Nəşr edilmişdir 09/09/2024

Paylaşın

KÖŞƏ YAZILARI

Bakı-arzularımın şəhəri (2ci hissə)

II yazı

Bakı Dövlət Universiteti

Bu silsilə yazılar bir vaxtlar uzaqdan-uzağa Bakını sevmiş bir rayon uşağının dilindən yazılır. Bakıya onun gözündən baxacaqsınız. Onun Bakısını oxuyacaqsınız. Zarafat deyil, az qala, otuz illik bir tarixdən danışırıq. 

Universitetin binasını ilk dəfə necə gördüyümü dəqiq xatırlayıram…

…“Elmlər Akademiyası” metrostansiyasından çıxıb universitetə tərəf gedirik. Atamın əlindən tutmuşam. Sol tərəfdə kiçik mağazalar, kafelər var. İndi yoxdur…

Sonralar çox girib çıxacaqdıq bu mağazalara, çox oturacaqdıq bu kafelərdə, ömrümüz bu printer mərkəzlərində keçəcəkdi. İnternet-kafelərdə yer axtaracaqdıq. Hələliksə atamın əlindən tutub tələbə qələbəliyini yara-yara universitetə tərəf gedirəm.

2-ci korpusa çataçatdayıq. Doqquzmərtəbəli binanı ürkək-ürkək yuxarı-aşağı süzürəm. Onun tinində daha bir doqquzmərtəbəli bina – 1-ci korpus. Bu boyda binaları ilk dəfə imtahana gələndə Bakıda görmüşdüm. Bu binalar arasında məni gözləyən həyat haqqında heç bir fikrim yoxdu. Və ilk ağlıma gələn: “Mən burda azaram…”

Azmadım.

Düşündüklərimi atama demirəm. Əslində mənim çəkindiyimi, qorxduğumu istəmirəm bilsin. Çox narahat olardı axı. Ona indi də qıymıram. 

Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini tapırıq. Qeydiyyatdan keçirik. Dəhlizlərdə, pilləkənlərdə tələbə valideynə qarışıb. Birinci kursun uşaqlarına yuxarı kurslarda oxuyanlar söz atıb gülüşürlər. Hər şey, hamı mənə yaddır. Təsəvvür edin, yüzlərlə insan var ətrafında, sənsə bu qələbəlikdə ancaq atanı tanıyırsan.

Bir il sonra tətillərin birində xalalarımdan biri deyəcəkdi: “Allahın altında qıraqdan duram baxam, Jalə universitetin pilləkənlərini nətər çık-çık düşüb-çıxır”. Mən güləcəkdim onun sözünə. Heç vaxt çık-çık düşüb-çıxmamışdım çünki o bitməyən pilləkənləri. Anam da, atam da, xalam nə vaxtsa bu universitetdə konkursa düşüb kəndə qayıtmışdılar, bilirdim. Onların yerinə də o pilləkənləri yormalıydım, bilirdim.

İlk dərs günü dekan topladı birinci kursları. Üç qrup var: beynəlxalq münasibətlər, beynəlxalq hüquq və beynəlxalq jurnalistika. Mən üçüncü qrupdayam. Dekan özünəməxsus şirin ləhcəsiylə bizə deyir ki, universitetin gözü olan fakültəyə gəlibsüz…

Sonralar biləcəkdim dövrünün ən bərkgedən fakültəsində oxuduğumu. Başqa humanitar fakültələrdə oxuyan oğlanların mənə “ora necə girmisən?” suallarından biləcəkdim daha çox. Hamı diplomat, mənsə sadəcə jurnalist olmaq istəyirdim. Vəssalam.

Daha sonra onlar gəldi – mənim Bakıda ən qədim dostlarım – qrup yoldaşlarım.

Onları indi daha çox sevirəm. Onlar mənim gəncliyimdir. Onlar eyni zarafatlara otuz ildir eyni şövqlə güldüyüm insanlardır. Düzdür, indi yekə-yekə adamlardırlar, amma mən artıq yaşlanmaqda olan qadınları və kişiləri deyil, o uzaq illərin enerjili, haylı-küylü uşaqlarını görürəm. Məncə, biz bir-birimizin cikini-bikini bilirik. Necə deyərlər, bizim reputasiyamız ən yaxın dostlarımızın sükutundan asılıdır. 

Bu il qrupumuzun ilk nəvəsi Ankara Universitetini bitirib qayıdıb, daha üç nəvəmiz tələbə adını qazanıb. Həyat davam edir.

Bakı Dövlət Universitetinin binası mənim içində gəzdiyim ilk böyük bina idi. Yavaş-yavaş kafedraları tanıyırdıq, auditoriyaları gəzirdik. Digər fakültələrdə dərslərimiz olurdu. O vaxt möhkəm külək əsəndə 2-ci korpusun qarşısından keçmək çox çətin olurdu. Yəqin indi də belədir. İki dəfə külək məni götürüb maşına çırpıb orda. O illərdə. İndi gücü çatmaz mənə.  

İllər sonra barmaqlıqlardan hasar çəkildi universitetinin ətrafına. Mühafizə edilən qapı qoyuldu. İllər sonra ilk dəfə mühafizəçinin sorğu-sualından sonra həyətə girə biləndə, açığı küsmüşdüm universitetdən.  

Universitetin gözü olan fakültə 1-ci korpusda yerləşirdi. Əsas korpusda texniki fakültələr yığışmışdı. Rektor da orada otururdu. Mən universitetdə 3 rektor görmüşəm.

İki həftə Əhmədlidən gəlib-getdim. Stansiyaları sayırdım. Onuncuda düşəcəkdim. Sanki bütün Bakı onuncu stansiyada düşürdü. İndi də belədir. Tələbə stansiyasıdır “Elmlər Akademiyası”. Və hələ də mənim ən sevimli stansiyamdır. 

Sonra universitetə yaxın bir yerə köçdüm. Yaxında yaşadığım üçün də, az qala, hər gün gecikirdim. Bir qrup yoldaşım da qonşu binada yaşayırdı. O da gecikirdi. Mən tələbə, o tələbə-qaçqın idi.

Bəli, biz tələbə yataqxanasında yaşayırdıq. Beş dəqiqəlik məsafədə yerləşən tələbə şəhərciyi ilə universitet arasında bir ömür yaşayacaqdıq altı il. Necə? Bu da artıq başqa əhvalatdır.

Ardı var…

P.S. Bu yazını bitirərkən universitetdə ən yaxşı müəllimlərimizdən olmuş professor Nəsiman Yaqublunun ölüm xəbəri yayıldı. Çox sarsıldım. Düşüncələrimizə, yolumuza nur səpmiş daha bir işıq söndü. Gənclik bir işıq da uzaqlaşdı məndən.

Related Stories

Redaktor, filologiya üzrə fəlsəfə doktoru

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanda Yeni il bayramı hər zaman böyük coşqu ilə qeyd olunur. 31 dekabr həm də Dünya Azərbaycanlılarının Həmrəylik

Ən son

GÜNDƏM

Fövqəladə Hallar Nazirliyi (FHN) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı

İQTİSADİYYAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti minimum əməkhaqqından aşağı əməkhaqqı

İQTİSADİYYAT

2024-cü ildə olduğu kimi 2025-ci ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə