Dünyaca məşhur brendlərin ən bahalı məhsulları təkcə keyfiyyətləri ilə deyil, həm də simvolik dəyərləri ilə fərqlənirlər. Bu brendlərin məhsulları, əslində, sadəcə geyim və ya çanta deyil; onlar sosial statusun, zövqün və imkanların göstəricisinə çevriliblər. Lakin maraqlı və bir qədər də paradoksal məqam ondadır ki, bu lüks brendlərin ən böyük reklamçısı çox vaxt onların saxta və ucuz versiyalarını daşıyan insanlar olur.
Saxtalar niyə çox alınır?
Çox sadə: çünki ucuzdur və əlçatandır. Saxta brend məhsulları, orijinalından qat-qat aşağı qiymətə təqdim olunur və bu da geniş kütlənin onları almasına şərait yaradır. İnsanlar orijinal bir Louis Vuitton çantasına minlərlə dollar vermək əvəzinə, eyni dizaynın saxta versiyasını 30-40 manata əldə edir. Görünüşcə fərq az olduğu üçün, bu məhsul “status simvolu” təəssüratı yaradır. Nəticədə, brendin adı daha çox yayılır, daha çox görünür, daha çox diqqət çəkir.
Pulsuz və kütləvi reklam effekti
Burada diqqət çəkən əsas məsələ odur ki, bu saxta məhsulları daşıyan insanlar fərqində olmadan həmin brendlərin reklamçısına çevrilirlər. Düzdür, onlar orijinal məhsulu almırlar və şirkətə birbaşa gəlir gətirmirlər. Lakin küçələrdə, sosial mediada, gündəlik həyatda bu “ucuz brendlər”in görünməsi, insanların beynində həmin adların daha çox oturuşmasına səbəb olur.
Brend psixologiyası baxımından bu, maraqlı bir hadisədir: saxtakarlıq, paradoksal olaraq, orijinallığın tanınmasına və daha da dəyərli görünməsinə xidmət edir.
Moda aləminin görünməyən tərəfi
Brendlər bu vəziyyətlə bəzən mübarizə aparır, hüquqi yollara əl atır, saxta məhsul istehsalçılarını cəzalandırmağa çalışır. Amma bu, çox zaman nəticəsiz qalır. Əksinə, bəzi ekspertlər hesab edir ki, brendlər bu “pulsuz reklam”dan dolayı dolayısıyla razıdırlar. Çünki saxta da olsa, məhsullarının vizual identifikasiyası yayılır, arzuolunan simvollar daha da tanınır. Bu da gələcəkdə daha imkanlı istehlakçının həmin brendi almağa meylini artırır.
“Saxta daşıyan” kimdir?
Saxta brend məhsulunu alan şəxslərin motivasiyası fərqlidir. Kimisi “nə fərqi var, eyni görünür” deyə düşünür, kimisi isə sosial təzyiqə görə belə addım atır. Məsələn, sosial mediada və ya iş mühitində “brend geyim” faktoru bəzi insanlarda qəbul görmək üçün bir şərt halına gəlib. Bu da insanları saxta məhsullara yönəldir. Ancaq nəticədə, bu insanlar bahalı brendin adına işləyir, özü də heç bir müqavilə və ya qonorar almadan.
Sosial-iqtisadi paradoks
Burada bir sosial paradoks da ortaya çıxır: bəzən heç vaxt orijinal məhsulunu ala bilməyəcək bir təbəqə, həmin brendi daha geniş auditoriyaya tanıdır. Onlar orijinalı təqlid etməklə, istəmədən də olsa, lüks həyat tərzinin “normal” görünməsinə xidmət edir və onu populyarlaşdırır.
Kim kimə işləyir?
Beləliklə, saxta məhsullar nə qədər zərərli və qeyri-qanuni sayılsa da, onların brend tanıtımı baxımından effektiv vasitə olduğu danılmazdır. Əsas sual isə budur: Saxta geyinənmi brendə xidmət edir, yoxsa brendmi onlardan faydalanır?
Xanım Aydın