Bakı küçələri ilə addımlayarkən, sanki insanın qulağında Tofiq Quliyevin bəstələdiyi mahnılar səslənir. “Bakı haqqında mahnı” bu şəhər üçün yazılmış, bu şəhərin ruhundan üfürülmüş, mahnı kimi canlanmış ən gözəl mahnıdır, bəlkə də. O mahnı insanın damarları ilə dövr edir, Bakını özündə tam şəkildə ehtiva edir. Tofiq Quliyev və Bakı, sanki ayrılmaz bir vəhdətdir. Ümumiyyətlə isə Tofiq Quliyev bəstələrinin hər bir azərbaycanlının vətən, torpaq, el-oba sevgisi ilə həmahəng olması onu xüsusi, sevilən və olduqca doğma edir. Onun musiqisi adi notlardan düzülmüş sadə, sadə olduğu qədər də fövqəladə sevgi ilə dolu melodiyalardır. Həmin musiqi xalqın yaddaşına hopub, duyğularına çevrilib, gündəlik həyatın səsinə dönüb. Tofiq Quliyev təkcə Bakı haqqında yox, Azərbaycanın digər bölgələrinə həsr etdiyi mahnılar da onun bütöv bir Azərbaycan sevgisi ilə doğulduğunu, ömrünü, sənətini məhz bütün vətəninə həsr etdiyini göstərir. Tofiq Quliyev Azərbaycan musiqisinin zərif lirikasını, teatr və kino dillərini, estrada və caz dinamizmini bir yerdə tutan unikal sima, əvəzolunmaz bəstəkar, incə pianoçu, səssiz, amma səmimi bir dirijor idi.
Uşaqlıqdan musiqiyə…
1917-ci ilin payızında Bakının Bilgəh kəndində dünyaya gələn Tofiq Quliyev hələ uşaq yaşlarında musiqinin sehrinə düşmüşdü. Tanrı ona istedad vermişdi, o isə bu istedadı zəhmət ilə parıldatdı. 12 yaşında Konservatoriyanın nəzdindəki məktəbə daxil oldu, 17 yaşında artıq professional səhnəyə qədəm qoydu.
İlk bəstəsi – “Məktəbli” mahnısı onun təkcə musiqiçi deyil, həm də gələcəyin xalqın ruhunu oxuyan sənətkarı olacağının göstəricisi idi. Bu mahnı 1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə Mirzə Ələkbər Sabirin sözlərinə yazılmışdı. Və bəstəkarın yaradıcılıq taleyində uğurlu başlanğıc olmuşdu. Onun ardınca Tofiq Quliyev 1935-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başladı.
Tofiq Quliyev həyatını təkcə musiqiyə deyil, həm də vətənə həsr etmişdi. Müharibə illərində o, “Qırmızı ordu” və “Qırmızı flot” ansambllarını quraraq cəbhəyə ruh, əsgərə güc, xalqına ümid verdi. Onun vətənpərvər mahnıları yalnız səs deyil, həm də silah idi – ruhu dik tutan melodik silah.
Kino və teatrın musiqi qəhrəmanı
Tofiq Quliyev təkcə konsert salonlarının deyil, həm də ekran və səhnənin qəlbi idi. Dövlət Dram Teatrları, Rus Dram Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində, filmlərdə – onun musiqisi hər yerdə duyulurdu. “Görüş”, “Bəxtiyar”, “Əsl dost”, “Ögey ana”, “Bizim Cəbiş müəllim”, “Ulduz”, “Telefonçu qız”, “Dərviş Parisi partladır”, “Möcüzələr adası”, “Qayınana” kimi filmləri bu gün seviriksə, bu, həm də o filmlərdə səslənən Tofiq Quliyev melodiyalarının duyğusundandır. O filmlərin film kimi alınmasında və yaddaşlarda qalmasında həmin bəstələrin mühüm rolu var. O bəstələr bu gün hər azərbaycanlının dilinə ana laylası kimi əzbər və doğma olan el nəğmələrinə dönüblər. Çünki Tofiq Quliyev notları danışdırırdı. Melodiya ilə insan ruhunu oxuyurdu. Onun mahnıları sevdalılar üçün məktub, ayrılanlar üçün təsəlli, qocalar üçün xatirə idi.
Caz, estrada, xalq musiqisi – hər şey bir insanda
Azərbaycan caz və estrada musiqisinin banilərindən biri olmaq – bu, təsadüfi deyil. Tofiq Quliyev dünya musiqisinə açıq, amma xalq musiqisinə sədaqətli idi. Muğamları fortepianoya uyğunlaşdırmaq, xalq havalarını klassik forma ilə təqdim etmək – onun sənətinin misilsiz tərəfidir. “Rast”, “Segah”, “Zabul”, “Dügah” – bu muğamların modern dillə danışması da onun xidmətidir.
“Cəmilənin albomu” və bir nəvəyə ithaf
Tofiq Quliyev musiqini yalnız peşəkarlar üçün deyil, həm də uşaqlar üçün yazırdı. Nəvəsi Cəmiləyə ithaf etdiyi fortepiano pyesləri bu gün uşaq musiqi məktəblərinin vazkeçilməz hissəsidir. Bu, bir babanın sevgisi ilə bir sənətkarın gələcəyə verdiyi mirasın kəsişməsidir.
Ruhunun və cisminin davamçısı
Tofiq Quliyevin ruhu və cismi, yaradıcı ilhamı oğlu Eldar Quliyevdə davam etmişdi. O Eldar Quliyev Azərbaycan mədəniyyətinə “Babək”, “Nizami”, “Bir cənub şəhərində”, “Ən vacib müsahibə”, “Gümüşgöl əfsanəsi” və onlarla digər filmləri töhfə verən Azərbaycan kinorejissoru, ssenaristi, Azərbaycan SSR xalq artisti idi. Və onun Eldar Quliyev möhtəşəmliyində olmaqdan başqa çarəsi yox idi, çünki o Tofiq Quliyevin oğlu idi.
Ömrün sonu, xatirələrin əvvəli
2000-ci ildə Tofiq Quliyev bu dünyadan köçdü. Amma əslində, o, heç vaxt getmədi. Onun musiqisi ilə biz hələ də sevirik, xatırlayırıq, kövrəlirik, qürurlanırıq.
Onun adına küçələr, musiqi məktəbləri, xatirə lövhələri var. Amma əsl abidə onun notlar arındadır – səssiz, amma heç vaxt susmayan abidə.
Xanım Aydın