Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/05/2025

Paylaşın

MEMARLIQ

“Azərnəşr” binası – Xəzər sahilində konstruktivizmin simvolu

"Azərnəşr", “Mətbuat Sarayı”

Elə binalar var ki, zaman onlarda sadəcə iz qoymayıb, o, hər divarın daşında, hər şüşənin parıltısında yaşayır. Belə məkanlardan biri də Bakıda yerləşən “Mətbuat Sarayı”dır (Azərnəşr binası). Bu bina o dövrdə inşa olunub ki, memarlıq artıq utopiya və tərəqqi anlayışları ilə püxtələşirdi. Beton və işıqdan yaranmış bu ev, gəmiyə bənzəyən silueti ilə Bakının adını dünya konstruktivizm tarixində əbədi olaraq həkk edib.

Baki-baku.az bildirir ki, “Azərnəşr”in tarixi təkcə memarlıq salnaməsi deyil, bu, həm də bir xalqın mədəni bioqrafiyasının bütöv bir fəslidir. Çünki burada, eyni dam altında, söz, mətbuat və yeni estetik cəsarət birləşirdi.

Bu işin başlanğıcı 1924-cü ilə gedib çıxır. Həmin il Azərbaycan Dövlət Nəşriyyatı yaradılır. Sonralar bu nəşriyyat “Azərnəşr” adını alır. Lakin bu məkan sadəcə çap mərkəzi deyildi, burada gənc respublikanın mədəni siyasəti formalaşırdı, xalqı maarifləndirən və ruhlandıran kitablar məhz buradan çıxırdı.

Maraqlı bir detal: məhz “Azərnəşr”də ilk Azərbaycan ekslibrisi – kitab nişanı yaranmışdır. Bu nişan Maarif komissarı Mustafa Quliyev üçün rəssam Lyudviq Knit tərəfindən hazırlanmışdı. Beşlətli çiçək və onu əhatə edən səkkizguşəli “şəbəkə” motivi Şərqlə dövrün inqilabi ruhunun vəhdətini simvolizə edir, yeni mədəniyyətin estetik manifestinə çevrilirdi.

1920-ci illərin sonlarında nəşriyyat üçün ayrıca bina inşa etmək ideyası ortaya çıxır. Bu məqsədlə ümumittifaq memarlıq müsabiqəsi elan edilir. Yarışda öz dövrünün tanınmış memarları – Svirski, Barxinlər, Movçan, Qoldenberq və başqaları iştirak edirdilər. Qalib isə otuz yaşlı gənc leninqradlı memar Semyon Pen olur. Onun layihəsi o dövr üçün həqiqi bir açıqlama kimi qəbul edilir: bir-birinə bağlı üç korpusdan ibarət vahid ansambl, sanki şüşə və betondan ibarət axan, hərəkətdə olan bir gəmi təəssüratı yaradırdı.

"Azərnəşr", “Mətbuat Sarayı”

Birinci korpusda mətbəə və cildləmə sexləri, ikinci korpusda fotosinkoqrafiya şöbəsi, duş otaqları, istirahət guşələri və lazım gəldikdə kinoteatra çevrilən yeməkxana, üçüncü korpusda isə redaksiyalar, nəşriyyat bölmələri və kitab mağazası yerləşirdi.

Bakılılar bu binanı “paroxod” (gəmi) adlandırırdılar – çünki binanın yumru bucağı, açıq eyvanları və gəmi borusunu xatırladan qülləsi vardı. Kimisi onu açılmış kitab, kimisi isə yeni sənaye dövrünün simvolu kimi görürdü.

Rəsmi məlumatlara görə, binanın tikintisi 1931–1934-cü illərə təsadüf edir. Lakin 1930-cu ildə keçirilən iməclikdən qalmış köhnə fotoşəkillərdə artıq hazır divarları və məşhur “gəmi bucağını” görmək mümkündür. Memar Semyon Penin tapılmış orijinal layihə cizgilərində isə belə yazılıb: “Bakı Mətbuat Sarayı. 1928–1931.”

Konstruktivizm Bakıda özünəməxsus xüsusiyyətlər qazanmışdı. Avanqard ruhundan ilhamlanan memarlar funksionallıq prinsiplərini cənub plastikası ilə – yumşaqlıq, işıq və hərəkət hissi ilə birləşdirirdilər. “Azərnəşr” binası məhz bu ideyaların canlı təcəssümü idi.

Lakin konstruktivizm dəbi uzun çəkmədi. Artıq 1934-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi bu üslubu “qeyri-millilik”də ittiham edən və “milli ənənələrə qayıdış”ı tələb edən qərar qəbul etdi. Bununla da Stalin monumentalizmi dövrü başladı, avanqard memarlıq nümunələri isə “çirkin” sayılmağa başladı. “Azərnəşr” binası isə bütün bu ideoloji təzyiqlərdən salamat çıxdı, baxmayaraq ki, 1980–1990-cı illərdə onun sökülməsi barədə belə müzakirələr aparılmışdı. Xoşbəxtlikdən bina qorunub saxlanıldı, bərpa olundu və tarixi görkəmini itirmədi.

Bu gün keçmiş Mətbuat Sarayının yanından ötərkən onun sərt xətləri, yumru eyvanları və lift qülləsinin “borusu” insanı dayandırmadan buraxmır – sanki səssiz filmdən çıxmış kadrlar kimi, gələcəyin paytaxtı olmağa can atan bir şəhərin xəyalını canlandırır.

“Azərnəşr” müxtəlif dövrləri, üslubları və bərpaları geridə qoyub, amma yenə də öz kimliyini qoruyub saxlayıb – bu bina Bakı konstruktivizminin simvolu, cəsarət və zəkaya həsr olunmuş memarlıq manifestidir. O, bizə xatırladır ki, incəsənət ölmür – o, sadəcə, bir oxucu, tamaşaçı və ya yoldan keçən insan gözləyir; kimsə bir anlıq dayanıb tarix nəfəsini hiss edənədək.

Bakı hər zaman öz sirrlərini qorumağı bacarıb, amma bu beton və şüşədən yaranmış sirr – ən gözəllərindən biridir.

Hacı Cavadov

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Elə tarixi şəxsiyyətlər, qüdrətli simalar var ki, onların adı çəkiləndə tarixin özü belə sükuta dalıb əsgər sayğısında dayanır.

Ən son

HƏR ŞEYDƏN

Azərbaycan mədəniyyətində üzərlik (Peganum harmala) həm inancın, həm də təbiətin simvoludur.

HƏR ŞEYDƏN

Azərbaycan mədəniyyətində üzərlik (Peganum harmala) həm inancın, həm də təbiətin simvoludur.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin