“Bakı Metropoliteni” QSC-də xətlərin ayrılması və stansiyalarda aparılacaq təmir işləri zamanı sərnişin sıxlığının idarə olunması üçün genişmiqyaslı tədbirlər planlaşdırılır.
Baki-baku.az xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev bildirib.
O bildirib ki, layihənin icrası zamanı “28 May” və “Nizami” stansiyaları arasındakı tunelin bağlanması sərnişin axınına təsir göstərəcək: “Lakin o, eskalator təmiri ilə bağlı məqama aydınlıq gətirərək qeyd edib ki, bəzi hallarda hərəkət tam məhdudlaşdırılmır. Eskalatorların təmiri üçün tunelin bağlanmasına ehtiyac yoxdur. Məsələn, “Nizami” stansiyası sərnişin çıxışı üçün bağlı olduğu vaxtda, “Elmlər Akademiyası”ndan gələn qatar birbaşa “Cəfər Cabbarlı” stansiyasına hərəkət edəcək. Bu proses qatarlar vasitəsilə təmin olunacaq”.
Departament rəisinin sözlərinə görə, xətlərin ayrılması dövründə “Nizami” stansiyası istiqamətində yaranacaq məhdudiyyətləri kompensasiya etmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birgə xüsusi konsept hazırlanıb: “Sərnişinlərin mütləq “28 May” stansiyasına gəlməsinə ehtiyac qalmayacaq. “Nizami” stansiyasından digər istiqamətlərə (məsələn, “Gənclik” stansiyasına) birbaşa avtobus marşrutları tənzimlənəcək. “28 May” və “Nizami” stansiyaları arasında avtobusların ödənişsiz fəaliyyət göstərməsi məsələsi isə müzakirə olunur. Metro ilə yerüstü nəqliyyatın əlaqəli hərəkəti sərnişin axınını qismən azaldacaq və hərəkəti rahatlaşdıracaq”.