Mingəçevirdə aparılan qazıntılar zamanı bir dini məbədin qalıqları arasından tapılan, elm aləmində Alban kapiteli adını alan, arxeoloqlar tərəfindən V-VI əsrlərə aid edilən abidələr Vətən tarixi üçün xüsusi əhəmiyyətə malikdir
Ulu Tanrı yer üzünü bircə “Ol!” kəlamından yaratdı, qəlbi dağları, bol sulu çayları, yaşıl yaylaqları Oğuz oğlunun yaddaş yerinə çevirdi. Daş yaddaşından, Qaba ağac sevdasından, Bozqurdun nurundan gələn türklər mifoloji dünyasında onların adına əfsanələr yaratdı. Daşı, tuncu yonub, sadaqlardan ox sıyırıb İç Oğuzun, Dış Oğuzun dastanını “Kitabi-Dədə Qorqud”a “Oğuznamələr”ə gətirdi. Yazının deyil, daşın yaddaş olduğu dövrlərdə isə, ruhunu, duyğusunu, sevgisini daşa köçürdü. Daşdan kitab-lövhələr, qələmlər düzəltdi. Bu Tanrının Şərqdə niqabını qaldırıb, səma kitablarını mələklərin qanadında Yer üzünə endirib Peyğəmbərlərin ruhundan cücərtdiyi zamanlardan çox-çox öncə idi. Daşı daşa döyəndə səs çıxaran, nida salan, daşı çaxmağa çevirib ocaq qalaya, “Çaxmağı çax, çırağı yandırmamışam!”, “Bu qala daşlı qala, çınqıllı, daşlı qala!” nidası ilə qalalar hörən türklər, daşa tapınmaqla Tanrıya qüdrətin, əzəmətin gözü ilə baxdılar. Onu həm də, əski çağ dəyərlərinin, mədəniyyətin, musiqinin beşiyi bildilər. İnsan oğlu gözünü bir də onda açdı ki, dünyanın ilk tədris mərkəzi, rəsm qalereyası olan Qobustanın Qayaüstü abidələrinin qoynunda həm də, sonralar davulu qavala dəyişən türklərin “Qaval daşı” adında müqəddəsliyi var. Qobustandakı Cingirdağın yanında Mezolit dövrü qaya rəsmləri ilə yanaşı, “Qaval daşı” adlanan böyük bir daşın mövcudluğu da dediklərimizin əyani sübutudur. Bu müqəddəs daşı əl, yaxud hər hansı bir cismlə döyəclədikdə, qaval səsi verir. Bu səbəbdən də sənətşünaslar, musiqişünaslar, elm tarixinə bir cümləni həkk etdilər: “Bu daş parçası ulu əcdadların zərb musiqi aləti olub.” Qəlbi dağların başında, zirvəsində tonqal çatıb, müqəddəs ruhları çağıran, dağ ruhlarına, Tanrı dualarına tapınan türklər qamların, şamanların dünyasında üzünü qavala söykəyib. Sonra, davulu qavala dəyişən dünyanın “Muğam” adlı möcüzəsi yaranıb. Qurani-Kərimin muğam sədaları ilə mələklərin qanadında yer üzünə endirilib Məhəmməd Peyğəmbər əleyhissəlamın ruhundan cücərtdiyini isə bu gün dilindən, dinindən asılı olmayaraq, kimsə inkar etməyib. Ulu Tanrının iradəsi ilə Günəşin Şərqdən doğduğunu, niqabını qaldırıb 124 min Peyğəmbəri xəlq etdiyini inkar etmədiyi kimi.

İbtidai insanların ilk yaşayış məskənləri olan mağaralar da daşdan idi
Daş insan həyatında ən qədim və təbii müqəddəsliklərdən biri sayılır. Daşla ibtidai insanlar özlərinə yemək əldə etmiş, məişət əşyaları düzəltmişlər. İbtidai insanların ilk yaşayış məskənləri olan mağaralar da daşdan olmuşdur. Qadınların ilkin bəzəyi, ilkin qələm və lövhə də daşdan hazırlanmışdır. İnsanda rəsm qabiliyyəti və estetik zövqün inkişafında da daş böyük rol oynamışdır. Azərbaycanda daşdan düzəldilmiş və üstü bəzədilmiş daş abidələrin tarixi uzaq keçmişlərə təsadüf edir.
Oyma, yonma, cızma üsulu ilə daş üzərində həkk olunmuş təsvirlərin ən qədim nümunələrinə hələlik alimlərimiz Ordubaddakı Gəmi qaya abidəsində, Abşeron, Mərdəkan, Şüvəlan kəndlərindəki abidələrində, Qobustan qayaları üzərində rast gəlmişlər.

Daş üzərindəki bəzəklər əsasən nəbati, həndəsi, quş, heyvan rəsmləri təşkil edirdi
Arxeoloq alimlərimiz burada əski çağ mədəniyyətinə aid ibtidai daş və metal alətlər vasitəsilə təsvir edilmiş üç mindən artıq insan, heyvan, məişət əşyaları, doğma xarakterli rəsmlər aşkara çıxarmışlar. Araşdırmalar sübut edir ki, Qobustan qayaları üzərindəki təsvirlər icra olunduqları dövrdən asılı olaraq ölçü, kompozisiya və çəkilmə texnikasına görə bir-birindən fərqlənir. Bu təsvirlərin ən qədimləri daş dövrünün axırlarından başlayaraq tunc alətlərin və silahların meydana çıxdığı dövrlərdə həkk olunmuşdur. Bu dövrə aid edilən rəsmlər həcminin böyüklüyü, sxematikliyi, real proporsiyalardan kənar vəziyyətdə icrası ilə fərqlənir”. Təsvirlər arasında ov səhnələri ilə əlaqədar rəsmlər və xüsusilə vəhşi öküz, maral, keçi şəkilləri çoxdur. Bu da təsadüfi deyildir, çünki Azərbaycanın ərazisində yaşayan ibtidai insanların həyatında ovçuluq mühüm yer tuturdu. Qədim insanların həyatında ov əsas yaşayış mənbəyi olduğu üçün təsvir olunan kompozisiyalarda daha çox bu tip nümunələrə rast gəlinir.

Orta əsrlərdə kiçik zərgərlik nümunələrindən istifadə olunub
Arxeoloji qazıntılar zamanı əldə edilən materiallar sübut edir ki, ilk orta əsrlərdə Azərbaycanda daşdan əvvəlki dövrlərdə olduğu kimi təkcə tikinti işləri və məişət əşyalarının düzəldilməsi üçün yox, hətta ən kiçik zərgərlik nümunələrinin bəzəyində də geniş istifadə edilib. Daş üzərində olan bəzəklər öz texniki icrası cəhətdən xeyli zənginləşsə də, süjetli rəsmlərə, demək olar ki, təsadüf edilmir. “Daş üzərindəki bəzəkləri, oymaları əsasən, nəbati, həndəsi, quş, heyvan rəsmləri təşkil edirdi. Yaradılmış daş bəzəkləri arasında biz yerli ənənələrlə bağlı nəbati naxışlara X-XI əsrlərdə və sonralar, yəni islam dinin əhali arasında dərin köklər saldığı vaxtlar isə həndəsi naxışlara daha çox rast gəlirik”.

Tovuzun yaddaş yeri – Alban kapiteli, Tovuzquşu totemi
Oyma sənətindən, daş bəzəklərindən söz açarkən 1948-ci ildə Mingəçevirdə aparılan qazıntı işləri zamanı bir dini məbədin qalıqları arasında əldə edilmiş, elm aləmində Alban kapiteli adını almış abidəni xüsusi qeyd etməliyik. Arxeoloqlar tərəfindən V-VI əsrlərə aid edilən bu abidələr Vətən tarixi üçün xüsusilə əhəmiyyətə malikdir. Onun üzərində olan ornamental kompozisiyadan sonralar memar və kaşı ustaları uğurla istifadə etmişlər.
“Qabartma səpkisində yonulmuş bu abidənin yan üz tərəfində dik uzanan bir bitki ətrafında simmetrik səpgidə qurulmuş iki tovuzquşu fiquru təsvir olunmuşdur. Tovuzquşlarının hər ikisinin boyunlarından elə bil havada yellənən uzun baftalar asılmışdır. Alimlərin fikrincə ilk orta əsrlərdə bu baftalar simvolik məna kəsb edərək onu daşıyan quş və ya heyvanın müqəddəs olduğunu bildirirdi.
Tovuzquşunun keçmişdə müqəddəs sayılması, onun od və günəş ilahəsinin rəmzi olması haqda çox maraqlı məlumatlar vardır. Hələ VII-VIII əsrlərdə Mərkəzi Asiyada yaşayan türk xaqanlarının qəbulunda olan əcnəbi səyyahlar onların bu quşu müqəddəs sayaraq ona sitayiş etdiklərini bildirmişlər”.
Şeyx Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında da Bərdə hakimi əfsanəvi Nüşabənin sarayını süsləyən, ipək saplarla toxunan tovuzquşu təsvirlərindən söz açılır. Tovuzquşunun bu torpaqlarda müqəddəs bilindiyi haqqında məlumat verilir. Bu gün onun Tovuz rayonunun adında yer alması da şübhəsiz ki, əski çağ mədəniyyətinə münasibətin göstəricilərindən biridir.

Mingəçevirdə tapılan su, od, yel və torpaq müqəddəsliyini özündə ehtiva edən nümunələr mühüm əhəmiyyətə malikdir
Mifoloq, türkoloq, arxeoloq, folklorşünas alimlərin apardığı araşdırmalar sübut edir ki, insanlar uzaq keçmişdə kainatın varlığını təmsil edən “su, od, torpaq və hava” kimi dörd təbii ünsürün məhsulu olan bitkiyə sitayiş etmişlər. “Zaman dəyişdikcə bu, hər dövrün öz ideoloji və estetik xüsusiyyətlərinə uyğun olaraq müxtəlif forma və şəkillərdə olmuşdur. Məlum olduğu kimi keçmiş zamanlarda “Müqəddəs ağacı” Qaba ağac – palıd, zeytun, incil, sərv ağacı, bəzən isə hətta adi çiçək və ya yarpaq da təmsil etmişdir. Bitki müqəddəs xarakter daşıdığı üçün dekorativ-tətbiqi sənət növləri üzərindəki kompozisiyalarda həmişə diqqət mərkəzində olmuşdur. Bitki ətrafında simmetrik şəkildə verilən quş, heyvan, insan fiqurları isə adətə görə müxtəlif cinslərdən olmaqla yanaşı, butalar şəkilində təsvir edilmişdir”.
Şərəf Cəlilli