidov, Səfər Məmmədov, Şakir Abdullayev, İsmayıl Kərimov, Şaban Şabanov, Oktay Atayev, Mark Peyzel, Kamil Hacıbəyli, Vladimir Matyuşkin, Kamil Rəhimov, Akif Ağayev, Dağbəyi İsmayılov, Ağahüseyn Hüseynov, Zemfira Məhərrəmli, Hacı Babayev, Leonid Qerçikov, Vyaçeslav Sidorenko kimi neçə-neçə istedadlı qələm sahibinin, publisistin püxtələşməsinə, cəmiyyətdə mövqe tutmasına, özünü təsdiq etməsinə ömür əridən Nəsir müəllim ustadlıq zirvəsinin birinci mərhələsini gözünün nuru ilə qurduğu jurnalistika fakültəsinin auditoriyalarında yaşayırdısa, ikinci mərhələsini nəzəriyyə ilə təcrübənin vəhdətində qurub-inkişaf etdirdiyi “Bakı” qəzetinin redaksiyasında yaşayırdı.

Bu dirçələn, inkişaf edən şəhərin adına dastan bağlayan bəstəkar Tofiq Quliyevin silsilə mahnıları, ölməz Rəşid Behbudovun ifaları isə yeni bir aləm idi. Bu aləmin gücünü, məna tutumunu, ancaq “Bakı” ilə, onun məşhur baş yazarının yüksək təşkilatçılıq bacarığı və öz şəhərinə sıcaq münasibəti, içdən gələn istəyi ilə müqayisə etmək olardı. Bu, üç sənət, söz adamını – Nəsir İmanquliyevi, Tofiq Quliyevi, Rəşid Behbudovu isə bu şəhərdə nə tanımayan, nə də sevməyən var idi…

O gözəgörünməz qüvvə Nəsir İmanquliyevə bütün səlahiyyətləri vermişdi

70-ci illəri milli-mənəvi dəyərlərin qorunması, yaddaşa qayıdış, milli özünüdərk ideologiyasının formalaşması kimi qəbul edənlər, bu uzaqgörən siyasətin ideya müəllifi kimi ümummilli lider Heydər Əliyevi etirafda bulunur. Onun xilaskarlıq və himayədarlıq missiyasını müasir, müstəqil Azərbaycanın nicat yeri bilir. Bu illər ərzində əli qabarlı kolxozçuların, fəhlələrin haqqını mərkəzdən alıb, keçici bayraqları, orden-medalları Vətənə gətirən Heydər Əlirza oğlu Əliyev SSRİ səmasından ən parlaq ulduzları qoparıb, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Niyazi, Rəsul Rza, Mirzə İbrahimov kimi dühaların yaxasından asdı. Nizamilər, Füzulilər, Nəsimilər yetirən, fəqət sinəsinə repressiya, müharibə dağa çəkilən qüdrətli xalqın haqqını özünə qaytardı. Adil İsgəndərov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk kimi haqq aşiqlərini himayə edib, “KQB”-nin caynağından aldı.
Bu xilas olunanların, üzdə görünməyən şəxsiyyətin himayəsini hiss edənlərin içərisində Azərbaycan dilinə, Azərbaycan milli-mənəvi dəyərlərinə, ərazi bütövlüyünə, muğamlarımıza, xalq mahnılarımıza, sənət-söz adamlarımıza qarşı səlib yürüşü başlayanda Mircəfər Bağırovun, İmam Mustafayevin, Vəli Axundovun peşəkar kadr, vətənpərvər ziyalı, nüfuzlu dövlət xadimi kimi etiraf və etibar etdiyi Azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərin təbliğatçısı kimi dəyər verdiyi Nəsir İmanquliyev – “Bakı” və “Baku” qəzetinin qurucusu, qüdrətli bir şəxsiyyət, ötkəm redaktor da var idi. Fəqət bunu nə o, nə də yuxarılar üzə vururdu.
O gözəgörünməz qüvvə şəhər qəzetini şəhərin, mədəniyyətin, milli-mənəvi dəyərlərin aynasına çevirmək üçün, nədən, niyə və kimin üçün yazdığını bilən redaktora Nəsir İmanquliyevə bütün səlahiyyətləri vermişdi.
Elə olmasaydı, iki dildə, həftədə 12 sayı işıq üzü görən, sənətin, mədəniyyətin himayədarına, şəhərin ictimai-siyasi, sosial-mədəni mühitinin aynasına, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin yaradıcılıq laboratoriyasına çevrilən “Bakı” qəzeti klassika ilə müasirliyin, ənənə ilə novatorluğun sintezində “Əkinçi”dən, “Molla Nəsrəddin”dən, “Füyuzat”dan sovet mətbuatına bitib-tükənməyən yol gələn milli mətbuat nümunəsinə çevrilə bilməzdi.

“Bakı” qəzetinə verilən xüsusi imtiyaz Heydər Əliyevin adı ilə bağlı idi

“Kommunist”, “Gənc işçi”, “Yeni yol”, “Döyüşən Krım” qəzetlərinin əsas yazarı, məsul katibi kimi tanınan, “Radio proqramı”nın, “Bakı” və “Baku”nun təməlini qoyan professor Nəsir İmanquliyevin millət, məmləkət qarşısında ən böyük xidmətlərindən biri, bəlkə də birincisi “Vətənin səsi” qəzetini qurmasıdır.
Sonralar Vətən Cəmiyyətinin mətbu orqanı kimi fəaliyyət göstərən bu qəzetin təməlini qoymaq haqqı da peşəkarlığı, təşkilatçılığı, redaktorluq məharəti ilə ad çıxaran Nəsir İmanquliyevə verilir. Dünya Azərbaycanlılarının birliyinin, bütövlüyünün, diaspora məsələlərinin carçısı olan bu qəzetin ideya müəllifi Azərbaycanın I katibi Heydər Əliyev, onu gerçəyə çevirən isə Nəsir İmanquliyev idi: “…Heydər Əliyev I katib kimi fəaliyyətə başlayandan sonra hər sahədə inkişaf özünü büruzə verdi. Mətbuatda da azad fikirlilik hökm sürməyə, üstüörtülü olsa da, milli siyasət yürüdülməyə başladı. “Bakı” qəzetinə verilən xüsusi imtiyaz da I katibin – Heydər Əliyevin adı ilə bağlı idi. Onun diqqəti, xüsusi qayğısı və səyi nəticəsində “Bakı” və “Baku” milli mətbuat orqanına çevrildi, o dövrün qəzetlərindən fərqləndi. Belə bir zamanda onun tapşırığı ilə yeni bir qəzet təşkil etmək məsələsi Mərkəzi Komitədən mənə tapşırıldı. Müharibə dövründə əsir düşmüş, kənarda qalmış azərbaycanlılar üçün “Vətənin səsi» adlı bir qəzet işıq üzü gördü. Xarici Ölkələrlə Əlaqə Cəmiyyətinin orqanı kimi nəzərdə tutsaq da, ilk vaxtlar gizli çıxırdı bu qəzet, KQB imkan vermirdi.. Çox böyük faydası oldu. Bizdən uzaq düşənlərlə aramızda bir körpü yaratdı “Vətənin səsi”. Neçə-neçə azərbaycanlının vətənə dönmək qeyrətini gücləndirdi “Vətənin səsi”!..”

“Qəzet kitablar”a kimi Nəsir müəllimin əfsanəsi, kimi də Şah əsəri dedi

60-cı illər mətbuatının nəfəsliyi olan, ustad ucalığından jurnalistika adlı nəhrə boylanan, doğmaları, yetirmələri ilə qürur duyan Nəsir müəllim “Bakı” və “Baku” adlı qalın yox, qalan kitablar qoydu. Bu, düz 30 il oxucularını deyib sevə-sevə köşklərə gələn “Qəzet kitablar” idi. Vaxtı, zamanı özü ilə çəkib aparan “Qəzet kitablar”a kimi Nəsir müəllimin əfsanəsi, kimi də Şah əsəri dedi.
Kim nə deyir, desin! O əfsanənin, Şah əsərin özü – “Yeni Yol” qəzeti bağlandıqdan sonra düz 20 ilə yaxın “əhalisinin yarısından çoxu azərbaycanlılardan ibarət olan şəhərin günahı nədir ki, ana dilində çıxan qəzeti bağlasın” deyib Mərkəzi Komitənin dincliyini əlindən alan, tərcümeyi-halına “ötkəm redaktor”, “təşkilatçı mühərrir”, “peşəkar jurnalist”, “kişi adam” kəlmələrini yazan Nəsir İmanquliyev idi!

“Əkinçi”, “Füyuzat”, “Molla Nəsrəddin” ənənələrinə söykənərək, milli mətbuatın “Nəsir İmanquliyev” və “Bakı” zirvələrini yaradan Nəsir müəllim bünövrəsini qoyub, peşəkar kollektivini formalaşdırıb düz bir qərinə – 30 il rəhbərlik etdiyi “Bakı” və “Baku” qəzetlərinin onlayn rejimdə Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yenidən oxucuların görüşünə gəlməsi “Jurnalist dəqiq, qərəzsiz, vicdanlı olmalıdır. Ürəyinin səsinə qulaq asmalıdır. Peşəsini kiminsə pul kisəsindən asmamalıdır!.. Bir yazı yazanda düşünməlidir ki, haradasa onu bir nəfər oxuyur, bax o oxucu naminə yalan yazmamalıdır, saxtakarlıq etməməlidir” nidası ilə nə az, nə çox düz 60 il qələm çalan, “Bakı”nı “Əkinçi”nin mənəvi varisinə çevirən Nəsir İmanquliyev irsinə, şəxsiyyətinə ehtiramın əlamətidir.

“Bakı” qəzeti “Əkinçi”dən 83 il sonra nəşrə başladı. Zərdabinin müəyyənləşdirdiyi təməl prinsiplərlə millətə, məmləkətə təmənnasız xidmətdə bulundu. Dəqiq, qərəzsiz, vicdanlı dünyası ilə cəmiyyətin tərəqqisinə töhfələr verdi. Həsən bəy Zərdabinin ənənələrini davam etdirdi. Yüz minlərlə tirajı ilə meydan sulayan mətbu orqanların sırasında özünəməxsus dili, üslubu, yazı manerası, məlumatlandırmaq, maarifləndirmək missiyası ilə tarixlə müasirlik arasında körpüyə çevrildi. Zərdabinin irsinə, şəxsiyyətinə ehtiram hissi ilə yanaşan redaktorun – Nəsir İmanquliyevin peşəkarlığı, əzəməti, əyilməzliyi sayəsində “partiyanın təkərciyinə, vintciyinə çevrilən” qəzetlərdən fərqləndi. Bu il milli mətbuatın 150 illiyidir. Bu illər ərzində əldə olunan nailiyyətlərdə “Bakı”nın öz yeri, dəsti-xətti, imzası var. O, Zərdabinin imzasına bərabər Nəsir İmanquliyev imzasıdır.

Şərəf Cəlilli

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb