İsa bəy Hacınskinin modernləşmə izləri
XX əsrin əvvəlləri – Bakı üçün neftin qaynayıb daşdığı bir dövr daşların, küçələrin, məhəllələrin dil açıb danışdığı, şəhərin nəfəsini dəyişən tikililərin bir-bir ucaldığı illər idi. Neft buruqları milyonerlər yaratdığı kimi, şəhərin memarlıq sərvətini də formalaşdırırdı. O dövrdə Qoqol küçəsində bir-birinin ardınca zərif fasadlı evlər, saray tipli villalar yüksəlirdi. Məşhur memar İvan Vasilyeviç Edelin imzası ilə şəhərin mərkəzi yeni aristokrat nəfəsi qazanmışdı. Elə həmin Edel sonralar Bakının ən çox danışılan, ən mübahisəli binalarından birinə də həyat verəcəkdi (deyilənlərə görə).
Bu dövrün odu-alovu içində orta əsrlərin ab-havası ilə yaşayan İçərişəhər də yeni yüzilliyin estetik çağırışlarından yan qaça bilmədi. Məhz burada, Qız qalasının sağ tərəfində – minilliklərin səssiz şahidinin yanında 1909–1912-ci illərdə Bakı üçün həm sevgi, həm həsəd, həm də təəccüb doğuran bir bina yüksəldi. Bu binanın sahibi Abşeron bəylərinin nəsil davamçısı, təhsilli, mədəni, həm müasir, həm də köklərinə bağlı İsa bəy Hacınski idi.
Eklektik bir ruh, barokko nəfəsi və Bakı zövqü
Hacinskinin tikdirdiyi bu ev nə sırf Şərq üslubu idi, nə də tam Qərbin təkrarı. Psixoloji olaraq sanki sahibinə bənzəyirdi – müxtəlif duyğuların, mədəni qatların, dünya görüşlərinin qarışığı. Eklektik memarlığın ən parlaq nümunələrindən olan bu malikanədə, psevdoqotik qıvrımlar, klassik sütunlar, Şərq naxışlı detallar və modern üslub ahəng içində birləşirdi. Fasadındakı bürclər sanki göyə doğru dartılır, pəncərələri Qız qalasının sərt siması ilə dialoqa girirdi. Bu ev Bakıya bir mesaj idi: “Mən zamanın dəyişdiyini xəbər verirəm!”
Bakı ictimaiyyəti bu yeniliyi heyranlıqla qarşılasa da, şəhər rəhbərliyi evi uzun müddət istismara buraxmadı. Onlar hesab edirdi ki, bu ev ümumi şəhər üslubundan kəskin şəkildə seçilir və buna görə də Bakının görünüşünü eybəcərləşdirir.

Hörmətli, lakin mübahisəli bir şəxsiyyət: İsa bəy Hacınski
İsa bəyin taleyi də tikdirdiyi ev kimi təzadlarla dolu idi. O, bir tərəfdən böyük torpaq sahələrinə, neft gəlirlərinə malik zəngin sənayeçi, digər tərəfdən dövlət işlərində söz sahibi olan hakim, həm də maarifpərvər xeyriyyəçi idi. Onun himayəsində məktəblər, təhsil layihələri vardı. Xalq arasında hörməti o qədər böyük idi ki, Bakının kasıb sakinləri belə onu “savab sahibi” adlandırırdı.
Şəhər rəhbərliyi narazı ola bilərdi, amma xalqın gözündə Hacınski evi – sahibi kimi qiymətli idi.
Bakının ilk “kino evi” və kasıblara pulsuz film imkanı
Bu binada bir vaxtlar “Vətən” kinoteatrı fəaliyyət göstərmişdi. 1910-cu ildə Hacinski binaya kinoproektor quraşdıraraq Bakıda ilk dəfə olaraq kasıblara pulsuz film izləmək imkanı yaratmışdı. O illərdə bu addım yalnız mədəni yenilik deyil, həm də sosial ədalət tələbi idi. Bütün şəhərdə başqa belə məkan yox idi. Hacınski hər addımı ilə sevilirdi.
Əfsanəyə çevrilmiş yanlışlıq: “Kanalizasiyasız ev”
Bu malikanə ilə bağlı el arasında dolaşan məşhur “kanalizasiyasız ev” adı illər boyu zarafat mövzusu olub. Bununla bağlı isə rəvayətlər müxtəlifdir:

Birinci rəvayət
İsa bəy qardaşı oğlunu memarlıq oxumağa İtaliyaya göndərir. O, vətənə dönəndə əmisi üçün möhtəşəm layihə hazırlayır. Ev tikilir, hər şey əladır — ta ki… təntənəli açılışda məlum olur ki, su xətləri və kanalizasiya boruları ümumiyyətlə nəzərdə tutulmayıb. Qanqaraçılıq, təlaş, sonra isə düzəlişlər…
İkinci rəvayət
Hacınski şəhərin varlıları ilə mərcə girir ki, evi üç aya tikdirəcək. Vaxt azdır, memar tələsir, xarici görünüşə üstünlük verilir, daxili kommunikasiya isə yaddan çıxır.
Bu danışılanlardan hansının doğru, hansının yalan olduğunu bilmirik. Bəlkə də, səbəb bunlardan heç biri də deyil. Ümumiyyətlə, mənbələrdə memarın kimliyi ilə bağlı çox da dəqiq məlumatlar yoxdur. Amma nəticə olaraq bilirik ki, binanın memarının kimliyindən asılı olmayaraq, həqiqətən də kanalizasiya sistemi olmadan tikilib, sonradan düzəliş edilib.
Hacınskinin evi – Bakının yeni siması
İçərişəhərdə, Qız qalasının yanında, üzü Xəzərə doğru ucalan bu malikanə həm Hacınskinin həyat fəlsəfəsinin, həm də Bakının modernləşmə tarixinə düşmüş ən maraqlı səhifələrin simvoludur. Və Bakı üçün yeni dövrün başlanğıcını bildirən cəsarətli bir bəyanatdır. Həm ənənəyə sayğı, həm də yeniliyə iddiadır.
Xanım Aydın