Vaxtilə Bakının hər məhəlləsində bir hamam vardı. Təkcə təmizlik deyil, bir həyat tərzi, bir mərasim, bir ünsiyyət məktəbi idi bu buxarlı məkanlar. Köhnə Bakıdan keçən hər bir yol bir zamanlar bir hamamın qarşısına çıxardı. O hamamlar bir binanın, bir tikilinin içində məhəllənin səsi, nəfəsi, hətta yaddaşı olardı.
Hamam yalnız su deyil, sözdür
Bakı hamamı özünəməxsus əxlaqı və etiket qaydası olan bir məkandır. İnsanlar bura həm yuyunmağa, həm də söhbət etməyə, dərdləşməyə, məsləhət almağa gələrdi. Xüsusilə qocalar hamamda məhəllə xəbərlərini paylaşar, gənclər isə ağsaqqal, ağbirçək nəsihətləri eşidərdi.
Ənənəyə görə, həftədə bir dəfə hamama getmək vacib sayılırdı. Bəzi ailələrdə gəlin üçün ilk hamama aparılmaq xüsusi mərasim kimi qeyd olunardı. Bu günlə müqayisədə o dövrün hamamı ictimai həyatın mühüm bir hissəsi idi.
Bakının məşhur hamamları
Bakı tarixində bir çox məşhur hamamlar olub: Qasım bəy hamamı, Hacı Bani hamamı (və ya Hacı Qayıb hamamı), Təzəpir hamamı, Saray hamamı (Şirvanşahlar sarayı) və digərləri. Onların bəziləri memarlıq abidəsi olaraq bu gün də qorunub saxlanılır.
XIX–XX əsrlərdə tikilmiş hamamlar zəngin interyeri ilə seçilirdi: rəngli şəbəkəli pəncərələr, naxışlı çini divarlar, mərmər hovuzlar və mis qazanlar bu məkanlara həm də estetik bir gözəllik bəxş edirdi.
Hamamın dili – ədəb və sükut
Hamama gələn insan təmkinli, sakit və ədəbli olmalı idi. Orada yüksək səslə danışmaq, dava etmək, hətta bəzi hallarda gülmək belə xoş qarşılanmazdı. Hamamda danışılan söz buxarda əriməli, oradan çölə çıxmamalı idi – belə bir yazılmamış qayda vardı.
Hamam və qadın dünyası
Qadınlar üçün isə hamam həm də gözəllik məkanı, məsləhət yeri, sirr paylaşımı idi. Orada nənələr gəlinlərinə dərilərini necə parlaq saxlamalı olduqlarını öyrədər, analar qızlarına gələcək ailə həyatı ilə bağlı sətiraltı nəsihətlər verər, oğul anaları isə gəlin namizədlərini gözdən keçirər, seçim edərdi. Hamam insanların səssiz, amma zəngin məclisi idi.
Unudulan isti daşlar
Bu gün Bakı əhalisinin böyük əksəriyyəti müasir spa və sauna mərkəzlərini seçsə də, əsl Bakı hamamı öz ruhunu qorumaqdadır, az da olsa. Bu mədəniyyətin unudulmaması üçün tarixi hamamların qorunması, bəzilərinin bərpa edilərək yenidən ictimai istifadəyə verilməsi vacibdir. Çünki buxar içindəki həmin isti daşların üzərində yalnız su yox, xalqın yaddaşı da buxarlanır.
Xanım Aydın