Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/08/2025

Paylaşın

TARİXİMİZ

Bakı–Mayns qardaşlaşması: Xalqları yaxınlaşdıran əməkdaşlıq modeli

Almaniya, Mayns

Qardaşlaşmış şəhərlər — coğrafi olaraq bir-birindən uzaqda yerləşən şəhərlərin mədəni, iqtisadi və ictimai əlaqələr üzərində formalaşdırdığı xüsusi əməkdaşlıq modelidir. Bu münasibətlərin əsas məqsədi xalqlar arasında dostluq yaratmaq, təcrübə mübadiləsini gücləndirmək və beynəlxalq əməkdaşlığı canlı saxlamaqdır.

Azərbaycanın paytaxtı Bakı ilə Almaniyanın Mayns şəhərinin qardaşlaşması iki ölkə arasında çoxəsrlik əlaqələr, humanist dəyərlər və qarşılıqlı hörmət üzərində qurulmuş əməkdaşlığın parlaq nümunəsidir. Bu münasibətlər təkcə şəhərlər səviyyəsində deyil, həm də xalqların mədəni yaddaşında dərin izlər buraxmış tarixi bağlara əsaslanır.

Tarixi kökü dərin əlaqələr

Azərbaycan–Almaniya münasibətlərinin tarixi təkcə dövlətlər səviyyəsində deyil, insanlar arasında qurulan münasibətlərdən başlayır. 1876–1880-ci illərdə Almaniyadan Gəncə və Şəmkir bölgələrinə köçən ailələr buraya yerləşərək yerli əhali ilə qaynayıb-qarışıb, bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfələr veriblər. Göygöl yaxınlığındakı Xanarxlar kəndində salınmış ilk alman koloniyası daha sonra Annenfeld, Georqsfeld, Ayxenfeld, Qrünfeld və digər yaşayış məntəqələri ilə genişlənib.

Alman kolonistləri xüsusilə üzümçülük və şərabçılıq sahəsində böyük uğurlar qazanıb, məşhur “Forer qardaşları” Azərbaycanda ilk konyak zavodunun əsasını qoyub və ölkənin şərab məhsullarını dünya sərgilərində medallarla tanıtmağı bacarıblar.

Tarixi yaddaşın digər mərhələsi İkinci Dünya müharibəsi illərinə təsadüf edir. Mingəçevir yaxınlığında yerləşdirilən alman hərbi əsirləri şəhərin ilkin infrastrukturunun qurulmasında fəal iştirak edib, onların dəfn olunduğu məzarlıq bu gün Avropa turistlərinin ən çox ziyarət etdiyi məkanlardan birinə çevrilib.

Bu günə uzanan dostluq: Mədəniyyət və təhsil körpüləri

Alman dili bu gün Azərbaycanda geniş şəkildə tədris olunur və ingilis, rus dillərindən sonra ən çox öyrənilən xarici dil hesab edilir. Orta və ali təhsil müəssisələrində Almaniya ilə əməkdaşlıq çərçivəsində müxtəlif proqramlar həyata keçirilir, xeyli sayda azərbaycanlı tələbə Almaniyada tibb və digər sahələr üzrə təhsil alır.

Ölkələr arasında mədəni əməkdaşlığın nümunəsi kimi Bakıda fəaliyyət göstərən Goethe-Zentrum və Alman Arxeologiya İnstitutunun ofisi xüsusi rol oynayır. Bu mərkəzlər iki xalq arasında humanitar əlaqələrin, elmi və mədəni mübadilənin dərinləşməsinə xidmət edir.

Bakı və Mayns: Qardaşlaşmanın siyasi və iqtisadi məzmunu

Azərbaycan və Almaniya arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub və bu illər ərzində əməkdaşlıq ardıcıl şəkildə genişlənib. Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa dövlətlərindən biri olmaqla münasibətlərin sağlam siyasi təməlini qoyub.

Bu gün Almaniya Azərbaycanın Cənubi Qafqazdakı əsas iqtisadi tərəfdaşlarından biridir. Ölkəmizdə 100-ə yaxın alman şirkəti – “Siemens”, “Mercedes-Benz”, “Ferrostal” kimi nəhənglər uğurla fəaliyyət göstərir. Ticarət dövriyyəsi xüsusilə enerji sahəsində əməkdaşlıq nəticəsində son illərdə dəfələrlə artıb; 2024-cü ildə Almaniyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyalar 2,8 dəfə yüksəlib.

Şəhərlərarası əməkdaşlıq bu münasibətlərin mühüm hissəsidir. Bakı ilə Mayns, Sumqayıt ilə Lüdviqshafen şəhərlərinin qardaşlaşması bölgələrarası əməkdaşlığın real nəticələr verməsinə şərait yaradır. Bu əlaqələr mədəniyyət layihələrindən tutmuş bələdiyyələrarası idarəçilik təcrübələrinin paylaşılmasına qədər geniş sahələri əhatə edir.

İki şəhəri birləşdirən dəyərlər

Bakı və Mayns yalnız rəsmi münasibətlərin deyil, həm də humanist dəyərlərin, tarixə hörmətin və xalqlar arasında qarşılıqlı anlaşmanın simvoluna çevrilib. Şəhərlərin qardaşlaşması mədəni müxtəlifliyin paylaşılmasına, təhsil və elm sahəsində əməkdaşlığın genişlənməsinə, gənclər mübadiləsinə, iqtisadi tərəfdaşlığın lokal səviyyədə möhkəmlənməsinə, sülh və dostluq ideyalarının təşviqinə xidmət edir.

Gələcəyə inamla…

Bakı və Mayns arasında qardaşlaşma iki xalqın tarixi yaddaşında iz qoymuş münasibətlərin müasir mərhələsidir. Bu əlaqələr keçmişin izlərini yaşatmaqla yanaşı, gələcəyin strateji əməkdaşlığını formalaşdırır. Tarixi bağlar, iqtisadi tərəfdaşlıq, mədəni əməkdaşlıq və təhsil körpüləri iki şəhəri və iki ölkəni daha da yaxınlaşdırır; Azərbaycan–Almaniya münasibətlərinin gələcəyi isə bu zəmin üzərində daha güclü şəkildə inkişaf edəcəyinə inam yaradır.

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin müraciətində bildirilib

Ən son

TARİXİMİZ

Azərbaycanın paytaxtı Bakı ilə Almaniyanın Mayns şəhərinin qardaşlaşması iki ölkə arasında çoxəsrlik əlaqələr, humanist dəyərlər

TARİXİMİZ

Azərbaycanın paytaxtı Bakı ilə Almaniyanın Mayns şəhərinin qardaşlaşması iki ölkə arasında çoxəsrlik əlaqələr, humanist dəyərlər
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin