Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) yaranmasından 102 il ötür.
Baki-baku.az xəbər verir ki, ADMİU-nun əsası 1923-cü ildə qoyulub. Təməlinin Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış M.F.Axundov adına Bakı Teatr Məktəbindən götürüb.
O dövrdə Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı. 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb və 1968-ci ildən bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılmağa başlayıb.
İlk tələbə qəbulu teatrşünaslıq, aktyor sənəti və rejissorluq ixtisasları üzrə aparılıb. 1954-cü ildə instituta xalq artisti Mirzəağa Əliyevin adı verilib. 1959-cu ildən burada “mədəni maarif”, 1963-cü ildə isə “dekorativ tətbiqi sənət” ixtisasları üzrə mütəxəssis hazırlığına başlanılıb. 1981–1991-ci illərdə burada rəngkarlıq, qrafika, heykəltaraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisaslaşmalar açılıb. 1991-ci ildə İncəsənət İnstitutu Universitet statusu qazanıb.
1991-ci ildə universitetin Quba rayonunda filialı yaradılıb. Filial Azərbaycanın şimal bölgəsində yüksəkixtisaslı mədəniyyət işçilərinə olan ehtiyacı ödəyir. Filialın müasir tələblərə cavab verən maddi-texniki bazası var.
Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu ali məktəbdə 5 fakültə, 21 kafedra mövcuddur, bakalavr pilləsində 21, magistratura pilləsində isə 20 ixtisas üzrə mütəxəssis hazırlanır.
1994-cü ildən universitetin nəzdində aspirantura, 1995-ci ildən isə stajorluq-assistentura fakültəsi fəaliyyət göstərir. Son illərdə universitetdə ixtisasartırma dekanlığı və baza kafedraları təşkil edilib. 1997-ci ildə xarici abituriyentlər üçün hazırlıq şöbəsi yaradılıb.
