Bu il Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 106 ili tamam olur. Tarixi kökləri 1919-cu ilə – Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunan Hərbi Nazirliyin tərkibindəki sərhəd strukturlarına gedib çıxan bu xidmət, sonrakı illərdə böyük inkişaf yolu keçib.
Baki-baku.az xatırladır ki, sovet dövründə Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) tərkibində fəaliyyət göstərən sərhəd xidməti, müstəqillikdən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ulu öndər Heydər Əliyevin 2000-ci ildə 18 avqustu sərhədçilərin peşə bayramı elan etməsi və 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin (DSX) yaradılması bu sahəyə verilən önəmin bariz nümunəsidir.
Gücləndirilən infrastruktur və təlim bazası
Prezident İlham Əliyevin rəhbərliyi ilə DSX-nin maddi-texniki bazası müasirləşdirilib, sərhəd zastavaları, təlim mərkəzləri və xidmət şəraiti beynəlxalq standartlara uyğunlaşdırılıb. 2007-ci ildə DSX Akademiyasının yaradılması isə peşəkar sərhədçi kadrların hazırlanmasında mühüm rol oynayır.
Sərhəd nəzarət sistemləri avtomatlaşdırılıb, müasir rabitə və müşahidə vasitələri ilə təchiz olunub. Şəxsi heyətin sosial təminatı, mənzil-məişət şəraiti və təlim şəraiti də əsas prioritetlərdəndir.
Ərazi bütövlüyünün keşiyində
Vətən müharibəsi zamanı sərhədçilər qəhrəmanlıq nümunəsi göstərərək dövlət sərhədlərinin bütövlüyünün bərpa edilməsində fəal iştirak ediblər. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Hadrutun və Şuşanın azad olunmasında sərhədçilərin xüsusi rolu olub.
Müharibə dövründə və sonrasında pilotsuz uçuş aparatlarının (“Harop”, “Hermes”, “Quzğun”) effektiv istifadəsi düşmənin strateji hədəflərinə sarsıdıcı zərbələr endirib. Ümumilikdə 290 düşmən hədəfi məhv edilib.
Yeni mərhələ: Tam mühafizə və strateji təşəbbüslər
İşğaldan azad olunan ərazilərdə 20-yə yaxın yeni hərbi hissə yaradılıb, müasir sərhəd infrastrukturu qurulub. Qazax və Ağstafa rayonları istiqamətindəki sərhəd postlarının DSX-nin nəzarətinə verilməsi də dövlət sərhədlərinin tam mühafizəyə alınmasının göstəricisidir.
Dövlət başçısının sərəncamı ilə 131 sərhədçi yüksək dövlət mükafatları ilə təltif olunub ki, bu da sərhədçilərin fədakarlığının yüksək qiymətləndirilməsidir.
Azərbaycan Sərhəd Xidməti bu gün peşəkarlığı, texniki təchizatı və döyüş hazırlığı ilə ölkənin təhlükəsizliyində mühüm rol oynayır. Dövlətin sərhədlərinin toxunulmazlığını təmin etmək, suverenliyi qorumaq Azərbaycan sərhədçisinin ən ali vəzifəsidir. 106 illik bu şərəfli tarix hər bir sərhədçinin məsuliyyət və qürur mənbəyidir.