Bakı Bulvarı özünəməxsus ab-havası, küləyi, romantikası, “Mirvari”si, Saatlı qülləsi ilə hər bir insanın sevgi və xəyallar dünyasında yer alıb. Amma bu bulvar həm də bir mədəniyyət ocağının ən qədim ünvanıdır axı. Görünüşü ilə Avropa klassikasını xatırladan bu möhtəşəm memarlıq abidəsi Azərbaycan Dövlət Kukla Teatrının evi – həm Azərbaycanın mədəni irsinin, həm də memarlıq tarixinin canlı bir səhifəsidir.
Bir zamanlar “Fenomen” idi…
1900-cü illərin əvvəllərində dünyada, həmçinin Azərbaycanda sinematoqrafa çox böyük bir maraq vardı. İşgüzar insanlarda Bakıda da bu marağı görərək kinonun nümayişi üçün xüsusi bina tikmək ideyası yaranıb. Şəhər bələdiyyəsindən icazə alındıqdan sonra 1909–1910-cu illərdə salınmış Bakı bulvarının mərkəzində belə bir binanın inşasına başlanıldı. Lakin bir müddət sonra şəhər rəhbərliyi fikrini dəyişərək bu binanın insanların istirahətinə mane olacağı arqument gətirərək, tikintini dayandırır və göstəriş verir ki, sökülsün. Tikintinin bulvarın sonunda, “Qafqaz və Merkuri” şirkətinin anbarlarının yaxınlığında, yəni liman körpüsünə yaxın ərazidə aparılmasına qərar verildi.
Bu bina 1910-cu ildə, Bakı hələ neftin verdiyi zənginliklə sürətlə inkişaf etdiyi bir dövrdə inşa edilib. Layihənin müəllifi – fransız renessansı üslubunda işləmiş istedadlı memar İosif Ploşko idi. O dövrdə burada “Fenomen” adlı ilk səssiz kinoteatr fəaliyyətə başlamışdı. Memarlıq baxımından öz dövrünün ən müasir və texnoloji təchizatlı binalarından biri olan “Fenomen”in tamaşa zalında hava hər 15 dəqiqədən bir dəyişirdi, xüsusi ventilyasiya sistemi və ozonatorlarla təchiz olunmuşdu. Amma bu bina sadəcə kino evi olmadı – zamanla öz funksiyasını dəyişərək müxtəlif mədəni və ictimai fəaliyyətlərə ev sahibliyi etdi: burada kazino, Satiraqit fəhlə teatrı, Musiqili Komediya Teatrı, “Müdafiə” kinoteatrı və hətta Kənd Təsərrüfatı Muzeyi də yerləşdirilib.
“Fenomen”in ikinci həyatı: teatr, kino və muzeylər
“Fenomen” kinoteatrı və kazino kimi cəmi on il fəaliyyət göstərdi. 1921-ci ildə mühəndis Zivərbəy Əhmədbəyovun layihəsi əsasında binada bərpa işləri aparıldı və burada Dövlət Azad Tənqid və Təbliğ Teatrı (“Sətiragit”) yerləşdirildi. Daha sonra, 1932-ci ilə qədər bu binada Bakı Türk Fəhlə Teatrı və Musiqili Komediya Teatrı fəaliyyət göstərdi.
Müharibə illərində burada “Oborona” kinoteatrı, müharibədən sonra isə Azərbaycan Kənd Təsərrüfatı Muzeyi və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı fəaliyyət göstərdi. Nəhayət, 1965-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə bina Azərbaycan Dövlət Kukla Teatrının ixtiyarına verildi. Həmin ilin 20 sentyabrında Mirvarid Dilbəzinin “Gözəl Fatimə” adlı nağıl-pyesinin premyerası ilə bu əfsanəvi binanın tarixində yeni bir mərhələ başlandı.
Kuklaların dünyası – teatrın doğuluşu
Binanın teatrla bağlı həyatı isə 1970-ci ildən başlayır. Məhz bu ildən etibarən burada Azərbaycan Dövlət Kukla Teatrı fəaliyyət göstərir. Amma teatrın tarixi binadan daha qədimdir – 1931-ci ildə Mollağa Bəbirli tərəfindən əsası qoyulmuş bu teatr, ilk tamaşasını 1932-ci ildə “Sirk” adlı əsərlə göstərib. Müxtəlif illərdə (1931–1941, 1946–1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc tamaşaçılar teatrı (1941–1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının (1950-ci ildə) nəzdində fəaliyyət göstərsə də, 1965-ci ildən müstəqil teatr kimi fəaliyyətini davam etdirib. Teatrın həm Azərbaycan, həm də rus bölməsi var. İlk illərdə “Cırtdan”, “Nərgiz”, “Hacı Qara”, “Zorən təbib” kimi əsərlərlə yadda qalan teatr zamanla repertuarını daha da zənginləşdirmiş, 1975-ci ildən isə böyüklər üçün də tamaşalar səhnələşdirməyə başlayıb. “Göyçək Fatma”, “Qarınqulu Zürafə”, “Qar qız”, “Keçinin qisası”, “Pəri cadu” kimi tamaşalar illərlə azyaşlıların və ailələrin yaddaşında iz qoyub.
Memarlığın dili ilə danışan bina
Binanın xarici görünüşü həm incə memarlıq detalları, həm də monumental yanaşması ilə seçilir. İri ionik sütunlar, balyustradalar, attika üslubunda tamamlanan fasad, girişdəki pilləkənli portal və künclərdəki heykəllər – bunların hamısı binanı Bakının memarlıq xəritəsində bənzərsiz edən elementlərdir. Bu bina sənət məkanı olmaqla yanaşı, memarlıq sənətinin canlı muzeyidir.
Bu günün Azərbaycan Dövlət Kukla Teatrı
Hazırda Azərbaycan Dövlət Kukla Teatrı öz fəaliyyətini Azərbaycanın Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərliyi ilə uğurla davam etdirir. Teatr müasir dövrün tələblərinə uyğun tamaşalar hazırlayır, yeni nəslə həm əyləncə, həm də tərbiyə yönümlü tamaşalar təqdim edir. Eyni zamanda, teatrın tarixi binası da əsaslı şəkildə təmir olunaraq, öz estetik gözəlliyini və funksionallığını qoruyub saxlayıb. Teatr binasından tutmuş hər bir əməkdaşına kimi səmimi, mehriban və canayaxındır.
Xanım Aydın