Nəşr edilmişdir 09/02/2024

Paylaşın

KÖŞƏ YAZILARI

Bakı – arzularımın şəhəri

I yazı

Bakının xəyalı gözəl idi

Bu silsilə yazılar bir vaxtlar uzaqdan-uzağa Bakını sevmiş, bir daha da fikrini dəyişə bilməmiş bir rayon uşağının dilindən yazılır. Bakıya onun gözündən baxacaqsınız. Onun Bakısını oxuyacaqsınız. Zarafat deyil, az qala, otuz illik bir tarixdən danışırıq.  

Haradasa ölkənin mərkəzində kiçik bir qəsəbə var. Qışı şaxtalı, yayı qaynar. İllər öncə orada balaca bir qız yaşayırdı. Heç indi də çox böyüməyib…

O qız aradabir böyük şosenin – Bakı-Gəncə yolunun kənarına çıxar, sağa-sola şütüyən qırmızı “İkarus” avtobuslara həsədlə baxardı. Sağda Gəncə (o vaxt Kirovabad), solda Bakı vardı. Ona görə, dünyanın ən xoşbəxt adamları idi o avtobusdakı adamlar. O da bir gün bu qırmızı avtobusa minib Bakıya gedəcəkdi. Nə gözəl xəyaldı. Bu barədə heç kimə heç nə demirdi…

Bakı onun arzularının şəhəri idi. Şəkillərdən, filmlərdən, mahnılardan sevmişdi Bakını. Xüsusən filmlərdən. İçərişəhər, Qız qalası, hər səhər yollara su çiləyən maşınlar, yastı-yapalaq evlər, metro, Xəzər, Xəzərdə yelkənli qayıqlar… Xəzərə yazılan bütün mahnıları əzbər bilirdi.

Bir gün o qızcığaz xəyallar aləmində səyahət edərkən kimsə onun dünyasını dağıtdı. 20 Yanvar faciəsi oldu, Qarabağda müharibə başladı. Çörək növbələri yarandı. Onların sinfi qalın “SSRİ tarixi” kitabını oxumaqdan imtina etdi. Bir anda oldu hər şey. Onun xəyal dünyasında belə şeylər yoxdu. Sinif yoldaşı qızla evdən qaçıb müharibəyə getmək planları qurdu. Əsgərlərə yemək bişirəcəkdilər… İndi Bakıya getmək üçün bircə səbəb vardı – Şəhidlər Xiyabanını ziyarət etmək. O, vaxtından əvvəl böyümüşdü əksər yaşıdları kimi. Xəyal dünyası yox olmuş, reallıq özünü diqtə etməyə başlamışdı.  

O qızcığaz məndim. Sürətlə dəyişən dünyanın içində mənim balaca dünyam da şəkildən-şəklə düşürdü. Mən jurnalist olmağa qərar vermişdim artıq. Niyə? Çünki Çingiz Mustafayev şəhid olmuşdu…

…Ay ötdü, il dolandı, vədə doldu. Universitetə imtahan vermək üçün Bakıya getmək vaxtı gəlib çatdı. Artıq test üsulu gəlmişdi təhsilə. Çox sevinirdi. Həyəcanlı idi. İmtahandan qorxmurdu. Bakını görmək həyəcanı hər şeyi üstələmişdi. İlk dəfə Bakını görmək sizə asan gəlməsin.  

Plaskart qatarda yatmaq üçün üst qata çıxarkən necə utandığını, kişili-qadınlı, oğlanlı-qızlı hamının iç-içə yol getdiyi qatara necə təəccübləndiyini sonralar gülərək danışacaqdı lətifə kimi. Qatara da ilk dəfə minmişdi. O taqqıltı da həmişəlik yaddaşına yazılmışdı.

…Səhər tezdən Bakı Dəmiryol Vağzalı abituriyent qaynayırdı. Abituriyent qız da dörd gözlə ətrafa baxırdı. O, artıq Bakıda idi! İndiki kimi deyildi ha. 90-cı illərin ikinci yarısı idi. Vağzal sovetdənqalma nimdaş görkəmi ilə hələ uzun illər beləcə yaşayacaqdı.

İyul ayı, səhər-səhər. Bakı artıq od tutub yanır. Ağır çantalarla “28 May” stansiyasından metroya düşdülər. Demək asandır indi. Amma insan axınını necə yara-yara gedirdilər, həmişəlik yadındadır. Anası onu itirəcəyindən qorxurdu. Tez-tez yanında olub-olmadığını yoxlayırdı. İsti havadan sonra yerin altında sərinlik vurdu üzünə. Və metronu sevdi! Jeton aldılar, turniketə atdılar və eskalatora mindilər. Yeriyən pilləkəndə ilk dəfə! Kinoda görmüşdü.

“Əhmədli” stansiyasından çıxdılar. Onlarla gəlmiş qonşu qadının qardaşıgilə gəlmişdilər. Bu qızın hələ Bakıda qohumu yoxdu. Sabah imtahan vardı. Tez yatmağa göndərdilər. Ən böyük arzusuna çatmağa bircə addım qalırdı. 

İmtahan şəhərin mərkəzində idi. İndi UNEC adlanan İqtisad Universitetinin “Bakı soveti” metrostansiyası yaxınlığında yerləşən əsas korpusunda. Mərkəz, əlbəttə, “Əhmədli” deyildi. Onun arzularının şəhəri özünü sürətlə sevdirirdi.

…İmtahanda həyəcanlanmadı. Heç sonralar da. Fors-major hallarında ona təmkin gəlirdi. İmtahandan sonra anası və qonşu oğlanla Filarmoniya bağında çay içdilər. Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabını boş yerə oxumamışdı. Kitabdan əzbərlədiyi yerləri bir-bir tanımağa çalışırdı. Bilirdi, indi onlar “Goburnat bağı”nda oturmuşdular. Arxadakı qala divarları idi. Sonra bir az gəzdilər. Qonşu oğlan beşinci kursda oxuyurdu. Şəhər haqqında məlumat verirdi onlara. İlk dəfə o demişdi ki, buralarda, yəni mərkəzdə ancaq varlılar yaşayırlar. Elə indi də. Abituriyent də fikirləşmişdi ki, dənizin qırağıdı axı, niyə mərkəz deyirlər? Xəzəri də ilk dəfə görəndən sonra abituriyentin heç dərdi qalmamışdı bu dünyada…

…Axşam qatarla rayon qayıtdılar. Həyəcanla gözlədilər. Xoş xəbər gəldi. O, indi tələbə idi! Bakı Dövlət Universitetində oxuyacaqdı. 17 yaşlı bir uşaq başqa nə istəyə bilərdi həyatdan?! Bakıda yepyeni, macəra dolu bir həyat onu gözləyirdi. Bu isə artıq başqa əhvalatdır.

Ardı var…    

Related Stories

Redaktor, filologiya üzrə fəlsəfə doktoru

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsrlər boyu insanlar olduğu kimi deyil, olmaq istədikləri kimi görünməyə çalışıblar. Buna gözəllik standartlarına uyğunlaşmaq, sosial vəziyyəti ətrafa

Ən son

DİGƏR XƏBƏRLƏR

Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir, saat 13:00-a olan məlumata əsasən, hazırda

DİGƏR XƏBƏRLƏR

Britaniyalı alimlər yumurtanın faydaları ilə bağlı daha bir mühüm kəşf ediblər.Baki-baku.az bu barədə “Trend Wave”

DİGƏR XƏBƏRLƏR

Fransadakı Notr Dam kilsəsi dünyanın ən mühüm irs yerlərindən biri hesab olunur. Viktor Hüqonun “monumental