XIX əsrin əvvəllərində baş verən siyasi hadisələr Azərbaycanın taleyində yalnız coğrafi deyil, həm də dərin mənəvi və mədəni parçalanmaya səbəb oldu. Rusiya imperiyasının işğalı nəticəsində ölkənin iki yerə bölünməsi, xüsusilə şimal hissəsində əsrlərlə formalaşmış elm, maarif və dini ənənələrin zəifləməsi ilə nəticələndi. “Parçala və hökm sür” prinsipi ilə həyata keçirilən siyasət milli kimliyin əsas sütunlarını sarsıtdı, ənənəvi təhsil sistemi isə maddi və ideoloji dayaqlardan məhrum edilərək tədricən geriləməyə başladı.
Bu proses təkcə təhsil sistemini deyil, bütövlükdə cəmiyyətin düşüncə tərzini dəyişdirdi. Yeni nəsil öz tarixi köklərindən, dini dəyərlərindən uzaqlaşdırılır, onların yerinə yad təsirlər aşılanırdı. Çarizmin məqsədli şəkildə bölgəyə göndərdiyi savadsız və inkişafdan geri qalmış kadrlar isə bu boşluğu daha da dərinləşdirirdi. Belə bir mühitdə milli maarifçilik ənənələrinə arxa çevirən, imperiyaya xidmət edən yeni bir zümrə formalaşdı. Onlar köklü problemlərin mahiyyətini anlamadan, təhsilin məzmununu müasirləşdirmək əvəzinə, əsrlərin sınağından çıxmış “üsuli-qədim” məktəblərini sıradan çıxarmağa, milli əlifbanı dəyişməyə və “üsuli-cədid” adlanan yeni modelə keçidi sürətləndirməyə çalışırdılar.
Lakin bu dəyişikliklər sağlam islahat xarakteri daşımırdı. Əksinə, milli yaddaşın zəiflədilməsi, dini-mənəvi bağların qırılması istiqamətində aparılan siyasətin tərkib hissəsinə çevrilmişdi. Nəticədə, cəmiyyət həm maarif, həm də mənəviyyat baxımından ciddi böhran mərhələsinə daxil oldu.
Baki-baku.az tarixi-dini abidələrin qorunmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinə nəzər yetirir.

Sovet ideologiyası və dini dəyərlərin sıxışdırılması
Çar Rusiyasının yaratdığı bu mənzərə sonrakı sovet dövründə daha sərt formada davam etdirildi. Ateist ideologiyanın hakim olduğu bu mərhələdə din yalnız şəxsi inanc sahəsi kimi deyil, həm də ictimai həyatın bütün sahələrindən sıxışdırılıb çıxarılmalı olan amil kimi təqdim olunurdu. Məscidlər bağlanır, dini ədəbiyyatın yayılması məhdudlaşdırılır, ibadət və dini mərasimlər müxtəlif formalarda qadağan edilirdi.
Bu dövrün xarakterik xüsusiyyətlərindən biri də dini məsələlərdə açıq şəkildə müşahidə olunan ikili standartlar idi. Bu dövrü səciyyələndirən Ümummilli Lider Heydər Əliyev 1998-ci il dekabrın 9-da Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” beynəlxalq simpoziumundakı çıxışında xalqımızın müstəqillik yoluna qədəm qoyması nəticəsində milli-mənəvi, dini dəyərlər qovuşmasında nailiyyətlər qazanmasını vurğulayaraq qeyd etmişdi ki, Sovetlər İttifaqı zamanı müxtəlif xalqlara müxtəlif cür münasibət qərarlaşmışdı. Bunu ondan görmək olardı ki, həmin dövrdə xristian dininə məxsus kitabların rus dilində nəşr olunması qadağan deyildi, hətta “Qurani-Kərim” də rus dilinə tərcümə edilərək nəşr olunmuşdu. Lakin “Qurani-Kərim”dən istifadə etməyi azərbaycanlılara qadağan edirdilər. Hesab edirdilər ki, Quran rus dilinə tərcümə olunub və guya xristianlar tərəfindən İslam dinini öyrənmək üçün lazımdır. Amma “Qurani-Kərim” Azərbaycan dilinə tərcümə olunsa, bu, azərbaycanlıların İslam dininə meylini artıracaqdır. Bu, əsas narahatçılıq yaradan məsələlərdən biri idi. Onu da qeyd etmək istərdik ki, eyni zamanda, xristian dininə məxsus kitabların rus dilində nəşr olunması qadağan deyildi. Elə bunun özü də Sovetlər İttifaqı zamanı müxtəlif xalqlara müxtəlif münasibət olduğunu göstərirdi.
Beləliklə, onilliklər boyu davam edən bu proses Azərbaycan cəmiyyətində dərin mənəvi boşluq yaratdı. İnsanlar öz dini və milli köklərindən uzaq düşdü, dini biliklər nəsildən-nəslə ötürülmə imkanını böyük ölçüdə itirdi.

Müstəqillik dövrü və dini dirçəlişin başlanğıcı
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra cəmiyyət qarşısında duran əsas vəzifələrdən biri də itirilmiş mənəvi dəyərlərin yenidən bərpası idi. Bu prosesin ideoloji və siyasi əsaslarını formalaşdıran əsas şəxsiyyət isə məhz Ulu Öndər Heydər Əliyev oldu. Onun rəhbərliyi ilə dövlət-din münasibətləri yeni mərhələyə qədəm qoydu, dini azadlıqlar təmin edildi və tarixi ədalətin bərpası istiqamətində mühüm addımlar atıldı.
Lakin bu proses heç də asan şəraitdə baş vermirdi. Müstəqilliyin ilk illərində ölkə həm iqtisadi çətinliklərlə, həm də müharibə ilə üz-üzə idi. Dövlət resurslarının böyük hissəsi müdafiə və təhlükəsizlik məsələlərinə yönəldilmişdi. Buna baxmayaraq, cəmiyyətin daxilində mövcud olan dini-mənəvi ehtiyac özünü açıq şəkildə göstərirdi. İnsanlar illərlə qadağan edilmiş dəyərlərə qayıtmaq, ibadət yerlərini bərpa etmək və dini həyatlarını yenidən qurmaq istəyirdilər.
Ümummilli Lider Heydər Əliyev bu prosesi düzgün qiymətləndirərək onu nəzarətə götürdü və istiqamətləndirdi. O, dini dirçəlişi spontan proses kimi deyil, dövlət siyasətinin mühüm istiqaməti kimi formalaşdırdı. Bu yanaşma sayəsində qısa müddətdə ölkədə yüzlərlə məscid tikildi və ya bərpa olundu, dini icmaların fəaliyyəti üçün hüquqi və təşkilati baza yaradıldı.

Tarixi-dini abidələrin bərpası: strateji yanaşma və simvolik addımlar
Ulu Öndər Heydər Əliyevin din siyasətində xüsusi yer tutan məsələlərdən biri də tarixi-dini abidələrin bərpası idi. O, bu prosesi sadəcə memarlıq irsinin qorunması kimi deyil, milli kimliyin və tarixi yaddaşın bərpası kimi qiymətləndirirdi. Bu baxımdan həyata keçirilən ən mühüm layihələrdən biri Bibiheybət məscidi ilə bağlı oldu.
Sovet dövründə dağıdılmış bu müqəddəs məkanın yenidən qurulması yalnız bir dini abidənin bərpası deyildi. Bu, həm də keçmişə verilən qiymət, tarixi ədalətin bərpası və gələcəyə ünvanlanmış mühüm mesaj idi. Ümummilli Lider Heydər Əliyev bu layihəyə xüsusi diqqət ayıraraq onun icrasını şəxsən nəzarətdə saxlayırdı. Onun fikrincə, Bibiheybət kimi ziyarətgahların bərpası yalnız Azərbaycan üçün deyil, bütün İslam dünyası üçün əhəmiyyət daşıyırdı.
Eyni zamanda, onun siyasəti yalnız İslam dini ilə məhdudlaşmırdı. Azərbaycanda kilsələrin və sinaqoqların bərpası, yeni ibadət yerlərinin inşası multikultural dəyərlərin qorunmasına xidmət edirdi. Müxtəlif dini icmalar arasında əməkdaşlığın təşviqi, qarşılıqlı hörmət mühitinin formalaşdırılması bu siyasətin əsas nəticələrindən biri oldu.

Tolerantlıq modeli və dini siyasətin davamlı irsi
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi din siyasəti Azərbaycanı regionda tolerantlıq və multikulturalizm nümunəsinə çevirdi. Dövlət-din münasibətləri inzibati təzyiqdən uzaq, beynəlxalq standartlara uyğun şəkildə tənzimləndi. Bu yanaşma cəmiyyətdə müxtəlif dini icmalar arasında etimadın möhkəmlənməsinə, qarşılıqlı anlaşmanın dərinləşməsinə şərait yaratdı.
Onun diqqət yetirdiyi mühüm məsələlərdən biri də işğal altında qalmış ərazilərdəki dini irsin taleyi idi. Bu ərazilərdə məscidlərin və digər abidələrin dağıdılması, tarixi irsin mənimsənilməsi faktları daim gündəmdə saxlanılırdı. Eyni zamanda, ölkənin digər bölgələrində alban xristian irsinin qorunması və bərpası istiqamətində atılan addımlar dini müxtəlifliyə verilən dəyərin göstəricisi idi.
Bundan əlavə, Ümummilli Lider Heydər Əliyev islamşünaslığın inkişafını da vacib hesab edirdi. O, bu sahədə elmi araşdırmaların genişləndirilməsini, yeni institut və mərkəzlərin yaradılmasını zəruri sayırdı. Bu təşəbbüslər dini biliklərin sistemli şəkildə öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi.
Nəticə etibarilə, Ulu Öndərin formalaşdırdığı din siyasəti yalnız bir dövrün deyil, bütöv bir tarixi mərhələnin əsasını təşkil etdi. Bu siyasət bu gün də davam etdirilir və Azərbaycanın milli-mənəvi həyatında mühüm rol oynayır. Onun qoyduğu irs, bərpa olunan abidələrdə, fəaliyyət göstərən dini icmalarda və ən əsası, cəmiyyətin mənəvi yaddaşında yaşamaqda davam edir.
Elvin Camalov