Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/04/2025

Paylaşın

TARİX

Azərbaycan möcüzəsi: yanmayan, amma müalicə edən neft!

Azərbaycan möcüzəsi, Neft

Naftalan – Azərbaycanın qədim əfsanələrini, tibbi elmini və nəsillərin taleyini birləşdirən unikal təbii möcüzəsidir. Bu, yanmayan, amma şəfa verən, sirli bir maddədən güclü müalicə vasitəsinə çevrilən qatı neftdir. Məhz Naftalanın bu paradoksal xüsusiyyəti onu dünya şöhrətli edib: sənaye üçün yararsız görünən bir maddə tibb üçün əvəzsiz olmuşdur.
Qarşımızda sadəcə müalicəvi bir maddənin tarixçəsi deyil. Bu, zamanla səyahətdir: Nizaminin karvanlarının Safi-Kürd yaxınlığındakı “yağlı quyuları” qeyd etməsindən tutmuş XIX əsr alman konsernlərinə, Rus–Yapon müharibəsinin səngərlərindən müasir Naftalan klinikalarına qədər uzanan bir yol.

Naftalan – “neftkimyanın bütün qaydalarından kənara çıxan” neftdir. O, yanmır, lakin unikal bioloji aktiv birləşmələr toplusuna malikdir. Onun tərkibində əsas rolu qısa zəncirli molekullardan ibarət olan naften karbohidrogenləri oynayır – təbiət bu birləşmələri xüsusi olaraq Azərbaycan yatağına bəxş etmişdir. Qısa yan zəncirli bu karbohidrogenlər bir çox bioloji aktiv maddələrin – sterinlərin, öd turşularının, D vitamininin, progesteronun əsasını təşkil edir. Onlar böyrəküstü vəzinin steroid hormonlarının biosintezində iştirak edir, orqanizmin adaptiv-kompensator funksiyalarını stimullaşdırmağa yardım edir.

Naftalan neftinin tərkibində sink, bor, manqan, yod, mis, litium, rubidium, kobalt, molibden və digər fizioloji aktiv mikroelementlərin çoxluğu aşkar edilmişdir ki, bu da onun müalicəvi təsir mexanizmində mühüm rol oynayır. Naftalanın azotlu əsasları və naften turşuları da bioloji fəallıqdan məhrum deyil.

Naftalanın tarixi dövlət sərhədlərindən, sülalələrdən və imperiyalardan daha qədimdir. Bu möcüzəvi maddədən ilk dəfə XII əsrin böyük mütəfəkkiri Nizami Gəncəvi bəhs edir. O, Safi-Kürd kəndi ətrafından çıxarılan “müalicəvi yağ”ı daşıyan karvanları təsvir edir – bu isə orta əsrlərdə Naftalan çıxarılmasının ilk sübutlarından biridir.

XIII əsrdə Marko Polo özünün “Böyük Tatarıstan haqqında” traktatında bu əfsanələri təsdiq edir.

“…yağlı qatran olan bir quyu var. Onu dəvələrə yükləmək olur. Onu yemirlər, amma insanlarda və mal-qarada yaraları, yanığı və dəri xəstəliklərini onunla müalicə edirlər”.

Əgər Polo bilsəydi ki, bu qatran bir gün Avropanın elmi fenomeninə çevriləcək, bəlkə də, ona ayrıca bir fəsil həsr edərdi.
1873-cü ilə qədər naftalanı dayaz quyulardan əl ilə çıxarırdılar. Lakin 1890-cı ildə hər şey dəyişdi: alman mühəndisi Emil Yeger ilk quyusunu qazdı və uğursuzluğa düçar oldu. Neft yanmırdı, tərkibində benzinin izi yox idi, investorlar uzaqlaşırdı, zavod bağlanmaq üzrə idi.

Və məhz burada taleyin romanlara layiq dönüşü baş verir. Yeger görür ki, yüzlərlə insan onun quyularına gəlir, neft dolu quyulara girmək üçün. Yanacaq üçün yox, müalicə üçün. Yeger yerli üsulları öyrənir, ilk Naftalan məlhəmi fabrikini yaradır və tezliklə istehsalı Almaniyada patentləşdirir. 1896-cı ildə iki səhmdar cəmiyyəti fəaliyyətə başlayır: “Maqdeburqda Naftalan” və “Drezdendə Naftalan”. Drezden şirkəti 600 həkim rəyindən ibarət təlimat çap edir. Reseptlər ciddi şəkildə gizli saxlanılır. Məlhəmlər onlarla xəstəliyə qarşı “universal möcüzə vasitəsi” kimi satılır.

XX əsrin əvvəllərinə doğru Avropa sanki naftalana vurulur. O, Rusiyaya da göndərilir, lakin alman istehsalı kimi, Azərbaycan mənşəyi gizlədilərək. 1896-cı ildə Qafqaz Tibb Cəmiyyətinin iclasında həkim F.Q.Rozenbaum maddənin müalicəvi xüsusiyyətlərini ilk dəfə rəsmi şəkildə təqdim edir: yanıq, ekzema, psoriaz, yaralar, əzilmələr, revmatik ağrılar.
1899-cu ildə “Pharm.Zeitung” jurnalı naftalanla 65 formula dərc edir: məlhəmlər, pastalar, plastırlar, sabun, pudra, şamlar.
1900–1902-ci illərdə Parisin kosmetik salonlarında naftalan yumşaldıcı və cavanlaşdırıcı vasitə kimi istifadə olunur.

Rus–Yapon müharibəsi zamanı yapon əsgərlərinə mütləq təchizat dəstində naftalan məlhəmi verilirdi. Onu donvurma, yanıq və yaraların müalicəsi üçün tətbiq edirdilər.

1920-ci ildən yataq mühafizə olunan zona elan edilir. 1926-cı ildə məşhur Naftalan kurortu açılır — bütün SSRİ-dən minlərlə xəstənin gəldiyi müalicə mərkəzi. 1938-ci ildə neftin bioloji təsirini öyrənən laboratoriya yaradılır. 1941-ci ildə təmizlənmiş naftalanın sənaye istehsalı təsdiqlənir və az sonra isə hər bir sovet insanına tanış olan əfsanəvi «Naftalan» məlhəmi buraxılır. Moskvanın “Qalen” fabrikində 30-dan çox preparat istehsal olunurdu. Ümumilikdə təbii naftalanın 200-dən artıq törəməsi mövcud idi.

Naftalanın tarixində dönüş mərhələsi 1970–1990-cı illərə təsadüf edir. Həmin dövrdə ümummilli lider Heydər Əliyev şəhərin inkişafı üçün böyük işlər gördü. Belə ki, həmin illərdə şəhərdə müxtəlif sosial və iqtisadi təyinatlı müəssisələr tikilib istifadəyə verildi.

Sonralar Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və həyata keçirilən proqramlar sayəsində Naftalan şəhəri turizm sektorunda ön sıralara yüksəldi. Şəhərin əsasını sanatoriya-kurort infrastrukturu təşkil edir. Son illərdə yeni, müasir kurortların yaradılması ilə şəhərin turizm potensialı daha da genişlənir, sahibkarlığın inkişafı üçün əlverişli şərait formalaşır. Naftalan Mərkəzi Sanatoriyası da belə layihələrdən biridir.

2021-ci ildə Naftalan Mərkəzi Sanatoriyasının açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etdi. Dövlət başçısına sanatoriya haqqında məlumat verildi.

Bir hektar ərazidə yerləşən bu sanatoriya ölkədə sağlamlıq turizmi sahəsini daha da genişləndirir və buraya müalicəyə gələn vətəndaşların tam məmnunluğunu təmin etmək üçün bütün şəraitə malikdir. Mərkəz müxtəlif terapiya istiqamətlərini birləşdirir, müxtəlif xəstəliklərin müalicəsi üçün sağlamlaşdırıcı-profilaktik müəssisəyə çevrilir.

Bu gün Naftalan nə qədim karvanların, nə alman fabrikçilərinin xatirəsi, nə də bütün böyük İttifaq tərəfindən tanınan sovet kurortu ilə məhdudlaşır. Bu, XXI əsrin yüksək texnologiyalı tibbi mərkəzidir, burada unikal təbii neft müasir diaqnostika, fizioterapiya və elmi əsaslı müalicə metodları ilə qovuşur. Hər il buraya onlarla ölkədən minlərlə pasiyent gəlir və onların hər biri naftalanoterapiyanın canlı tarixinin bir hissəsinə çevrilir, daim yenilənən bir tarixə.

Müasir Naftalan – yeni sanatoriyalar, beynəlxalq xidmət standartları, tədqiqat laboratoriyaları və genişlənən tibbi infrastruktura malik kurort şəhəridir. Burada yeni preparat formaları yaradılır, metodikalar təkmilləşdirilir, tibbi turizm inkişaf edir və ən əsası naftalan neftinin biokimyası, təsir mexanizmləri və gələcək tətbiq perspektivləri dərin şəkildə araşdırılır.

Məhz gələcək ən cəsarətli üfüqləri açır. Naftalan innovativ farmasevtika üçün resurs kimi nəzərdən keçirilir, yeni iltihabəleyhinə, dermatoloji və regenerativ vasitələrin yaradılması məqsədi ilə.

Beləcə, vaxtilə yanmayan, amma tibbi dəyişən bu maddənin tarixi davam edir. Azərbaycanın dünyaya şöhrət gətirən, təbii şəfanın simvoluna çevrilən bu mənbənin tarixi. Bu gün də, sabah da, gələcək nəsillər üçün də Naftalan elə o yer olaraq qalacaq — torpağın insana özü şəfa bəxş etdiyi, tibbin gələcəyinin təbiətin minillik müdrikliyi ilə qovuşduğu bir məkan.

Hacı Cavadov

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Sabah" Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin