Elə şəhərlər var ki, oradakı muzeylər sadəcə artefaktların saxlandığı yer deyil, zamanla mədəniyyətin birləşərək güc məkanına çevrildiyi unikal məkanlardır. Bakı da məhz belə şəhərlərdən biridir. Burada, Xəzər dənizinin sahilində elə bir muzey yaradıldı ki, tarixə unikal bir hadisə kimi düşməyə layiq oldu. Bu muzey yalnız xalçaları toplamaqla kifayətlənmədi — bütün dünyanı onların dilini oxumağı öyrətdi. Hər bir naxışda nəsillərin yaddaşı, miflər və kosmik simvollar yaşayır.
Azərbaycan Xalça Muzeyinin tarixi — bu, həm də aşmaq və yaratmaq tarixidir. Burada xalq sənəti dünya irsinə çevrildi. Bu, enerjisi və istedadı ilə incəsənət saplarından bütöv bir kainat toxuyan insan — Lətif Kərimovun hekayəsidir. Və bu, xalçanı mədəniyyətin, fəlsəfənin və əbədiyyətin simvolu kimi dünyaya bəxş edən şəhərin — Bakının hekayəsidir.

Tam 50 il əvvəl Bakıda dünyada analoqu olmayan bir muzey yaradıldı. Bu, sadəcə incəsənət məbədi deyil, yaddaş və ənənə saplarından toxunmuş bütöv bir kainat idi. Lətif Kərimov — nəsildən-nəslə keçən xalçaçı, istedadlı aktyor, zərgərlik ustası, alim, diktor və rəssam — Xalça Muzeyinin tədqiqat konsepsiyasını formalaşdırdı.
O dövrdə Bakı böyük dəyişikliklər dövrünü yaşayırdı: sənayeləşmə, şəhərləşmə və mədəni islahatlar həyat tərzini sürətlə dəyişdirirdi. Belə bir şəraitdə, bir xalqın düşüncə tərzini və ənənələrini özündə yaşadan xalça, xüsusilə də qorunmağa ehtiyac duyurdu. Muzey işinə vurğun olan insanlar əsas vəzifələrini kolleksiyanın toplanması, bərpası və elmi təsvirində görürdülər.
Dünyanın bir çox yerlərində dekorativ-tətbiqi sənət muzeyləri açılırdı: çünki qloballaşan sənaye dövründə dağılan ənənəvi həyat tərzini sənədləşdirmək və qorumaq vacib idi. Lakin xalça sənətinin tədqiqinə həsr olunmuş ixtisaslaşmış bir muzey — yalnız Azərbaycanda yaranmışdı.

Xalça Muzeyinin ilk direktoru haqqında əfsanələr danışılır. O, Şuşa və Gəncədə xalçaçılıq üzrə xüsusi kurslar təşkil etmiş, qədim Azərbaycan ənənəsinin davam etdirilməsi və texnologiyalarının qorunması üçün böyük səy göstərmişdi. Deyirlər ki, o, savadsız şagirdlərin toxuculuq texnikalarını daha asan yadda saxlaması üçün qoşma janrında xüsusi şeirlər də yazırmış. Kərimov xalçanın şərq insanının həyatındakı xüsusi rolunu çox gözəl anlayırdı. Xalça naxışı — kainatın simvoludur, o, bütöv bir kosmosu özündə cəmləyir. Bu xüsusi dünya araşdırılmalı və başa düşülməli idi.
Yeni yaradılan muzey üçün Cümə məscidinin binası ayrılmışdı. Beş il — 1967-ci ildən 1972-ci ilə qədər — bölgələrə ekspedisiyalar, kolleksiyanın toplanması və bərpası ilə məşğul olundu. İlk muzey kolleksiyasına təkcə xalçalar deyil, həm də milli geyim nümunələri, naxışlar, arxeoloji tapıntılar, zərgərlik məmulatları, toxuculuq dəzgahları və ənənəvi məişət əşyaları daxil idi. 1972-ci ildə muzey ekspozisiyası ziyarətçilərin üzünə açıldı.
Ancaq indi, yarım əsr sonra bu layihənin miqyasını qiymətləndirmək mümkündür: Lətif Kərimov o dövrün muzeyçilik prinsiplərini onilliklər qabaqlayaraq nə qədər əhatəli bir tədqiqat layihəsi təşkil etmişdi. Muzey yerli istehsalçılarla aktiv əlaqələr saxlayaraq təkcə kolleksiyanın zənginləşdirilməsinə deyil, eyni zamanda regional ənənəvi sənətkarlığın inkişafına da təkan verirdi.

Azərbaycan Xalça Muzeyinin ilk ekspozisiyası 1972-ci il aprelin 26-da, İçərişəhərdə yerləşən, XIX əsrə aid memarlıq abidəsi olan Cümə məscidində təşkil olunmuşdur. Açılış mərasimində ümummilli lider Heydər Əliyev də iştirak etmişdir.
1970–1980-ci illərdə Heydər Əliyevin daimi dəstəyi sayəsində muzey müxtəlif sənət nümunələri əldə etmək və bu yolla kolleksiyasını genişləndirmək imkanı qazanmışdı. Muzeyin ən tanınmış eksponatları arasında Şirvan, Qazax və Quba xalçaları xüsusilə seçilirdi.
1970–1980-ci illərdə muzeydə keçirilən elmi konfranslar tarixə düşdü (1983-cü ildə burada UNESCO-nun himayəsi altında ilk beynəlxalq simpozium təşkil olundu), Lətif Kərimovun üçcildlik “Azərbaycan xalçası” monoqrafiyası isə xalçaçıların və etnoqrafların bütün dünyada “müqəddəs kitabı”na çevrildi. Bu əsərdə minlərlə xalça naxışı və elementlərinin şərhi dərc olunmuşdu: əslində, Bakı muzeyinin direktoru xalçanın dilini öyrədən bir dərslik yazmış və insanlara onu necə oxumağı öyrətmişdi. Muzeyin kolleksiyasını lazımi vəziyyətdə saxlamaq üçün Bakıda unikal bir bərpa mərkəzi yaradıldı. Muzeyin çoxsaylı xalçaları üçün identifikasiya pasportları hazırlandı, yüzlərlə xalçanın orijinal istehsal ölkəsi, hətta onu yaradan xalq müəyyən edildi.
Məscidin memarlığı ilkin mərhələdə muzey kolleksiyasının nümayişi üçün ideal uyğunluq təşkil edirdi. Məscidlər ənənəvi olaraq xalçalarla assosiasiya olunur — döşəmələr xalçalarla örtülür, divar rəsmləri isə bitki və həndəsi naxış elementlərini təkrar edir. Cümə məscidinin binası, deyildiyi kimi, müqəddəs bir yer idi: İslamdan əvvəl bu ərazidə zərdüştilərin od məbədi yerləşirdi və odun simvolu olan buta — Azərbaycan xalçasının əsas süjet elementlərindən biridir. Lakin muzey kolleksiyası sürətlə böyüyürdü və ekspozisiya daim dəyişdirilsə də, yer çatışmazlığı kəskin hiss olunurdu. Binanın ölçüləri geniş fond saxlancına imkan vermir və eksponatların düzgün qorunması üçün uyğun deyildi. 1992-ci ildə muzey ləğv olunmuş Lenin Muzeyinin binasına köçürüldü, Cümə məscidi isə yenidən ibadət məkanına çevrildi. Lakin bu köç də əsas problemləri həll etmədi.

Muzeyin əfsanəvi banisi yeni binaya köçdən bir il əvvəl vəfat etmişdi. Muzey üçün çətin keçən bu dövrdə bir çox regional əlaqələr qırıldı, ənənəvi xalçaçılıq mərkəzləri isə ağır dövrlər yaşayırdı. Xüsusilə Şuşa xalçaçılıq məktəbinə məxsus xalçaların itirilməsi və ya müharibə zamanı məhv edilməsi təhlükəsi reallığa çevrilmişdi. Nadir artefaktları qorumaq məqsədilə Şuşa Muzeyinin direktoru müharibə şəraitində olan şəhərdən təxminən 600 xalçanı Bakıya gətirdi. Bu hadisədən sonra 14 mindən çox eksponatın yerləşdirilib qoruna biləcəyi yeni bir binanın inşası məsələsi olduqca aktuallaşdı.
Müasir muzey konsepsiyası XX əsrdəki anlayışlardan kəskin şəkildə fərqlənir. Bu gün muzeylər şəhər mərkəzinin cəlbedici məkanına çevriliblər; keçmişin filt sapoqları, sərt nəzarətçiləri, “sakit olun” və “girmək qadağandır” yazıları artıq keçmişdə qalıb. Berlin, London, Paris kimi iri turizm mərkəzləri köhnə muzey məkanlarının yenidən qurulması ilə ciddi şəkildə məşğuldurlar. Məsələn, Berlinin Muzey Adası, qədim muzey kompleksinin rekonstruksiyası üçün britaniyalı memar Devid Çipperfildə sifariş vermişdir. Müasir muzeylər şəhər sakinlərinin mədəni tələblərinə daha açıqdır; onların ərazisində insanlar sadəcə artefaktlara baxmaqla kifayətlənmirlər, eyni zamanda təhsil alır, musiqi dinləyir, əylənir və asudə vaxtlarını səmərəli keçirirlər.

Yeni Xalça Muzeyi binası üçün yer seçilərkən muzeyçilik sahəsindəki müasir tendensiyalar mütləq şəkildə nəzərə alınmalı idi. Bakı sakinlərinin ənənəvi istirahət məkanlarından olan, dənizkənarı yaşıl zona — Dənizkənarı bulvar, yeni minillikdə şəhərin mədəni marşrutlarının əsas nöqtələrinin cəmləşdiyi simvolik bir məkana çevrildi. Burada Muğam Mərkəzi, Dövlət Bayrağı Meydanı, YARAT Müasir İncəsənət Mərkəzi, Qayaüstü Rəsmlər Muzeyi kimi mədəni məkanlar yerləşir. Buna görə də Xalça Muzeyinin yeni binasının məhz burada, Muğam Mərkəzinin yaxınlığında inşa olunması tamamilə məntiqli idi. Axı Azərbaycan xalçası muğam kimi milli bir simvoldur.
Yeni muzey binası effektli assosiativ prinsipə əsasən layihələndirildi: avstriyalı memar Frants Yants əsas korpus üçün forması yığılmış xalçanı xatırladan silindrik həcm təklif etdi.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalça Muzeyinin yeni binasının Dənizkənarı Milli Park ərazisində inşası ilə bağlı sərəncam imzaladı. 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində yeni binanın təməlqoyma mərasimi baş tutdu.

Avstriyalı memar Frants Yantsın rəhbərlik etdiyi “Hoffmann-Janz Architects” şirkəti dünyanın bir sıra aparıcı paytaxtlarında və eləcə də Azərbaycanda bir sıra iri miqyaslı tikinti layihələrini uğurla həyata keçirmişdir. Onların layihələri arasında Vyanada inşa olunan ilk hündürmərtəbəli bina — “DC Towers”, həmçinin həmin şəhərdə yerləşən “The Timber Marina Tower” layihəsi, Bratislava, Dubay və digər şəhərlərdə modern üslubda tikilmiş binalar xüsusi qeyd olunmalıdır. Bakıda isə onun müəllifi olduğu Mərkəzi Park və paytaxtın memarlıq incilərindən biri sayılan müasir yaşayış kompleksi — “Nobel Residence” artıq istifadəyə verilmişdir.
Müasir Xalça Muzeyi binasının layihəsi muzey mütəxəssisləri ilə razılaşdırılmışdır: ekspozisiya və fond ehtiyaclarını qarşılayacaq şəkildə muzeyin sahəsi 5000 kvadratmetrə qədər genişləndirilmişdir. Memarların ideyasına əsasən, bina yığılmış deyil, açılan xalçanı simvollaşdırır. Onun qeyri-adi forması ziyarətçiyə bir dəvət kimi yozulmalıdır — içəri daxil olub xalq sənəti dünyasını kəşf etməyə çağırır.
Binanın zirzəmisində xalçatoxuma mərkəzi yerləşir. Burada sənətkar qadınların necə çalışdığını izləmək və xalçatoxuma üzrə ustad dərslərində iştirak etmək mümkündür. Belə olduqda, yuxarıdakı üç mərtəbədəki ekspozisiyalar da tamaşaçıya tamamilə fərqli rakursdan görünür. Binanın qeyri-adi, yumşaq və dairəvi divar formaları isə ekspozisiyanı daha təbii və autentik göstərir: çünki keçmişdə torpaqdan tikilmiş evlərin divarlarında xalçalarla izolyasiya olunmuşdu və bu evlərdə kəskin bucaqlar olmurdu.

2014-cü il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun həyat yoldaşı Mehriban Əliyeva Azərbaycan Milli Xalça Muzeyinin yeni binasının açılışında iştirak etmişlər. Ölkəmizin unikal inciləri olan xalçaların daha geniş və effektiv nümayiş etdirilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, muzey üçün ayrıca binanın inşasına qərar verilmişdir. Yeni binanın tikintisinə Heydər Əliyev Fondu və UNESCO tərəfindən dəstək və yardım göstərilmişdir.

Azərbaycan xalçaçılıq sənətinin inkişafında və milli irsimizin qorunmasında Mehriban xanım Əliyevanın da xüsusi rolu şübhəsizdir.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı və qayğısı sayəsində Azərbaycan xalçaçılıq sənətinin inkişafı sahəsində bir sıra mühüm sənədlər qəbul olunmuş və müxtəlif layihələr həyata keçirilmişdir.
2010-cu ildə isə Azərbaycan xalçaçılıq sənəti Mehriban xanım Əliyevanın dəstəyi ilə UNESCO-nun “İnsanlığın qeyri-maddi mədəni irsinin təmsilçi siyahısı”na daxil edilmişdir.

Bakı Xalça Muzeyi — sadəcə Dənizkənarı Bulvarda yerləşən bina və ya minlərlə unikal eksponatdan ibarət kolleksiya deyil. Bu, ənənənin canlı nəfəsidir, müasir mədəni kod formasını almışdır. Burada keçmiş gələcəklə dialoq qurur, ornamentlər kainatın əlifbasına çevrilir, hər bir xalça isə miflər, əfsanələr və xalqın talelərinin şifrələndiyi bir kitab kimi açılır.
Bu gün muzey Lətif Kərimovun başladığı missiyanı davam etdirir: xalça sənətinin sirlərini qoruyub saxlamaq, araşdırmaq və dünyaya çatdırmaq. Əvvəllər xalça gündəlik həyatın bir parçası idisə, indi o, kosmosun, milli yaddaşın və Azərbaycanın mədəni sərvətinin simvoludur.
Xalça kimi açılan binaya daxil olarkən hiss olunur ki, sən muzeyə deyil, başqa bir kainata daxil olursan. Həmin kainatda hər sap canlı bir hekayədir, hər buta od, bütün naxış isə əbədiyyətin harmoniyasıdır.
Hacı Cavadov