Bakı tarixən Avropa və Asiya, mədəniyyət və ticarət qollarının kəsişməsində, İpək yolunun üstündə yerləşib. Bura olan maraq da elə onun strateji coğrafi nöqtədə yerləşməsində olub əsasən. Bu baxımdan yol infrastrukturunun inkişafı həmişə ölkənin inkişafı demək olub. Azərbaycanda da mədəni, ticari əlaqələr böyüdükcə yeni yolların yaranması labüdləşib, əlbəttə ki. Bu yollar arasında dəmir yolları da üstünlük təşkil edir.
Baki-baku.az Bakı Dəmir Yolu Vağzalının izi ilə tarixi vərəqləyir.
Dünyada dəmir yollarının tikintisi XIX və XX əsrin birinci yarısından aparılmağa başlayıb. İlk dəmir yolu xəttinin – 1830-cu ildə İngiltərədə Liverpul-Mançester xəttinin açılışı olub. Elə həmin ildə ABŞ-də ilk dəmir yolu çəkilib. Fransada ilk dəmir yolu 1833-cü ildə, Almaniyada və Belçikada 1835-ci ildə, Rusiyada 1837-ci ildə çəkilib. Azərbaycanda ilk dəmiryolu 1878–1879-cu illərdə Bakı və Balaxanı arasında çəkilib. 1880-ci ildə isə həmin yolun neft sahələrinə gedən hissəsi işə salınıb (Bakı – Balaxanı – Sabunçu – Suraxanı). Bu, Azərbaycanda ilk dəmir yolu idi. Bakı Sabunçu vağzalı – dəmir yolları sərnişin daşınması üçün deyil, yataqlardan nefti Bakı limanına daşımaq üçün yaradılmışdı.
Həmin dövrdə Bakı neftinin Qara dəniz limanlarına çıxarılması zərurəti artırdı. 1880-ci ildə Bakı şəhər Duması Bakıda vağzalın tikilməsini qərara aldı. Binanın layihəsi üzərində Xrisanf Konstantinoviç Vasilyevin rəhbərlik etdiyi bakılı mütəxəssislərdən ibarət böyük bir qrup, həm də Moskva və Sankt-Peterburqdan olan məşhur memarlar işləyirdi. Binanın layihəsi ilə Moskvada da yaxından maraqlanırdılar. Buna görə də məşhur memar Pyotr Drittenpreys də Bakıya gəlib layihəyə bəzi əlavələr əlavə edib, damın formasını dəyişərək böyüdüb, eyni zamanda ornamenti vahid imperiya üslubuna uyğun başqa biri ilə əvəz edib. Ondan başqa Sankt-Peterburqdan olan başqa bir əfsanəvi memar Aleksandr Bruni də binanın layihəsində müəyyən dəyişiklər edib.
Stansiya tam istismara hazır olandan sonra 1883-cü ilin sonunda rəsmi təhvil olub. Bakı rəhbərliyi ətrafı abadlaşdırmağa başlayıb. Nəhayət ki, yeni stansiyanın açılışı 1884-cü il yanvarın 10-da baş tutub, istifadəyə isə yanvarın 20-dən verilib. Qeyd edək ki, Bakı Dəmir Yolun Vağzalı o illərdə həm də Tiflis vağzalı kimi tanınıb. Buradan qatarlar Bakı – Yelizavetpol – Tiflis (Bakı – Gəncə – Tbilisi) xətti ilə hərəkət edirmiş.
“Şərq xalçasını xatırladan ornamentlə zəngin şəkildə bəzədilmiş divarlar tavan lampalarının altında olan karnizə çatırdı. İnteryer və eksteryer dizaynı layihə müəlliflərinin qüsursuz zövqündən xəbər verir. Stilizasiyaya baxmayaraq, onlar şərq motivləri və şərq memarlığının prinsipləri ilə işləməkdə ustalıq və məharət nümayiş etdiriblər”. Bu barədə 1884-cü il yanvarın 12-də “Bakı xəbərləri”, yanvarın 13-də isə “Kaspi” qəzetində yazılıb.
Beləliklə, Bakı Dəmir Yolu Vağzalının binası istifadəyə verildiyi vaxtdan ta bu günə kimi paytaxtın memarlıq incilərindən biri olaraq qalır. Binanın özü illər boyu bir neçə dəfə təmir olunub. Həmçinin bu illər ərzində onun qarşısındakı meydança dəfələrlə formasını dəyişib. 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC tarixi vağzal binasının qarşısındakı meydanın yenidən qurulması və tarixi görkəminin qaytarılması istiqamətində işlər görüb.
Həmin ilin noyabr ayında bitən bərpa işləri zamanı ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb. Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb.
Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb.
Həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb.
Xanım Aydın