Ağır seyid nəslindən olan tacir Hacıağa qəfil gördüyü yuxudan oyansa da, onun təsirindən çıxa bilmirdi. Al-qırmızı qumaşdan hazırlanmış yatağına sanki qor dolmuşdu. Salavat çevirmək istəyəndə ovcunda işığı divarlara düşən qızıl pul gördü. Əvvəlcə yuxu içində yuxu gördüyünü zənn etdi…
Amma yox, gözü dərçədən içəriyə düşmüş sübh şəfəqlərinə sataşanda yuxuda olmadığına əmin oldu. Cəld həyat yoldaşı Fatimə xanımı dümsükləyib yuxudan oyatdı:
– Xanım, bir ayağa qalx, gör başımıza nə iş gəlib…
Gözlərini ovuşdurub ayılan sarışın qadın da hövlnak soruşdu:
– Nə olub, ay kişi? Qoysana yataq!
– Xanım, yuxuda gördüyüm röya gerçəkləşib. Yuxuda gördüm ki, Allah-Təala tərəfindən ovcuma qızıl pul qoyulur. Ayılanda isə həmin pul, doğrudan da, ovcumun içində idi. Həm də bu pulun üzərində Qurani-Kərimdən ayələr var. Öz-özündən də işıq saçır. İlahi, sənin etdiklərinə və göstərdiyin möcüzələrə inanmayanlar kafirdir.
Xanım cəld Hacının ovcundakı qızıldan hazırlanmış mübarək pula nəzər yetirdi. Həmin an yataq otağında sanki elektrik işığı yanırdı. Hacı gördüyü yuxunun gerçəkliyinə heyrətlənsə də, pulu xərcləməyib məxmər parçaya tikdi və sandığın içinə qoydu. Bundan sonra onun var-dövləti birǝ-on artdı.
Bir gün Hacının evində çalışan qulluqçular və aşpaz yığışıb xanıma dedilər:
– Ay xanım, yuxuda Hacıya verilən qızıl haqqında şəhərdə çox söz-söhbət gedir. Olarmı ki, siz o mübarək hədiyyəni bizə də göstərəsiniz?
Xanım qulluqçu-qaravaşın marağını görüb gülərüzlə dedi:
– Niyə olmur, gedin hamama, qüsullanın, namaz qılın, onda mən ağanın həmin saxlancını sizə göstərǝrǝm.
Qulluqçular eşitdiklərindən sevinib qüsul alıb namaz qıldılar. Xanım onların hamısını bir otağa toplayıb sandığın ağzını bismillahla açdı və məxmər kisədə saxlanılan həmin qızıl pulu onlara nümayiş etdirdi. Bu mərasimdə iştirak edən adamlardan biri sonralar tanışlarına deyirdi:
– Pul görünəndə sanki ev işıqlandı, ətrafa nur yayıldı. Elə bil qeybdən işıq seli axırdı. Qulluqçulardan bəziləri gördükləri mənzərənin təsirindən huşunu itirmişdi. Salavat çevirib üz-gözümüzü “Yaradanın hədiyyəsi”nə sürtmək üçün xanımdan izin istədik. Elə bil gözlərimizə işıq, qolumuza güc gǝldi. Hər kim ki həmin mübarək hədiyyəyə toxundu, hamısı az bir zaman içərisində kasıblığın daşını atdı.
Deyilənlərə görə, Yaradanın Hacı Hacıağaya bağışladığı bu hədiyyəni çoxları əldə etmək istəsələr də, nəticə hasil olmayıb.
Şəhərin qırx lotusunun başçısı qoçu Güləli də hədiyyənin sehrli qüvvəyə malik olduğunu və hər gün sandıq-sandıq pul artırdığını fikirləşirdi. Odur ki, Hacı Hacıağa səfərdə olduğu vaxt plan qurub evin bacasından içəri düşüb axtara-axtara sandıqlar saxlanılan otağı tapdı. Öncə axtarışlarının səmərəsi olmadı. Lakin bütün sandıqları əlǝk-vələk etdikdən sonra, nəhayət, kiçik bir sandıqçada istədiyini tapanda sevindiyindən çırtıq çalıb oynadı. Qənimətini cibinə qoymazdan öncə onu məxmər kisədən çıxarıb tamaşa etmək istədi, üzəri Quran ayəli pulu əlinə alanda dünya-aləm gözlərində qaraldı. Həmin an qoçu Güləli iflic olub gözlərinin nurunu itirmiş halda yerə sǝrǝləndi. Ertəsi gün ev adamları onu bu vəziyyətdə sandıqlar saxlanılan otaqda tapdılar.
Onlar bu haqda səfərdən qayıdan Hacıya danışanda, o, xeyli fikrə daldı və hamını qonaq otağına çağırıb dedi:
– Övladlarım, bilin ki, biz ağır seyid nəslindənik. İndiyədək kimsənin malına haram nəzərlə baxmamışıq. Qoy bu sizin üçün də dərs olsun.
Sonra da eşikağasına tapşırıq verdi ki, qoçu Güləlinin evinə gedib onu faytona qoyub yanına gətirsin.
Eşikağası cəld Qoçu Güləlinin evinə getdikdə gördü ki, yoldaşı ağlaya-ağlaya şikəst qalmış Güləlinin ağzına yemək tökür. O, hansı niyyətlə gəldiyini bildirəndə Güləlinin arvadı ərini buraxmaq istəməyib dedi:
– Gedin Hacıya deyin ki, qoçu Güləlinin cəzasını mübarək pulun sahibi özü verib, başqa cəzaya ehtiyac yoxdur. Amma Hacının niyyətinin pis olmadığını bildirən eşikağası onun ailəsini razı saldı və iki nəfərlə köməkləşib Güləlini faytona qoydu.
Sonra Hacı əmr etdi ki, qoçu Güləlini oğurluq etmək istədiyi otağa aparsınlar. Əslində, qoçunun düşdüyü vəziyyət ev əhlinin də ürəyini sıxmış, onlar Hacıdan rəhm diləmişdilər. O zaman Hacı zəhmli baxışlarını qaldırıb kəlmə kəsmədən adamların üzündə gəzdirmiş, sonra isə hamını otaqdan çıxarıb qoçu Güləli ilə təkbətək qalmışdi. Sandıqçadan mübarək qızılı çıxarıb Güləlinin üz-gözünə çəkib dodaqlarının altında dua oxuya-oxuya gəzdirmişdi. Sonra dayanıb uca səslə demişdi:
– Güləli, pis işlərdən çəkin, Allahın yoluna qayıt, Tanrı günahından keçər, sənə ruzi göndərər.
Bu sözlərdən sonra qoçunun bədənində tərpəniş hiss edildi. Hacı bu hərəkəti bir neçə gün təkrarlayandan sonra, nəhayət, Güləlinin vəziyyəti düzəldi. Elə həmin an da qoçu Hacının ayaqlarına düşüb dedi:
– Ağa, qulun olum, məni balalarının başına çevir, tövbə edirəm, bir də şeytana uymayacağam!
Bundan sonra Hacı Hacıağa qoçunun pis əməllərə qurşanmaması üçün pul-para ayırıb anbarlarından birinin üstünə nəzarətçi qoydu ki, gözü orada-burada olmasın. Bir neçə il keçdikdən sonra qoçu Güləli müqəddəs Həcc ziyarətinə gedib oldu Hacı Güləli. Hər zaman da kimsəsizlərə əl tutub yardım edər, xeyriyyəçiliklə məşğul olub fəxrlə deyərmiş ki, bu çörəyi mənə Hacı Hacıağa ona etdiyim pisliyin əvəzində verib.
Hacının çörək verdiyi adamların arasında adı indiyədək dillər əzbəri olub millət atası kimi məşhurlaşmış Hacı Zeynalabdin Tağıyev də vardı.
Tağıyev az-çox para toplayıb neft quyusu qazdırsa da, quyu bütün pulları əjdaha kimi udub bir qətrə də neft verməmişdi. Üz tutduğu adamlar isə ona əl uzatmaq istəmirdilər. Onda qonşular məsləhət görmüşdülər ki, Hacı Zeynalabdin içərişəhərli Hacı Hacıağaya müraciət etsin. Tağıyev məsləhətə qulaq asıb Hacı Dadaşovun evinin qarşısına gəlmiş, çaxçaxı vurub nagüman halda gözləmişdi. Eşikağası qapını açıb onun nə istədiyini soruşmuş və gözləməsini xahiş etmişdi. Az sonra isə geri qayıdıb Tağıyevin yuxarı qalxması üçün yol göstərmişdi. Hacı Zeynalabdin yetkin yaşlı olmasına baxmayaraq, evin yuxarı başında əyləşən nurani və zəhmli kişinin yanına gedib əlini öpmüşdü. Sonra qulluqçuların ona göstərdiyi yerdə əyləşmişdi. Hacı Hacıağa qonağa yemək gətirilməsi üçün göstəriş vermiş, bir az çəkinən Tağıyev süfrə başına keçmişdi. Lakin plov qalaqlanmış qablar, qıpqırmızı qızarmış toyuqlar, müxtəlif isgəncəbilər və pambıq kimi çörəklərə əlini uzatmaq istəməmişdi. Səbəbi isə qarşısında qoyulan qab-qacaqdan necə istifadə edəcəyini bilməməyindən irəli gəlirdi. Bunu görən Hacıağa demişdi:
– Bala, çəkinmə, evinizdə necə yeyirsənsə, elə də nuş et!
Nahar bitdikdən sonra pürrəngi çay gəlmişdi. Çayı içə-içə Hacı Tağıyevin kimliyini, nə işlə məşğul olduğunu öyrənib hansı diləyə gəldiyini soruşmuşdu:
– Oğul, niyyətin nədir, de, bu qapıya gələnlər hələ naümid qayıtmayıb, inşallah, sən də muradına yetərsən.
– Ağa, mən bənnayam, hər çöpün qədrini bilən adamam. İndi torpağımızı əcnəbilər istismar edir, fikirləşdim ki, sərmayəmi yatırsam, quyu fontan vurar, mən də varlanıb millətimə xidmət edərəm. Amma çifayda! Quyu pullarımı uddu, məni də borc altında qoydu. İndi ümid yerim təkcə sizsiniz. Fikirləşdim ki, sizi özümə şərik edib quyunu başa gətirərəm.
Tağıyevin ağıllı söhbətinə qulaq asan Hacı Hacıağa dedi:
– Bala, zəhmətkeşsən, həm də qarşında məqsədin var, deməli, istəyinə nail olacaqsan. Sənə lazım olan vəsaiti verəcəm. O ki qaldı şəriklik məsələsinə, mən neft işini haram sayıram. Çünki neft xalqın sərvətidir. Oradan gələn pul da xalqa çatmalıdır. Vəsiyyət etmişəm, gələcək nəvə-nəticəm də bu işlə məşğul olmasın. Xalqın malı ilə qazanılan pulun axırı yoxdur. Bizim burnumuzdan tökülməsə də, gec-tez yeddi şəcərəmizin burnundan töküləcək. Biz var-dövlətimizi mehmanxanalar, karvansaralar, ticarət və gəmiçiliklə qazanırıq. Hətta qardaşım Hacı Şıxəli bu mənsəbə çatmazdan öncə yeddi il gəmilərimdə fəhləlik etmişdi ki, zəhmətlə qazanılan pulun qədrini bilsin. Hacı Hacıağa gələcəyin mesenatı kimi yaddaşlarda qalacaq Tağıyevi bir-bir otaqlardan keçirib sandıqların saxlandığı qırxıncı otağa apardı. O, Zeynalabdinin qarşısında sərvətini nümayiş etdirib dedi:
– Zeynalabdin, sən mayanı İlahinin mənə bəxş etdiyi yeganə sərvətin saxlandığı sandıqdan alacaqsan. Yǝni ruzin başından aşacaq. Amma nǝbadə yoxsul yaşadığın günləri yadından çıxarasan. Götür bu pulları, işini gör və qorxma! Sən məmləkətin ən varlı adamlarından olacaqsan. Ancaq heç vaxt var-dövlət səni aldatmasın, çünki o, bir gün var, o biri gün yoxdur. Savab işlərinin sayını artır. İndi mən Fitilbörkə (Sankt-Peterburq) səfərə gedirəm. Çarın təşkil etdiyi ziyafətdə iştirak etmək üçün dəvət almışam. İnşallah, qayıdanadək sənin də işlərin yoluna düşəcək.
Ertəsi günü Peterburqa yollanan Hacı Hacıağa ailəsinə tapşırıq verdi:
– Əgər Bakıda olmadığım müddətdə Zeynalabdin pul üçün gəlsə, istədiyi qədər verin.
Hacının belə xeyirxahlıqları az olmadı. O, bayramqabağı gecələri hamı yatdıqdan sonra kasıb-kusubların bacasından içəriyə qızıl pul atardı ki, qoy insanlar Allah tərəfindən unudulmadıqlarını görsünlər.
… Hacı Hacıağa Ağadadaş oğlu 1828-ci ildə İçərişəhərdə əsilli-nəsilli tacir ailəsində dünyaya gəlmişdi. 1876-cı ildə o, Qafqaz üzrə birinci dərəcəli tacir rütbəsinə layiq görülmüşdü. Hacı Hacıağanın çoxlu sayda karvansaraları, tüccar dükanları, sərnişin və yükdaşıyan gəmiləri olub. Var-dövləti o qədər idi ki, dünyaya gələn hər övladının şərəfinə Xəzər dənizinə bir gəmi buraxdırmışdı. Təsadüfi deyil ki, köhnə bakılılar arasında indiyədək də bir misal dəbdədir: “Filankəs özünü elə çəkir ki, sanki Hacı Hacıağanın qız nəvəsidir”. Hacı Hacıağa İran şahı və Buxara əmiri ilə yaxın dost olmuşdu. O, İran sərhədinə yaxınlaşanda şahın şəxsi eskortu ilə qarşılanar və saraya qədər müşayiət edilərmiş. Çox dəqiq və sözünün sahibi bir adam olduğundan imza atdığı sənədlərdə heç möhür-ştampa da ehtiyac qalmazmış. Hacı Hacıağa Dadaşovun çar yanında da böyük hörməti vardı. Çar Rusiyası hökmranlıq etdiyi zaman 124 birinci dərəcəli tacirin 12-si azərbaycanlı olmuşdu. Bu sırada beş yer Dadaşovlar sülaləsinə məxsus imiş. Lakin şan-şöhrətlərinin artmasına baxmayaraq, Dadaşovlar heç vaxt qapılarına gələni naümid qaytarmaz, əlindən tutarmışlar…
… Bir gün Tağı adında 80 yaşlı sonsuz bir kişi Hacı Hacıağanın qapısına gəlmişdi. O, ayaqüstə zorla dayanırdı. Özünü evə güclə yedirib heysiz halda qapının çaxçaxını vurmuşdu. Eşikağası qapını açanda Tağı kişidən kim olduğunu soruşmuş, qoca da zəif səslə demişdi:
– Tanrı müsafiri…
Qoca sözünün ardını gətirə bilməyib üzüqoylu yerə yıxılıb huşunu itirmişdi. Nə edəcəyini bilməyən eşikağası cəld onu qucağına alıb yuxarı qaldırmışdı. Hacı Peterburqda olduğundan qulluqçu-qaravaş ağaları gələnədək qocanı evdə saxlamış, onu çimdirib, əyin-başını dəyişdirmişdilər. Peterburqdan qayıdan Hacı Hacıağa əhvalatdan xəbər tutanda bir qədər fikrə dalmışdı. Sonra şəhərin məşhur memarlarından biri olan Ploşkonu yanına çağırtdırmış, onu iş otağına dəvət edib görüşün səbəbini açıqlamışdı:
– Cənab Ploşko, məmləkətimizdə sahibsiz qocalar üçün sanatori-qocalar evi tikdirmək niyyətindəyəm. Bu haqda dumada da fikrimi bildirəcəm. Sizi ona görə bura dəvət etmişəm ki, bu layihəni həyata keçirəsiniz. Məmləkətin imkanlı şəxsləri razı olmamalıdır ki, millətin sahibsiz, qoca və ahıl adamları küçələrdə ölsün. Bütün xərci də öz üzərimə götürürəm, lütfən, çalışıb bu işi tezləşdirin.
Beləliklə, 1870-ci ildə memar Ploşko Hacı Hacıağanın vəsaiti ilə Bilgəh qəsəbəsində qocalar və kimsəsizlər üçün üçmərtəbəli sanatoriya layihəsini hazırlamışdı. Həmin bina indiyədək fəaliyyətdədir. 2000-ci ildən sanatoriyanın yerləşdiyi küçə bilgəhli ağsaqqalların məsləhəti ilə Hacı Hacıağanın adını daşımağa başladı. Hacı Hacıağa və qardaşı Hacı Şıxəli Bakıda milli burjuaziyanın əsasını qoyublar. Ümumiyyətlə, bu ailədə müxtəlif vaxtlarda çoxsaylı milyonçular yetişmişdi. Dadaşovlar sülaləsinin üzvləri çox dindar adamlar olub, Bakı kəndlərində məscidlər tikdirib mədrəsələr açmışdılar. Lakin neft sənayesi inkişaf etdikcə ölkəyə əcnəbi axınını görən Hacı Hacıağa qardaşı Şıxəliyə demişdi:
– Qardaş, mədrəsə ilə çox uzağa getmək olmaz. Düzdür, mədrəsələr lazımdır. Ancaq bizim övladlarımız da Fitilbörkdə və ya Parisdə oxusalar, dünya dağılmaz ki. Qoy əli pul tutan hər kəs millətin gələcəyi naminə uşaqlarımızın təhsil almasına yardımçı olsun. Məgər bizim balalarımız avropalının balasından əskikdir?
Bu dəfə Peterburqa səfər edəndə gərək çara yaxşı bir hədiyyə aparım. Sonra da Bakıda təhsil ocaqlarının açılması üçün xahiş edim.
– Hacı, ağıllı fikirdir. Ancaq cəhalət içərisində yaşayan həmyerlilərimiz öz balalarının kafir məktəblərində oxumasına rüsxət verəcəklərmi?
– Verərlər. Yadındadır, ilk dəfə Rusiyaya səfər edəndə dediyimizi anlada bilməyəndə nə qədər əsəb keçirirdik? Şükür Allaha, indi çarın özü ilə rusca danışıram. Onun həqiqi mülki müşaviriyəm. Fitilbörkə düşəndə saray əyanları çarın atlı kortejinin müşayiəti ilə məni qarşılayır, koretası ilə çarın hüzuruna aparırlar. Hüzuruna çatanda çar III Aleksandr kürkünü çiynimə salır. Səncə, bunlar azdır? Millət ayılacaq. Onun üçün, sadəcə, nümunə göstərmək lazımdır.
Hacı dediyi kimi də elədi. Növbəti dəfə çar III Aleksandrın sarayında qonaq olanda işlər müdiri Əhməd bəyə işarə etdi ki, hədiyyə qoyulan sinini gətirsin. Əhməd bəy üzərinə qırmızı ipək çəkilmiş sinini çarın qarşısına gətirdi. Hacı Hacıağa əli ilə işlər müdirinə işarə etdi ki, hələ gözləsin, sonra isə üzünü III Aleksandra tutub dedi:
– Çar həzrətləri, çariçaya kiçik bir hədiyyə gətirmişəm. Lütfən, qəbul edib bizə şərəf verin!
Əhməd bəy əlindəki sinini III Aleksandrın hüzuruna gətirdi və onun qarşısına qoydu. III Aleksandr taxtından ayağa qalxıb sininin üzərindəki qırmızı ipək örtüyü iki barmağının ucu ilə qaldırdı. Elə bil sarayın divarlarında işıq oynadı. Yaxınlıqda dayanmış əyanlar içlərini elə çəkdilər ki, “heyrət” sədaları ətrafa yayıldı. Sininin ortasına qoyulmuş qızıl diademanın üzərində az qala noxud iriliyində brilyant, almaz, zümrüd, yaqut və mirvarilər bərq vururdu. Diadema o qədər incə və zərif hazırlanmışdı ki, hansısa zərgərin əl işi olduğuna inanmaq çətin idi. Deyəsən, çar III Aleksandr özü də hədiyyənin belə qiymətli olacağını gözləmirdi.
Cəld özünü ələ alan çar qonağının qoluna girdi və soruşdu:
– Hacı, Bakıda nə var, nə yox?
– Əlahəzrət sağ olsun, təbəələrinizin cəhalətdən çıxması lazımdır. Əgər elm və maarif inkişaf edərsə, Bakıda çar hökumətinin dayaqları da bərkiyər.
– Bu məsələyə baxarıq, Hacı…
Elə ertəsi günü Hacı Hacıağa azərbaycanlı balalarının maariflənməsi üçün çar III Aleksandrın razılığını aldı. Ancaq Hacı Bakıya təkcə müjdə xəbəri ilə qayıtmamışdı. Çarın təntənəli şəkildə təqdim etdiyi Peterburq şəhərinin açarları artıq onun əlində idi. Hacı bu münasibətlə evində ziyafət qurdu.
Qonaqlardan biri marağını gizlədə bilməyib Hacıdan soruşdu:
– Hacı, necə oldu ki, çarı yola gətirdiniz? Axı dəfələrlə müraciət edilməsinə baxmayaraq, o, Bakıda məktəb açılmasına izn verməmişdi?
Hacının zəhmli sifətinə təbəssüm qondu. O, saqqalını tumarlayıb qonağın sualına cavab verdi:
– Bala, rus çarı ağıllı adamdır. Bilir ki, mən havayı söz demərəm…
Sonra da çarın Peterburq şəhərinin yubileyi şərəfinə düzənlədiyi ziyafətdə baş verən hadisələrdən danışıb, açarlar təqdim edilərkən çəkilən fotoşəkilləri qonaqlara göstərdi. Beləliklə, Bakıda oğlan gimnaziyalarının fəaliyyətə başlaması üçün fərman verildi.
Məşhur hotellər sahibi olan Hacı Hacıağa Dadaşovun Bakıda “Metropol” və “Təbriz” mehmanxanaları vardı. “Metropol” mehmanxanası Bakı milyonçularının tez-tez üz tutduqları hotellərdən idi. Bu hotellərdə Dadaşovların, Tağıyevlərin, Əsədullayevlərin, Aşurbəyli ailələrinin toy məclisləri qurulmuşdu. Ermənilər tərəfindən təqib edilən ölməz bəstəkarlar Üzeyir Hacıbəyli və Müslüm Maqomayevi Hacı Hacıağa 1904-cü
ildə indiki Nizami muzeyinin yerləşdiyi məşhur “Metropol” hotelinin zirzəmisində gizlədib onların ara sakitləşənədək bayıra buraxılmaması barədə göstəriş vermişdi. Elə həmin il Bakıda ərzaq qıtlığı zamanı üsyan edən qadınların qarşısını da Hacı Hacıağa almışdı. “Metropol”a çatan üsyançıları saxlayaraq hotelin anbarlarında olan ərzağı onlara paylatdırmışdı. Dadaşov mehmanxanaları ilə məşhur olsa da, digər sahibkarlardan fərqli olaraq mehmanxana və istirahət mərkəzlərində kazino və qumarxanaların fəaliyyətinə icazə vermirdi. Hacının övladları onun mesenatlıq və maarifçilik missiyasını davam etdirmişdi. Oğlu Əliabbas ağa ölümünədək Qori Müəllimlər Seminariyasının himayədarı olmuşdu. Ölümündən sonra isə bu işi oğlu Paşa ağa davam etdirmişdi. Bakının elə bir kəndi yox idi ki, Hacı orada məscid tikdirməsin. Onun şəhər kənarında çoxlu sayda ərzaq anbarları da vardı. Dünyanın bir sıra ölkələrindən gətirilən cürbəcür ərzaq növləri ilk dəfə Hacı Hacıağanın dükanlarında satılardı. Azərbaycanda gəmiçiliyin əsasını Dadaşovlar sülaləsinin üzvləri qoymuşdu. Gəmilərini icarəyə verər, Volqa çayı boyu şəhərlərə sərnişinlər daşınardı. Gəmilərdən gələn gəlir isə yetimlər və qocalar evinə sərf edilərdi. Bilgəh kəndində tikilən qocalar evinə sonsuz və kimsəsiz qocalar gətirilər və ölənədək burada himayədə olardılar. Onların əyin-başını və yeməyini hazırlayan qulluqçulardan başqa, əlsiz-ayaqsızların baxıcısı da olardı.
Hacı Hacıağanın qardaşı Şıxəli Bakıda ilk dokun sahibi olmuşdu. Amma bu mərtəbəyə çatanadək yeddi il qardaşının gəmilərində fəhləlik və matrosluq etmişdi.
Şıxəli səy göstərərək gəmiçiliyin sirlərini öyrənmişdi. Kamil gəmiçi olduqdan sonra Böyük Britaniya, İsveçrə və Rusiya kimi dövlətlərin hərbi donanmaları ilə müqavilələr bağlamışdı. Dadaşov qardaşları Bakıya Şollar suyunun, Bakı-Batum neft kəmərinin və dəmir yolunun çəkilməsində də iştirak etmişdilər. Kəmərin çəkilişi üçün qoyulan vəsaitin 25 faizi qardaşlara məxsus idi. Onlar 1887-ci ildən Bakı Dumasının ilk qlasnıları (1917-ci il inqilabından əvvəl Rusiyada şəhər dumasının və digər seçkili idarənin üzvü) olub, ömürlərinin sonunadək bu vəzifəni daşımışdılar. İclasların birində duma binasının tikilməsi məsələsi müzakirə edildikdə bu işə ilk dəstəyi Dadaşov qardaşları vermişdi. Onlar 1901–1904-cü illərdə inşa edilən bu binaya yetərincə vəsait ayırmışdılar.
Hacı Hacıağanın Məsmə və Bilqeyis adında iki qızı, Əliabbas və Yusif adında iki oğlu vardı. Məsmə xanımı Buxara əmiri öz oğluna istəsə də, Hacı bu izdivaca razı olmayıb, “Qızı Vətəndən kənara vermərəm”, – demişdi. O, qızlarından birini bakılı Hüseynqulu xanın qardaşı Əliqulu xanın nəvəsinə vermişdi. Məsmə xanımın adı verilən gəmi isə sovetləşmə zamanı “Marks” adlandırılmışdı. Hacı Hacıağa övladlarının Avropa təhsili almaları üçün əlindən gələni edirdi. Övladlarından Əliabbas ağa İsveçrədə təhsil alıb və əmisi Şıxəli ilə birlikdə gəmi təmiri zavodunun təməlini qoyub, sahibi olmuşdu. Hacı Hacıağanın oğulları Yusif ağa və Əliabbas ağa Dadaşovlar nəsillikcə Rusiyanın fəxri vətəndaşları adına sahib idilər. Düzdür, Hacını gözü götürməyənlər də az olmamış, tez-tez ona “sandıq milyonçusu” deyərmişlər. Amma Hacı heç vaxt qeybətə, dedi-qoduya əhəmiyyət verməz, öz işində olardı.
Deyilənə görə, Hacının qəribə xasiyyətləri vardı. Məsələn, xoşu gəlməyən adamların iştirak etdiyi məclisdən xudahafizləşib həmin yeri cəld tərk edər, lakin ictimai durumundan asılı olmayaraq, könlünə yatan şəxsləri evinə dəvət edib həmsöhbət olar və qaş-daşlarla bəzədilmiş nərdtaxtasını ortaya gətizdirərmiş. Bu şərəf də Bakıda çox az adama nəsib olarmış.
Milyonçu-mesenat Hacı Hacıağa Dadaşov 1905-ci il sentyabrın 23-də Bakı şəhərində vəfat edib, Çəmbərəkənd qəbiristanlığında dəfn edilib.
Hacının böyük oğlu – Gəmi Sahibkarları Cəmiyyətinin sədri Əliabbas ağa Bakıda gəmiçilik və ticarət sahəsində məşhur adamlardan biri hesab olunurdu. O, dəniz ticarəti üzrə komissiyanın üzvü idi. İlk kapitalını 21 yaşı olanda qazanmış, qardaşı Yusiflə birgə II Nikolayın tacqoyma mərasimində iştirak etmişdi. Gəmiçiliklə məşğul olan Dadaşov qardaşları 1898-ci ildə Bakıda gəmi təmirinin əsasını qoymuşdular. Ona qədər isə gəmilər Rusiyanın müxtəlif şəhərlərinin tərsanələrinə aparılırdı. 2000-dən çox işçisi olan tərsanənin əsasını, əslində, əmisi Şıxəli ilə birgə qoysalar da, sonradan bütün işlər Əliabbasa həvalə edilmişdi. İlk vaxtlar tərsanədə Rusiyadan gəlmiş fəhlələr işləyirmiş. Sonralar isə yerli adamlar işi yaxından öyrənmiş, ruslar tədricən azərbaycanlılarla əvəzlənmişdi. Tabeliyində çalışan insanların güzəranını yaxşılaşdırmaq üçün Əliabbas Dadaşov müxtəlif maarifləndirmə kursları açarmış, hərbi xidmətə çağırılan gənclərin əmək haqqı isə onlar qayıdanadək yığılıb saxlanılarmış. İşləri yoluna düşdükdə Əliabbas ağa tərsanəni oğlu Paşa Dadaşova tapşırmış, o isə bir il burada çalışdıqdan sonra onu əcnəbilərə icarəyə vermişdi. Sovetləşmə dövründə yaradılan gəmi təmiri tərsanəsi Dadaşovların dokları əsasında qurulmuşdu.
Dadaşovlar sülaləsinin üzvləri Bakıda yaşayan insanların problemlərini aradan qaldırmaq üçün müxtəlif tədbirlər həyata keçirməklə tanınarmışlar. Bakıda su qıtlığı olduğundan Volqadan içməli suyun gətirilməsi işini xarici şirkətlər həyata keçirsələr də, sonradan yanacağın çox istifadə edildiyini bəhanə gətirən əcnəbilər buradan su gətirməyin baha başa gəldiyini və gəlir əldə etmədiklərini deyərək işi dayandırmışdılar. Məsələ dumanın iclasına çıxarılmışdı. Heç kim bu çətin işi boynuna götürmək istəməmiş, həmin vaxt Əliabbas Dadaşov yerindən qalxıb demişdi:
– Cənablar, hələlik Volqadan içməli suyu mən gəmilərimlə daşımağı öz üzərimə götürürəm. Özü də pulsuz. Lakin biz nə qədər Volqanın suyunu içəcəyik? Məgər Azərbaycanın buz bulaqları quruyub? Bakıda bu işi öz üzərinə götürə biləcək 20-dən çox milyonçu var. Bu haqda düşünmək lazımdır.
Dumanın qlasnıları suyu neçəyə gətirəcəyini dəfələrlə ondan soruşsalar da, Əliabbas ağa bundan əsəbiləşib demişdi:
– Cənablar, axı çıxışımda dedim, Volqadan gətirilən su parasız paylanacaq. Xalqımıza hədiyyə olacaq.
Dörd il gəmi vasitəsilə Bakıya su daşıtdıran Dadaşova simvolik olaraq hökumət 450 manat pul vermişdi. Ancaq sənədlərdə Əliabbas Dadaşovun bu puldan da imtina etdiyi göstərilmişdi.
Əliabbas Dadaşov atasının xeyriyyəçilik işlərini davam etdirərək 1898-ci ildən ölümünə – 1910-cu ilədək Qori Müəllimlər Seminariyasının himayədarı olmuşdu. Bundan başqa, Əliabbas Dadaşov Azərbaycanda Xalq Maarifçiliyi Nazirliyinin təsisçilərindən idi. Ona görə də çar hökuməti tərəfindən iki dəfə “Fədakarlığa görə” qızıl ordeni ilə təlif edilmişdi.
1901-ci ildə o, həmçinin nəsillikcə “Fəxri vətəndaş” adına layiq görülmüş, İsveçrə ilə qurduğu əlaqələrə görə “I dərəcəli cəngavər” ordeni ilə təltif olunmuşdu. Əliabbas Dadaşov imperator II Nikolayın tacqoyma mərasimində Bakıdan seçilən deputat kimi I dərəcəli “Andreyevskaya lenta” medalına da layiq görülmüşdü.
Hacı Hacıağanın qızları Məsmə xanımın adına “Məsmə”, Bilqeyis xanımın adına “Qara Kapitan”, Yusif ağanın şərəfinə isə “İosif” gəmiləri, bundan başqa, 30-dan çox sərnişin və yükdaşıyan gəmi varmış.
Dadaşovlar sülaləsinin nümayəndələri sovet dövründə də ad-san qazanmışdılar. Onlardan Hacı Şıxəlinin nəvəsi Şıxəli Dadaşov neft sənayesi sahəsində görkəmli yerlərdən birini tutmuşdu. O, SSRİ-nin fəxri neftçisi, təsərrüfat rəhbəri, SSRİ Dövlət mükafatı laureatı və Sosialist Əməyi Qəhrəmanı idi, Nebitdağda hətta onun adını daşıyan qəsəbə də tikilmişdi. Sovet dövrünə uyğun gəlməsə də, hətta şəxsi təyyarəsi vardı. Sadıq Dadaşov isə SSRİ Memarlıq Akademiyasının üzvü, Azərbaycan Elmlər Akademiyasının akademiki və digər dövlət mükafatlarının laureatı idi.
G.Qənbərli