Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/06/2025

Paylaşın

TARİXİMİZ

Azərbaycan – ekosistemin, biomüxtəlifliyin qorunmasına töhfələr verən ölkə

IMG-20251106-WA0021

Prezident İlham Əliyevin sərəncamı ilə 24 min hektar ərazini əhatə edən Milli Park – Axar-Baxar

Zəngin təbiəti, bolsulu çayları, qəlbi dağları, yaşıl yaylaqları, orman və meşələri ilə dillərə dastan olan Odlar Yurdu Azərbaycan flora və faunası ilə yanaşı, heyvanat aləmi də bir aləmdir. Çoxsaylı qoruqların, milli parkların salınması təbiəti qorumaq hissi ilə yanaşı, ölkənin təbiət-cəmiyyət münasibətlərinə bir töhfədir. Qızıl Ağac Milli Qoruğu, Hirkan Milli Parkı, Safari Park, Azərbaycanın Arizonası kimi dünyada məşhur olan, möcüzələr adası, Ay səthinin təsvirini xatırladan kanyonları ilə məşhur olan Axar-Baxar Milli Parkı qalaları, sərt-sıldırım qayaları, zəngin təbiəti, insanı insandan alan gözəlliyi ilə dillərə dastan olan Qax rayonunun ərazisindədir. Adı Yevlaxdan Gürcüstan sərhəddinə qədərə uzanan dik yamac və dərələri ilə fərqlənən Axar-Baxar dağ silsiləsindən götürülən Park Azərbaycanın Orta Bozdağ silsiləsinin bir hissəsi olmaqla yanaşı, Böyük və Kiçik Qafqaz dağları arasında təbii dəhliz rolunu oynayır. Axar-Baxar silsiləsinin yüksəkliyindən müşahidə edilən landşaft zənginliyinə ölkə ərazisində heç bir yerdə rast gəlinmir. Buradakı qayalar qeyd etdiyimiz kimi ayın səthini xatırladır. Hündür torpaq qalaların vertikal divarları arasında Quru çay vadilərinin uzun kanyonları, bir tərəfdən Qaxın Alazan çayının və Mingəçevir su anbarının mənzərəsi, digər tərəfdən ceyranların, qartalların, maymunların süzdüyü Sarrıca çölü, şimala doğru bir-birini əvəz edən çöllər, düzən və dağ meşələri, alp çəmənliklər təbiətin möcüzəsi, Tanrının hikməti, səxavəti kimi insanda mübhəm duyğular yaradır.

Torpaqqala və Minbərək yaşayış məskənlərinin zinəti

Azərbaycan Respublikasının xüsusi qanunları ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qorunub himayə edilən, nadir bitki və heyvan növləri üçün mühüm yaşayış məskəni hesab edilən Axar-Baxar Milli Parkında e.ə. VI-IV əsrlərə aid Torpaqqala, enolit dövrünə aid “Minbərək” yaşayış məskənləri mövcuddur. Bununla yanaşı Parkın ərazisi zəngin biomüxtəlifliyə malik ciddi qorunan nadir bitki və heyvan növləri üçün mühüm yaşayış məskənidir. Qafqazın iri yırtıcı məməli növlərinin 90%-i məhz burada – Axar-Baxar Milli Parkında yaşayır. Onların bəziləri köç edən növ olsa da, bir çoxunun nəsilvermə, dölartırma dövrü məhz parkın ərazisində keçir. Xüsusi ilə təbiətin ən nadir, həm də yırtıcı varlığı sayılan vaşaqlar bu ərazini məskən seçməklə burada artıb-ürüyürlər.

Təbii bitki örtüyü, gözəlliyi, heyvanat aləminin zənginliyi ilə seçilən Axar-Baxar Milli Parkı həm də ayı, qaban Türküstan bəbiri, zolaqlı kaftar kimi təbiətin vəhşi canlılarına da ev sahibliyi edir. Bura boz canavar, ceyran, imperator qartalı, qara kərkəs, ağbaş kərkəs, ilanyeyən qartal, çay qaranquşu, qara leylək, çöl qartalı, böyük xallı qartal kimi bir çox nadir və kəsilmək təhlükəsi ilə üz-üzə olan, “Qırmızı kitab”a daxil edilən heyvan növlərinin də məskunlaşdığı, nəsil artırdığı, hüzur bulduğu məkandır.

Təbiətin nadir bitkiləri, ağacları, yaşıllıq zolaqları ilə turistlərin, səyyahların məşhur bioloq və zooloq alimlərin, tədqiqatçıların diqqətini özünə çəkən Axar-Baxar Milli Parkı zəngin nemətləri, meyvə və giləmeyvələri ilə də insanları özünə cəlb edir.

Şərq palıdı, saqqız ağacı, cır nar, Eldar armudu, Qafqaz quş səhləbi, nöqtəli səhləb, meymun səhləbi, Eyxler dağ laləsi və adlarını sadalamadığımız yüzlərlə min bir dərdə-dəva, məlhəm olan bitkilər, müalicəvi otlar, Axar-Baxar Milli Parkını dünyanın axarlı-baxarlı, barlı-bərəkətli guşələrindən birinə çevirib.

Ölkəmizdə mövcud olan 20 növ sürünəndən 16-sına Qanıq çayı vadisi və Tuqay meşəsində rast gəlinir

Landşaft baxımından min illərdir toxunulmaz qalan ərazilər demək olar ki, qida təhlükəsizliyi, heyvanat aləminin qida rasionu ilə bağlı problem yaşamayıb. Parkın kifayət qədər yem ehtiyatının olması sürünənlərin bir çox növünün parkın ərazisində hüzur bulmasına, artıb-çoxalmasına şərait yaratmışdır. Bu səbəbdən də ölkəmizdə mövcud olan 20 növ sürünəndən 16-sına məhz burada rast gəlinir.

Axar-Baxarı gözəlləşdirən, onu ziyarətçilərin, turistlərin, bioloq, zooloq alimlərin maraq dairəsinə, dəyişməz ünvanına çevirən əsas amillərdən biri Azərbaycanın üçüncü böyük çayı olan Qanıq çayıdır. Adını Qarapapaqlara bağlı Qanıqoğlu türk tayfasından alan Qanıq çayı vadisi boyunca Tuqay meşəlikləri özünün zəngin ekosistemi, əsrarəngiz, füsunkar gözəllikləri ilə göz oxşayıb könül açır. Bir çox qiymətli balıq növlərinin Qanıq çayını özünə məskən etməsi onun dadlı, şirin sularını həyatın yaşam mənbələrindən birinə çevirmişdir.

“Ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi uğurla icra olunur

Heydər Əliyev Fondunun Vitse-prezidenti İDEA İctimai Birliyinin sədri xanım Leyla Əliyevanın mühüm layihələrindən biri olan Axar-Baxar Milli Parkının xüsusi qaydalarla qorunması heyvanat aləminin zənginləşdirilməsi ilə bağlı layihəsi çərçivəsində bu gün də yüksələn xətlə inkişaf edən Axar-Baxar Milli Parkı indi ölkəmizi zəngin flora və faunası, biomüxtəlifliyi, heyvanat aləmi ilə dünyada tanıdan gözəllik ünvanlarından birinə çevrilmişdir.

Heydər Əliyev Fondunun, İDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə “Ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində Axar-Baxar Milli Parkı ərazisində ceyranlar reintroduksiya olunub. Prezident İlham Əliyevin 14 iyul 2025-ci il tarixli sərəncamı ilə Samux, Yevlax və Qax rayonlarının ərazisində yaradılan 24 min hektar ərazini əhatə edən, 2025-ci il oktyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və sədri Leyla xanım Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyevanın iştirakı ilə açılışı olan unikal təbiət kompleksi Axar-Baxar Milli Parkında həmin gün təşkil edilən Ağacəkmə aksiyası çərçivəsində Eldar şamı, Qara şam, Cır şam, zeytun, Daş palıdı, Arizona sərvi və piramida sərv ağacları əkilib.

Ekosistemin, biomüxtəlifliyin qorunmasına dəstək və töhfə məqsədi ilə gerçəkləşdirilən bu layihə çərçivəsində Acınohur çölü ərazisinə 10 ceyranın, 2 çöl pişiyinin, 4 vəhşi quşun, o cümlədən 2 pərqunun, 1 bayqır qartalının buraxılması COP29-a ev sahibliyi edən Odlar Yurdu Azərbaycanın təkcə ekosistemə deyil, ümumbəşəri dəyərlər xəzinəsinə töhfəsidir.

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident İlham Əliyev Bakı Metropoliteni əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin